Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yenilik, müasirlik güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır

Yenilik, müasirlik güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır

26.09.2009 [20:53]

Dövlət başçısı İlham Əliyev yenidənqurma işlərindən sonra istifadəyə verilən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olub
Dünən Azərbaycan Prezidenti İlham Əliyev yenidənqurma işlərindən sonra istifadəyə verilən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət İncəsənət Muzeyinə gəliblər.
Məlumat verilib ki, XIX əsrin sonlarında tikilmiş binada ayrı-ayrı dövrlərdə müxtəlif idarə və təşkilatlar yerləşib. İncəsənət Muzeyi kimi fəaliyyətə başladıqdan sonra çox sayda qiymətli sənət əsərlərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı xeyli artırıb. Zaman keçdikcə nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurəti yaranıb.
2006-cı ilin iyulunda Prezident İlham Əliyev muzey binasının vəziyyəti ilə tanış olandan sonra dövlətimizin başçısının göstərişi ilə burada yenidənqurma və təmir işlərinə başlanıb. Əvvəllər binada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Hazırlanan layihəyə əsasən üçmərtəbəli binanın bütün mühəndis-texniki qurğuları əsaslı şəkildə yenidən qurulub.
Dövlətimizin başçısına məlumat verilib ki, bu qədim binanın fasadı əvvəlki memarlıq üslubunu saxlamaqla yenilənib, cilalanmış gülbax daşlarla Bakının tikinti  arxitekturasına uyğun üzlənib. On yeddi mindən çox eksponatın saxlandığı muzeydə boyakarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri var.
Prezident İlham Əliyev və xanımı binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıblar. Dövlətimizin başçısı yenidən qurulması nəzərdə tutulan muzey kompleksinin layihəsi ilə də tanış olub. Qeyd edilib ki, muzeyin bir binasını digəri ilə birləşdirən şüşə konstruksiyalı keçid inşa ediləcək. Təmir ediləcək digər bina üç yerüstü və iki yeraltı mərtəbədən ibarət olacaq. Yeraltı mərtəbələrdə bərpa emalatxanaları və əsərlərin saxlanılması üçün xüsusi bölmələr yerləşəcək. Birinci mərtəbədə texniki otaqlarla yanaşı, 90 yerlik kafe də fəaliyyət göstərəcək. Min kvadratmetr ərazini əhatə edəcək ikinci mərtəbədə sərgi zalları yaradılacaq. üçüncü mərtəbədə isə sərgi zalları ilə yanaşı, 100 yerlik kino zalı fəaliyyət göstərəcək. Layihəyə əsasən muzey kompleksinə yenidən qurulan bina, keçid, həmçinin təmiri nəzərdə tutulan əsas bina daxil olacaq.
Yenidənqurma işləri başa çatmış binanın zirzəmi qatı fondlar üçün nəzərdə tutulub. Burada kiçik heykəllər, müxtəlif metal əşyalar, arxeoloji qazıntılar zamanı tapılan eksponatlar  saxlanılacaq. Muzeyin fondu isə ikinci korpusda yerləşəcək.
Birinci mərtəbə sağ və sol qanadlardan ibarətdir. Sağ qanadda XVIII əsrin sonları - XX əsrin əvvəllərini əhatə edən rus rəssamlıq məktəbi nümayəndələrinin əsərləri nümayiş olunur. Zalda tanınmış fırça ustası V.Vereşşaginin 1872-ci ildə çəkdiyi “Bakının dənizdən görünüşü” əsəri diqqəti xüsusi cəlb edir.
Sol qanadda isə Avropa incəsənətinin nümunələri sərgilənib. Burada XVIII-XIX əsrlərə aid keramika nümunələri ilk dəfədir ki, nümayiş olunur. Muzeydəki dəyərli əsərlərdən biri  sonuncu rus imperatriçası Aleksandra Fyodorovnanın Qarabağ xalçası üzərində təsviri olan əsərdir. Orta əsrlərə aid heykəltəraşlıq nümunələri, habelə intibah dövrü müəlliflərinin əsərlərinin məharətlə işlənilən surətləri də bu ekspozisiyanı zənginləşdirir.
İkinci mərtəbə Azərbaycan sənətkarlarının ekspozisiyasından ibarətdir. Ekspozisiyada Mirqədim İrəvani, Əlibəy Hüseynzadə kimi müxtəlif üslublu sənətkarların əsərləri var. Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə və Mikayıl Abdullayevin yaradıcılığını əhatə edən ayrıca zallar fəaliyyət göstərir. Burada heykəllər qalereyası da yaradılıb. Qalereyada 20-dən çox əsər təqdim olunur. İkinci mərtəbədə 100 nəfərlik konfrans salonu və xalçaların nümayiş olunduğu zal da fəaliyyət göstərir. Muzeydə xalqımızın milli geyimləri, Qurani-Kərimin qədim nəşrləri, orijinal mis qablar da nümayiş olunur. Əzim Əzimzadənin, Bəhruz Kəngərlinin əsərlərinin nümayiş edildiyi zallar ilə tanış olan dövlətimizin başçısına audiogid göstərilib. Bu aparatda məlumatlar rəqəmli formatda  saxlanılır. Muzeyin qonaqları audiogid vasitəsilə burada nümayiş olunan əsərlər barədə 25 dildə geniş məlumat əldə edə bilərlər.
