Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Baydenin Varşava nitqinin geostrateji şifrələri...

Baydenin Varşava nitqinin geostrateji şifrələri...

27.03.2022 [23:11]

Heç nə əvvəlki kimi olmayacaq -  yeni geostrateji arxitektura formalaşacaq

Beynəlxalq medianın əsas gündəm mövzusu, şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsidir. Analitiklərin diqqət mərkəzində olan məsələlərdən biri Moskva ilə Qərb arasında informasiya-təbliğat və diplomatiya müstəvisində qarşıdurmanın şiddətlənməsi, tərəflərin hərbi-siyasi ritorikanı gücləndirməsidir. Xüsusilə də, Rusiya-NATO cəbhəsində toqquşma ehtimalı ilə əlaqədar səsləndirilən fikirlər tərəflərin yeni hədəflərini və qırmızı xətlərini müəyyənləşdirməyə imkan verir. 

ABŞ Prezidenti Cozef Baydenin Varşavada çıxışı zamanı toxunduğu məqamlar da bu baxımdan önəmlidir. Çünki Baydenin diqqətə çatdırdığı siyasi, iqtisadi və hərbi məsələlər, əslində, Vaşinqtonun və Qərb blokunun fəaliyyətinin geostrateji şifrələrini əks etdirir.   

Sanksiya müharibəsi – məqsəd nədir? 

ABŞ Prezidentinin fikirləri, ilk növbədə, Rusiyaya qarşı sanksiya  müharibəsinin hansı məqsəd və hədəfə xidmət etdiyini aydınlaşdırmağa imkan verir. Bayden “Rusiya iqtisadiyyatını ürəyindən vurduq. Daha çox özəl transmilli şirkətlər Rusiyadan çəkildi. Bir dollar artıq 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq. Sanksiyalar Rusiya Federasiyasını gücdən məhrum edir” ,- deyə söyləyib. Əlbəttə, məsələ təkcə Rusiyanın mövqeyini zəiflətmək qədər sadə və sıradan deyil. Görünən odur ki, Vaşinqtonun aparıcı rolu fonunda Qərb bloku – Avroatlantika cəbhəsi dünya iqtisadiyyatını yenidən tənzimləyir – yeni sistem qurur. Əsas planlardan biri Moskvanın geoiqtisadi autsayderə çevrilməsi – “Böyük iyirmilik”dən (G-20) uzaqlaşdırılmasıdır. Bayden bunun anonsunu hələ bir müddət əvvəl vermişdi. Sanksiya tədbirlərinin şiddətlənməsi isə prosesin son məqsədə çatana qədər davam edəcəyini göstərir. 

Təbii ki, bunun üçün xüsusilə Avropanın Rusiyadan enerji asılılığını azaltmaq, yaxud minimuma endirmək lazımdır. Avropa İttifaqı Şurasının prezidenti Cozef Borrell iki il ərzində bunu edəcəklərini söyləsə də, müəyyən suallar və şübhələr var. Bütün hallarda isə Vaşinqton alternativ planlar həyata keçirməklə bəhs olunan hədəfi reallaşdırmağa fokuslanıb. Xüsusilə də, Rusiyanın ənənəvi iqtisadi-ticari tərəfdaşlarla əməkdaşlığının zəiflədilməsi cəhdləri bu strateji planın yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Yeri gəlmişkən, mürəkkəb proseslər çərçivəsində Rusiya Avropanın enerji bazarında tam monopolistə çevrilməyə, ABŞ isə bir daşla iki quş vurmağa (həm Moskvanın təsir dairəsini zəiflətməyə, həm də "qoca qitə"ni təsir altına salmağa) çalışır. Yenidən güc mərkəzinə çevrilməyə cəhd edən Avropa isə II Dünya müharibəsindən sonrakı ən çətin - gərgin geostrateji situasiya ilə qarşı-qarşıyadır. Moskva ilə Vaşinqton arasında manevr imkanları məhdudlaş(dırıl)an Avropa İttifaqının taleyi isə, görünür, hələ öz əlində deyil.
Analitiklər yeni sistemin formalaşdırılması prosesinin təkcə Moskvanın dünya iqtisadiyyatında mövqeyinin zəiflədilməsi ilə məhdudlaşmayacağını söyləyirlər. Növbəti hədəf Çin ola bilər. 

Rusiya və NATO qarşı-qarşıya gələcəkmi?

Baydenin diqqət yetirdiyi məsələlərdən biri də Rusiya ilə NATO arasında mümkün – ehtimal edilən hərbi toqquşmadır. Son günlər Moskvanın Polşaya hücum edə biləcəyi ilə əlaqədar fikirlərin səsləndirilməsi fonunda Baydenin əsas mesajları məhz Varşavada diqqətə çatdırması da simvolik xarakter daşıyır. Bu, ilk növbədə, “Polşa NATO-nun, NATO isə Vaşinqtonun sözünü deyir, mövqeyini ifadə edir” ismarıcıdır. Digər tərəfdən, ABŞ Prezidenti Rusiyaya münasibətdə “NATO daxilində və kollektiv Qərb cəbhəsində fikir ayrılığı yoxdur” deməyə çalışır. Nəhayət, Varşavadan Moskvaya Vaşinqton tərəfindən verilən növbəti mesaj “aktiv müdaxilə etməsək də, müharibəyə hazırıq” tezisidir. Baydenin “Rusiya hər hansı bir NATO ölkəsinə müdaxilə etmək haqqında düşünməməlidir. Əks halda, NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə əsasən müvafiq addım atacağıq. Nəzərə almaq lazımdır ki, Qərb indi daha güclüdür və 100 mindən artıq ABŞ əsgəri məhz burada – Polşadadır” fikri bunu təsdiqləyir.  Lakin reallıq Baydenin ifadə etdiyi mövqe ilə üst-üstə düşmür. Ukrayna məsələsində həm NATO daxilində müəyyən fikir ayrılıqları var, həm də ABŞ ilə Almaniya və Fransa arasında ziddiyyətlər dərinləşir. Berlin və Paris xüsusilə enerji təhlükəsizliyi məsələsində Moskvanın təzyiqlərindən qorunmaq üçün Kreml ilə hərbi-strateji və siyasi qarşıdurmaya getmək istəmirlər. Moskva isə bu gerçəkliyi nəzərə alaraq hücum xarakterli mövqe nümayiş etdirir - geri çəkilmək niyyətində olmadığını söyləyir. Amma bütün hallarda ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və müəyyən təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir...

