Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr yüksək səviyyədədir

Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr yüksək səviyyədədir

17.09.2009 [10:14]

Dövlət başçısı İlham Əliyev müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərini müqəddəs Ramazan bayramı münasibətilə qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərini müqəddəs Ramazan bayramı münasibətilə qəbul edib. Prezident İlham Əliyev səfirləri salamlayaraq deyib: “Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram və sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim səmimi təbriklərimi təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Mən çox şadam ki, Azərbaycanda müsəlman ölkələrini təmsil edən səfirliklərin sayı artır. Bu çox gözəl, əlamətdar bir haldır. Azərbaycan da öz növbəsində müsəlman ölkələrində səfirliklərinin sayını artırır və bu proses davam edir. ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir. Əlaqələr yüksək səviyyədədir və biz çalışmalıyıq ki, bu əlaqələri növbəti illərdə də hərtərəfli inkişaf etdirək, aramızdakı münasibətlər daha da güclü olsun. Həm siyasi və humanitar əlaqələrin, həm iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi bizim maraqlarımıza cavab verir.     Bildiyiniz kimi, bu il Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu, bizim üçün böyük şərəfdir. Mən çox şadam ki, Bakı bu şərəfli adı uğurla daşıyır. Bu müddət ərzində Bakıda İslam dünyasının həmrəyliyinin gücləndirilməsi üçün çoxsaylı tədbirlər keçirilmişdir. Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda uğurla inkişaf edir. Eyni zamanda, biz beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik. Xüsusilə, BMT-də və İslam Konfransı Təşkilatında əməkdaşlığımız bizim üçün çox önəmlidir. Biz  müsəlman ölkələrinin dəstəyini daim hiss edirik. Bildiyiniz kimi, keçən il BMT Baş Məclisində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi müsəlman ölkələrinin böyük dərəcədə dəstəyi hesabına baş vermişdir. Biz də öz növbəmizdə bütün beynəlxalq tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda İslam həmrəyliyinin gücləndirilməsi üçün  addımlarımızı atırıq. Bizim üçün qardaş olan İslam ölkələrini bütün məsələlərdə dəstəkləyirik və bunu gələcəkdə də edəcəyik. İslam həmrəyliyinin gücləndirilməsi bizim üçün çox vacibdir. Azərbaycan ayrı-ayrı vaxtlarda İslam həmrəyliyinin gücləndirilməsinə xidmət göstərən müxtəlif tədbirlər keçirmişdir və biz bunu gələcəkdə də edəcəyik.
çalışmalıyıq ki, ölkələrimizin qarşsında duran vəzifələri birgə səylərlə həll edək və müsəlman ölkələri arasında əməkdaşlığı, həmrəyliyi, qarşılıqlı dəstəyi daha da gücləndirək. Azərbaycan xalqı hər birimiz üçün doğma, müqəddəs olan Ramazan bayramını bütün dövrlərdə qeyd edirdi. Ancaq Ramazan bayramı ölkəmiz müstəqilliyini əldə etdikdən sonra rəsmi bayram kimi qeyd olunur. Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra öz taleyinin sahibi oldu. Azərbaycanın müstəqilliyi bu gün daha da möhkəmlənir və ölkə qarşısında duran bütün məsələlər uğurla həll edilir. Mən çox şadam ki, Azərbaycan müstəqillik dövründə qardaş müsəlman ölkələri ilə çox səmərəli və qarşılıqlı surətdə faydalı əlaqələr qura bilmişdir. Əminəm ki, bu əlaqələr gələcəkdə daha da güclənəcəkdir. İkitərəfli münasibətlərdə səfirlərin rolu çox əhəmiyyətlidir, çox böyükdür. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm və Azərbaycan ilə ölkələriniz arasında ikitərəfli münasibətlərin inkişafı işinə verdiyiniz töhfələrə görə sizə öz minnətdarlığımı bildirirəm. Bir daha sizi bu gözəl bayram münasibətilə təbrik edirəm və dünyada yaşayan bütün müsəlman bacı-qardaşlarımıza öz səmimi təbriklərimizi göndəririk”.
İraqın Azərbaycandakı səfiri Ərşad ömər İsmayıl müsəlman ölkələrinin səfirləri adından dövlətimizin başçısını təbrik etmək üçün sözü özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmatilla Erqaşevə verib.
Səfir İsmatilla Erqaşev Azərbaycan Prezidenti İlham Əliyevi müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin səfirləri adından təbrik edərək deyib ki, bizim üçün müasir Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və ənənələrə malik olan, eyni zamanda, gələcəyə yönəlmiş, sürətlə inkişaf edən, böyük imkanlara sahib, perspektivlərini aydın görən ölkədir: “Əminəm ki, Azərbaycanın əldə etdiyi bütün əhəmiyyətli və nəzərəçarpan nailiyyətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri, bütün dünyada tanınan siyasi xadim Heydər Əliyevin əvəzsiz rolu olduğunu söyləməklə hamımızın ümumi fikrini bildirmiş olaram. Biz Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan dinamik islahatların gedişini, uğurlu dəyişiklikləri böyük maraq və rəğbətlə izləyirik”.
Prezident İlham Əliyev: “Sağ olun, təşəkkür edirəm. çox sağ olun”.
Sonda görüşdən yadigar olaraq xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1135 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31