Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib

VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib

04.12.2009 [09:38]

Olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edirlər
Dünən Bakıda, “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici ölkələrdən gəlmiş alimlər iştirak ediblər. İştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilib və elan edilib ki, olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilir. Olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edirlər.
Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə keçirilir. Tədbir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlanıb. Təbrik məktubunu  Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxuyub.
Məktubda bildirilir ki, ölkəmizdə “Uşaq ili” elan edilmiş 2009-cu ilin belə nüfuzlu beynəlxalq tədbirlə yekunlaşması olduqca fərəhli bir hadisədir. Bizim üçün ən vacib meyarlardan biri uşaqların, yeniyetmələrin sağlamlığı, onların təhsili və layiqli vətəndaş kimi formalaşmasıdır. Elm və təhsil gələcək tərəqqinin ən mühüm amili kimi respublikamızda xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu gün peşəkar milli kadrlarımızın bilik və bacarıqları sayəsində ölkəmizdə uğurlu islahatlar, yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Gələcəkdə görəcəyimiz işlər də məhz bugünkü yeniyetmə və gənclərimizin əldə edəcəyi bilik, bacarıq, təcrübə və onların tətbiqi sayəsində mümkün olacaqdır.
Məktubda daha sonra deyilir ki, Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu coğrafi məkanda, qədim Bakı şəhərində elmin işığına toplaşmaq, fizika, kimya, biologiya elmləri üzrə bilgilərinizi  sınamaq imkanı məhz siz yeniyetmələrə nəsib olmuşdur. Beynəlxalq Elm Olimpiadasında əldə edəcəyiniz qələbələr sizin üçün yaddaqalan hadisələrdən olacaqdır. Hər birinizə uğurlar, qələbə sevincləri, yeni elmi naliyyətlər arzulayıram.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, tarixin müxtəlif dövrlərində görkəmli alimlərimiz, filosoflarımız dünya elminin inkişafına öz töhfələrini vermişlər. Müasir dövrdə də məşhur alimlərimiz öz elmi ixtiraları və kəşfləri ilə dünya elminə xidmət etməkdədirlər. Prezident İlham Əliyevin yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini xüsusi vurğulayan nazir deyib ki, ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı gənclərin elmə marağının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daim önəm verir.
A.Rəhimov deyib ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilib. Olimpiadanın təşkilat və elm komitələri yaradılmış, icra strukturu təsdiq edilib. Daha sonra 60-dan artıq ölkəyə rəsmi dəvət məktubları göndərilib. Olimpiada haqqında ətraflı məlumatlar əldə etmək məqsədi ilə rəsmi internet səhifəsi (www.ijso2009.az) hazırlanıb istifadəyə verilib.
Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə olimpiadaya yüksək səviyyədə hazırlıqla bağlı işçi qrupu yaradılıb, tədbirin loqotipi və şüarı təsdiq edilib. İl ərzində olimpiadaya gələn qonaqların qarşılanması, tədbir və gəzintilər zamanı müşayiət edilməsi üçün 100-dək könüllü müəyyənləşdirilib, onlar üçün xüsusi təlimlər təşkil  olunub.
Azad Rəhimov deyib ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevriləcək. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olacaqlar.
Bakıda, gözəl məkanda gəncləri salamlamaqdan məmnunluğunu vurğulayan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev deyib ki, intelektli, savadlı yeniyetmələrin əhatəsində olmaq  xoşdur... Bu gənclərin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. İnanıram ki, olimpiada iştirakçıları Azərbaycandan vətənlərinə çox böyük təəssüratla dönəcəklər...
H.Paşayev bildirib ki, yeniyetmələr arasında elm olimpiadasının fizika, kimya və biologiya fənləri üzrə keçirilməsi təsadüfi deyil. Biz bu fənləri fundamental elm olaraq müəyyənləşdirmişik. çünki bu fənlər istənilən elm sahəsinin bünövrəsində durur. Hər bir millət, cəmiyyət bu sahələrə diqqət yetirməlidir.
Azərbaycan Prezidentinin elm sahəsinə, təhsilə, xüsusilə də gənclərin hərtərəfli inkişafına daim diqqətlə yanaşdığını deyən Hafiz Paşayev indiki yarışmanın bu cəhətdən son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. Bu olimpiada bilikli gənclərin üzə çıxarılmasında, onların inkişafında xüsusi əhəmiyyət kəsb edəcək. İnanıram ki, bu gənclər olimpiada üçün seçilmiş elm sahələrinə töhfə verəcəklər. Bu olimpiada onların gələcək uğurları üçün də olduqca əhəmiyyətlidir.
Olimpiadanın Elm Komitəsinin rəhbəri kimi sizi əmin edə bilərəm ki,  biz bu yarışmanı çox ciddi qəbul edirik. Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə  tapşırıqları hazırlanıb. Alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edilib.
Hər bir iştirakçıya uğurlar arzulayan Hafiz Paşayev deyib ki, burada qalib gəlmək məqsəd deyil, əsas məqsəd iştirak etmək, dostlar tapmaq və öz biliyini artırmaqdır.
VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq tədbirin iştirakçı ölkələr arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, olimpiadanın iştirakçıları Bakıdan öz vətənlərinə xoş təəssüratlarla qayıdacaqlar. M.Gintinq Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsilə, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Natiq bildirib ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir. Növbəti olimpiada Nigeriyada keçiriləcək. Beləliklə, olimpiada bütün qitələri əhatə edəcək. M.Gintinq iştirakçıların yaş həddinin 15 olmasına aydınlıq gətirərək vurğulayıb ki, əsas məqsəd şagirdlərdə texniki fənlərə maraq oyatmaqdır. Yuxarı sinif şagirdləri bu olimpiadadan ali məktəblərə imtahansız daxil olmaq imkanı qazanmaq üçün istifadə edirdilər. Biz də iştirakçıların yaş həddini azaltmaq qərarına gəldik.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib ki, bu olimpiada yeniyetmələr, gənclər və gənc alimlər üçün olduqca əhəmiyyətlidir. Bu elm olimpiadası iştirakçılara öz biliklərini sınamağa imkan yaradır və gələcəkdə ixtisaslı kadrların yetişməsinə təkan verir. Şübhəsiz, bu olimpiadanın iştirakçıları olan yeniyetmələr həyatlarını elmə həsr edəcək və öz ölkələrinin tərəqqisi naminə yorulmadan fəaliyyət göstərəcəklər.
AMEA-nın prezidenti olimpiadanın Bakıda keçirilməsinin iştirakçıların Azərbaycanla yaxından tanışlığı, xüsusilə də dövlətlərarası əməkdaşlığın daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Təhsil naziri Misir Mərdanov deyib ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. M.Mərdanov, həmçinin, qeyd edib ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaq.
Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam edib.
Olimpiadaya dekabrın 11-də yekun vurulacaq.
Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31