Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sahibkarlar insanların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə dəstək verməlidirlər

Sahibkarlar insanların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə dəstək verməlidirlər

13.01.2010 [09:14]

Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan iş adamları rəhbərlik etdikləri müəssisələrdə ölkə vətəndaşlarının hüquqlarını tam şəkildə müdafiə etməlidirlər
Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında dayanır. Bu da səbəbsiz deyil. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin iqtisadi və sosial həyatdakı göstəriciləri, indikatorları ötən illərlə müqayisədə dəfələrlə artıb. Məhz bunun nəticəsi olaraq son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, minlərlə müasir texnika ilə təchiz olunmuş istehsal obyektləri fəaliyyətə başlayıb, 900 minə yaxın yeni iş yerləri yaradılıb, ölkənin strateji valyuta ehtiyatları 20 milyard dolları keçib, yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə düşüb. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artıb.
ötən il dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhranın güclü təsiri əksər ölkələrin iqtisadiyyatında tənəzzüllə müşahidə olunduğu halda, Azərbaycanda iqtisadi artım 9 faizdən çox olub, sənaye istehsalı 9 faiz artıb, inflyasiya 2 faizdən aşağı olub. Bu dövrdə orta aylıq əməkhaqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8 faiz, adambaşına düşən gəlirlər 8,4 faiz yüksəlib.
Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır...
Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar siyasətinin uğurlu akkordları isə ölkəmizin həm infrastruktur simasında, həm də insanlarımızın sosial rifah halının yüksəlməsində özünü qabarıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, Azərbaycanın əldə etdiyi uğurları, nailiyyətləri, eyni zamanda, beynəlxalq təşkilatlar da, dünyanın nüfuzlu jurnalları, KİV-ləri də təsdiqləyirlər.
Dünya Bankının 2008-ci ildə məhz Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etməsi də deyilənləri təsdiqləyir. Bununla yanaşı, bildirək ki, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun, maliyyə bazarının mükəmməllik səviyyəsi və digər mühüm meyarlar əsasında 2009-2010-cu illər üçün hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Həmçinin, bir çox nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanın sürətli inkişafında bazar iqtisadiyyatının inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahəsində həyata keçirilmiş tədbirlərin böyük rolu olduğu qənaətindədirlər.
Xatırladaq ki, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində (“Biznesin aparılması - 2010: çətin vaxtda islahatlar”), (“Doing Business-2010”) Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutub. Hesabatı tərtib edən ekspertlərin fikrincə, biznes sahəsində son islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verib.
özəl sektorun tərəqqisi dövlətin prioritetlərindəndir...
Bazar iqtisadiyyatı şəraitində yaşayan dövlətlərin əsas prioritetlərindən biri məhz özəl sektoru inkişaf etdirmək, sahibkarlıq fəaliyyətini genişləndirmək, stimullaşdırmaq və sahibkarlıq subyektlərinin qarşısında duran süni maneələri aradan qaldırmaqdır. Azərbaycanda da bu təcrübə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursda öz əksini tapıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq özəl biznes fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılıb, bütün imkanlardan istifadə edərək milli sahibkarlığın inkişafına lazımi dəstək göstərilib.
Son illər qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Prezident İlham Əliyev sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırıb. Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, “bir pəncərə” sisteminin tətbiq olunması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilib. Bunun nəticəsidir ki, hazırda, Azərbaycanda iqtisadiyyatın 85 faizi özəl sektorda cəmləşib...
Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı qeyri-neft sferasının inkişafı və sahibkarlara dövlət dəstəyi məsələsi çərçivəsində həyata keçirilmiş işlər bir daha sübut edir ki, özəl sektorun inkişafı dövlətin prioritetlərindəndir. Belə ki, 2009-cu ilə kimi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yerli sahibkarlara 400 milyon dollara qədər kredit verilib. Böhranın olmasına baxmayaraq, ötən il 2000-dən artıq sahibkarlıq subyektinə daha 120 milyon manat kredit ayrılıb ki, bu da 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,4 dəfə çoxdur. 2009-cu ilin 9 ayının yekunlarına görə, regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 74 yeni müəssisənin tikintisi başa çatdırılıb, 173 müəssisənin tikintisi davam etdirilib. Ayrılmış kreditlər hesabına 7 mindən çox yeni iş yerinin açılması, qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, fermerlərə subsidiyalar davam etdirilib, güzəştli şərtlərlə gübrə verilib, kənd təsərrüfatının inkişafı üçün lazım olan digər tədbirlər görülüb.