Digər zallarda müasir Azərbaycan incəsənətinin görkəmli nümayəndələri olan Baba Əliyev, Ələkbər Rzaquliyev, Böyükağa Mirzəzadə, Əyyub Məmmədov, Nadir Qasımov, Oqtay Sadıxzadənin əsərləri nümayiş olunur. Burada Zərifə xanım Əliyeva, Niyazi, Şəmsi Bədəlbəyli, Natəvan və Azərbaycanın digər görkəmli nümayəndələrinin portretləri sərgilənir. Muzeydə dünya şöhrətli  rəssamımız Tahir Salahovun əsərlərindən ibarət zal da var.
üçüncü mərtəbədəki ekspozisiyada avanqard üslubunda əsərlər nümayiş etdirilir. Burada Azərbaycanın müasir incəsənətinin tanınmış nümayəndələri - Cavad Mircavadov, Rasim Babayev, Altay Sadıxzadənin əsələrindən ibarət ekspozisiya mövzu rəngarəngliyi ilə seçilir. Ekspozisiyanın iki zalında isə rus avanqard cərəyanının nümayəndələrinin əsərləri toplanıb. Bu əsərlər ilk dəfədir ki, muzeydə sərgilənir. Məlumat verilib ki, binanın damında müasir mühəndis-texniki qurğular yerləşdirilib, mərkəzi havalandırma, videomüşahidə, yanğın əleyhinə, həmçinin təhlükəsizlik sistemləri quraşdırılıb. Muzeydə müasir standartlar səviyyəsində qurulan mərkəzləşdirilmiş tozsorma və işıqlandırma şəbəkəsi də yaradılıb. Binada inzibati otaqlarla yanaşı, internet zalı və zəngin kitabxana da fəaliyyət göstərir.
Dövlətimizin başçısı və xanımı kompyuter otağına baxıblar, zəngin kitabxana ilə tanış olublar. Prezident İlham Əliyev binada aparılan yenidənqurma və tərtibat işlərini yüksək qiymətləndirərək deyib: “çox gözəl iş görmüsünüz və İncəsənət Muzeyi yüksək səviyyədə təmir olunub. İndi muzeyin yeni həyatı başlayır. Bu tarixi binada çox gözəl əsərlər nümayiş etdirilir. çox şadam ki, muzeyin əsaslı təmiri yüksək keyfiyyətlə aparılıbdır. Hər halda, bizim muzeyimiz dünyanın aparıcı muzeylərindən geri qalmır. Ona görə də mən inşaatçıların işini çox yüksək qiymətləndirirəm. Muzeyin təmirində və kolleksiyanın hazırlanmasında iştirak etmiş bütün insanları salamlayıram və öz minnətdarlığımı bildirmək istəyirəm.
Muzeyin yenidən açılması bir də onu göstərir ki, Azərbaycan dövləti öz incəsənətinə çox böyük qiymət verir. Burada nümayiş etdirilən əsərlərin bir hissəsi anbarlarda saxlanılırdı. Gözəl sənətkarlarımızın əsərləri, demək olar ki, nümayiş etdirilmirdi. Şərait yox idi. Ancaq belə gözəl şərait, şəhərin mərkəzində, tarixi binada Azərbaycan sənətkarlarının əsərlərinin nümayişi Azərbaycanın potensialını göstərir, Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu göstərir. Bununla bərabər, tanınmış rəssamların dünya miqyasında böyük əhəmiyyətə malik olan əsərləri də burada nümayiş etdirilir. Bu muzey bizim böyük dəyərimizdir. Muzeyin demək olar ki, təmirinin birinci hissəsi başa çatmışdır. Növbəti mərhələdə başqa binanın təmiri nəzərdə tutulur. çox gözəl, müasir giriş hissəsi tikiləcəkdir. Burada həm Azərbaycanın, Bakının memarlıq üslubundan istifadə olunub və bütün bu memarlıq elementləri saxlanılır, eyni zamanda iki gözəl binanın ortasında gözəl müasir şüşəli giriş hissəsi tikiləcəkdir. Bu da bugünkü Azərbaycanın rəmzidir, müasirlik, yenilik və tarixi keçmişimizə olan münasibətdir. Bu ərazidə belə gözəl elementlərin mövcudluğu bir də onu göstərir ki, biz bu yolu getməliyik. Metronun İstiqlaliyyət küçəsində yerləşən “İçərişəhər”  stansiyasının yeni görkəmi də bunun təzahürüdür. Müasirlik, gözəllik qədim Qala divarının fonundadır. Əslində, bu anlayış bugünkü Azərbaycanın inkişafını təcəssüm etdirir. Yenilik, müasirlik güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır. Bir daha sizi muzeyin yenidən açılışı münasibətilə təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzulayıram. Sağ olun”.


Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31