Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev nümunəsi

Heydər Əliyev nümunəsi

13.01.2022 [10:00]

Lider və taleyüklü məqamda tarixi, mənəvi-siyasi məsuliyyət

Nurlan QƏLƏNDƏRLİ

Son zamanlar dünyanın bir sıra regionlarında və ölkələrində baş verən hadisələr, o cümlədən Qazaxıstan olayları bir çox məsələləri yenidən aktuallaşdırdı və aydınlaşdırdı. Bu səpkidə iki məqama xüsusi diqqət yetirilir. Birincisi, susqunluq sindromu, ikincisi isə kritik məqamlarda - xalq üçün taleyüklü məsələlərdə liderin mənəvi-siyasi və tarixi məsuliyyəti üzərinə götürməsi, güclü iradə nümayiş etdirməsidir.

Qazaxıstan hadisələrindən bəhs edən ekspertlər qeyd edirlər ki, 30 il ərzində ölkəni idarə edən, müasir Qazaxıstanın təməlini qoyan, dövlətin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ qazanan, “millət lideri” (Elbasi) titulunu daşıyan Nursultan Nazarbayevin nəinki tarixi məsuliyyəti öz üzərinə götürməməsi, hətta susması anlaşılmaz və qəribədir. Fərqli fikirlər səsləndirən sosial şəbəkə istifadəçiləri isə bu reallıq fonunda liderin siyasi məsuliyyəti üzərinə götürməsi ilə bağlı Azərbaycanla əlaqədar müqayisələr aparırlar. Xüsusilə də, Heydər Əliyevin müxtəlif tarixi dövrlərdə mənəvi-siyasi məsuliyyəti üzərinə götürərək və vacib təşəbbüslərlə çıxış edərək xalq və dövlət qarşısında milli vəzifəsini yerinə yetirməsinə nəzər salınır. Bunlardan biri də 1990-cı il 20 yanvar hadisələri zamanı və ondan sonra Heydər Əliyevin xalqın Öndəri kimi birmənalı, qətiyyətli mövqe ortaya qoyması, xalqın taleyini bölüşməsidir.

20 Yanvar hadisələri haqqında xüsusi arayış verməyə ehtiyac yoxdur, sadəcə olaraq qeyd etmək lazımdır ki, bu, Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biridir. Keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. Keçmiş sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquq və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi.

Ən dəhşətli faktlardan biri isə o zaman respublikamıza “rəhbərlik” edən qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları idi. Bu, bir daha sübut etdi ki, bəhs olunan qüvvələr kölgə altında - kölə psixologiyası ilə yaşayırlar. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi. Bu, bir həqiqət idi ki, o zamankı respublika rəhbərliyi, hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilin iyununa qədər faktiki olaraq heç bir tədbir görülmədi.

Yeri gəlmişkən, Qazaxıstan olaylarında olduğu kimi, 20 yanvar hadisələri zamanı da susan təkcə siyasətçilər deyildi. O vaxt Qərb dairələri susqun - loyal yanaşma ortaya qoyur, dəqiq, birmənalı və konkret mövqe sərgiləmirdilər. Kollektiv Qərb - istər Avropa, istərsə də ABŞ daim humanizm prinsipini, insan hüquqlarının qorunmasını və beynəlxalq hüququn təmin olunmasını üstün tutduğunu iddia etsə də, bu, 20 Yanvar faciəsinə münasibətdə özünü göstərməmişdi. Halbuki 20 yanvar hadisələri BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən, insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər...

Həmin qanlı hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev isə qanlı faciənin təşkilatçılarını, SSRİ hakimiyyətini dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı və günahkarların cəzalandırılmasını tələb edən bəyanat verdi. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı müdrik dövlət xadimi Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”. Bununla yanaşı, Heydər Əliyev 1991-ci il iyunun 19-da Kommunist Partiyasının sıralarından çıxmaqla bağlı SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubda həmin qanlı hadisələri də xatırlatmış, diqqəti yenidən 20 yanvar faciəsinə cəlb etmişdi.

O,  1993-cü ilin iyununda hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş iclasındakı çıxışında Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və ozamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını diqqətə çatdırdı. Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə - 20 Yanvar hadisələrinə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş oldu.

Bütün bunlar onu göstərir ki, Heydər Əliyev fenomeni həm də liderin tarixi və mənəvi-siyasi məsuliyyəti öz üzərinə götürməsi nümunəsidir. Bu faktlar və reallıqlar, eyni zamanda, Azərbaycan xalqının şanslı - xoşbəxt olduğunu təsdiqləyir. Ötən dövr ərzində xalqımızın keçdiyi yol da bunun ifadəsidir. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin timsalında güclü Lider güclü dövlət qurub - yaratmağa nail olub, məğrur xalqın öz milli mübarizəsini əzmlə və qətiyyətlə davam etdirməsini təmin və mümkün edib!

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31