Göründüyü kimi, Azərbaycanın sürətli iqtisadi inkişafı əhalinin sosial rifah halının yaxşılaşması, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsini təmin edən mühüm şərt olub və mütləq qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər bütövlükdə vətəndaşlarımızın sosial rihaf halının yüksəldilməsinə xidmət edir.
Dövlət siyasətinə xələl gətirən sahibkarlar...
Əlbəttə, dövlətin sürətli inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, maaşların artması, yeni iş yerlərinin günü-gündən çoxalması xaricdəki işçi qüvvələrin də diqqətini cəlb edir. Bu zaman ölkəyə müxtəlif adlar altında işləmək məqsədilə miqrantlar axını olur. Təbii ki, bu hal müsbət sayılır. Amma miqrantların sayının çoxalması və yerli vətəndaşların iş yerlərini tutması sonradan böyük problemlərə yol açır...
Bu gün Azərbaycan da miqrant məsələsi ilə üz-üzədir. Statistika göstərir ki, son illər Azərbaycana əcnəbi işçi qüvvəsinin axını artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2007-ci ildə 1783 nəfər əcnəbiyə fərdi iş icazəsi verilib ki, bu da 2006-cı illə müqayisədə 35 faiz çoxdur. 2008-ci ildə işləyən əcnəbilərin sayı 4450, 2009-cu ildə isə 81 ölkədən 5784 nəfər olub. Lakin miqrant problemi ilə üzləşmiş digər ölkələrin təcrübəsi göstərir ki, əmək bazarında çalışan əcnəbilərin sayı rəsmi statistik göstəricilərdən artıq olur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2008-ci ildə ölkəyə 1 milyon 400 min, 2009-cu ilin 9 ayında isə 1 milyon turist gəlib. ölkəyə başqa ad altında, məsələn, turist kimi gələn əcnəbilər sonradan müxtəlif sahələrdə işləməyə başlayır və müvafiq dövlət orqanında qeydiyyata düşmürlər. Bunu nəzərə aldıqda, Azərbaycanda da əmək miqrantlarının sayının rəsmi göstəricilərdən artıq olduğunu bildirməyə əsas yaranır...
Amma təəssüflə qeyd etməliyik ki, son illər bəzi sahibkarlar yaradılmış əlverişli şəraitdən sui-istifadə edir, öz məqsədlərini həyata keçirmək, daha çox gəlir əldə etmək üçün əhalinin məşğulluğunun artırılması sahəsində dövlət siyasətinə xələl gətirən addımlar atırlar. Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək şirkətlər, həmçinin, yerli sahibkarlar gəlirlərini artırmaq üçün xaricdən daha ucuz, kvalifikasiyasız, qeyri-peşəkar işçi qüvvəsinə üstünlük verməyə başlayıblar.
Sahibkarlar istər tikinti, istərsə də xidmət sahəsində çindən, Mərkəzi Asiya ölkələrindən, Türkiyədən, Gürcüstandan gəlmiş miqrantların ucuz əməyindən istifadə etməklə vətəndaşlarımızın əmək hüquqlarını pozurlar. Yəqin ki, bu halın əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə necə mənfi təsir göstərdiyini demək artıqdır. Maraqlıdır ki, mövcud qanunvericiliyə görə, başqa ölkə vətəndaşları qeyri-qanuni işə cəlb edilərsə, onda o, Azərbaycandan deportasiya olunur və deportasiya ilə bağlı xərclər işəgötürən tərəfindən ödənilir. İnzibati Xətalar Məcəlləsinə görə, əgər əcnəbi fərdi icazə alınmadan işə cəlb olunarsa, işəgötürən 35 min manat cərimə edilə bilər. Buna baxmayaraq, bu məsələ ilə bağlı bu günə qədər bir nəfər də Azərbaycandan deportasiya olunmayıb.
Əlbəttə, həmin sahibkarlar xaricdən işçi qüvvəsi cəlb edə bilər. Amma bütün bu işlər rəsmi qaydada aparılmalıdır və balans qorunmalıdır ki, ölkənin mövcud siyasətinə hər hansı zərər gəlməsin.
ölkəyə axışan böyük sayda miqrantlar ordusu cəmiyyətdə bir sıra problemlər yaratmaqla yanaşı, kriminogen vəziyyətə də təsir edirlər. Bu günlərdə çinlilərin törətdikləri cinayət miqrantlarla bağlı işdə dönüşün olması üçün vacib siqnal sayılmalıdır. çünki həm Avropada, həm də ABŞ-da miqrantların bütövlükdə yaratdıqları problemlər hər kəsə bəllidir.
Sahibkarlar dövlətin maraqlarını şəxsi maraqlarına qurban verməməlidirlər...
Beləliklə də, həm dövlətin sahibkarlıq fəaliyyətinin qurulması, stimullaşdırılması işi ilə yanaşı, özəl sektorun subyektlərinin şəxsi maraqları naminə atdığı addımlara səthi də olsa, nəzər saldıq. Son olaraq onu da qeyd edək ki, dövlətimizin yürütdüyü uğurlu sosial-iqtisadi siyasətə xələl gətirməmək, vətəndaşlarımızın əmək, məşğulluq hüquqlarını pozmamaq üçün sahibkarlar dövlət maraqlarını şəxsi mənafeləri naminə qurban verməməlidirlər.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1103 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31