“Demokratiya” silahı: barmaqlar tətikdə - sırada kim var?

Cozef Bayden hələ seçki marafonu ərəfəsində, andiçmə mərasimində və “Demokratiya sammiti”ndə bir anons və ya mesaj vermişdi: “avtoritar rejimlərə qarşı mübarizə və ya dünyanın demokratikləşdirilməsi davam edəcək”. Təbii ki, bu, ilk baxışdan cəlbedici ideya və təşəbbüs kimi görünsə də, konkret geosiyasi planların tərkib hissəsidir. Mahiyyəti “bizim yanımızda deyilsinizsə - tabe olmursunuzsa və ya strateji planlarımızı dəstəkləmirsinizsə, demokratik deyilsiniz” formasındadır. Əlbəttə, bu iddia və ittiham rejim – hakimiyyət dəyişikliklərinin də həyata keçirilə biləcəyini ifadə edir. Bu gün Baydenin Varşavada səsləndirdiyi fikirlər də eyni məzmunda və xarakterdədir: “Biz son 30 ildə avtoritar rejimlərin yenidən dirçəldiyini görürük. Bu gün Rusiya da demokratiyanı boğur, qonşularına təhdid yaradır”. Görünən odur ki, “Rubikonu keçən” – geriyə yolu olmayan Rusiya müharibə seçimi və ya hərbi müdaxilə etməklə Vaşinqtonun “demokratiya” silahına tuş gələn qüvvələrdəndir. Eyni zamanda, Rusiyanın yeganə hədəf olmadığı görünür. “Son 30 ildə avtoritar rejimlərin yenidən dirçəlməsi”ndən bəhs edən Ağ Ev yeni ssenarilər tətbiq etməyə hazırlaşır. 

Hədəf Rusiyadır, yoxsa Putin?

Bu səpkidə daha bir maraqlı məqam Baydenin “Putin hakimiyyətdə qalmamalıdır” fikrində gizlənir. Bu bəyanat Birləşmiş Ştatların strateji planında dəyişiklik olduğunu göstərir. Çünki ABŞ rəsmiləri əvvəl bildirmişdilər ki, Putini hakimiyyətdən uzaqlaşdırmaq niyyətləri yoxdur. Ağ Ev “Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etməyib” ,-deyə bəyanat səsləndirsə də, ABŞ Prezidentinin çağırışı təsadüfi sayıla bilməz, yaxud sadəcə siyasi ritorika kimi görünmür. 

 Görünən odur ki, “denasifikasiya” adı ilə Ukraynada rejim dəyişikliyi etmək niyyətində olan (hərçənd ki, vaxtaşırı bunu istisna və inkar edən bəyanatlarla çıxış edib) Rusiya ova gedərkən ovlanmaq vəziyyətinə düşüb: indi Kremlə yönəlik rejim dəyişikliyi planı reallaşdırıla bilər. Bu isə “hədəf Rusiyadır, yoxsa Putin” sualını yenidən aktuallaşdırır. 

Müharibə nə qədər davam edəcək?

Bu gün müzakirə mövzusuna çevrilən məsələlərdən və cavabı axtarılan suallardan biri budur: müharibə nə qədər davam edəcək və ya nə vaxt bitəcək? Müxtəlif fikirlər səsləndirilir, fərqli proqnozlar verilir. Bayden isə konkret mövqe ifadə edib:  “Ayıq-sayıq olmalıyıq. Müharibə bir gündə və bir ayda bitməyəcək. Qalib tərəf tezliklə müəyyənləşməyəcək. İndi öhdəlik götürməliyik - uzun müddət ərzində bu mübarizədə iştirak etmək öhdəliyi. Çünki bu, uzunmüddətli prosesdir”. 
Doğrudur, bu çağırış daha çox müharibə dövründə fəaliyyəti və postmüharibə mərhələsinə  hazırlığı özündə ehtiva edir. Amma bütün hallarda prosesin uzunmüddətli olacağı ifadə edilir. Yəni Ukrayna üçün daha çox dağıntı – daha çox zərbə və zədə, Rusiyanın isə daha da zəiflədilməsi, iqtisadi, diplomatik-siyasi və hərbi-strateji cəhətdən çökdürülməsi. 

Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək”

Bu reallıqlar fonunda siyasi şərhçilərin ifadə etdikləri daha bir məqam NATO-nun Ukrayna üçün, Ukraynanın isə Rusiya üçün "geosiyasi tələ" olmasıdır. Bildirilir ki, qalib ssenarini yazan və oyunçuları prosesə cəlb edən “peşəkar tamaşaçı” - Qərb olacaq... O Qərb ki, Çini zəiflətməklə Asiyadan Avropaya doğru yeni geostrateji xətt formalaşdırmağa çalışır. Cozef Baydenin “Ukrayna heç vaxt Rusiyanın qələbəsi olmayacaq” fikri də bu baxımdan təsadüfi xarakter daşımır.

Nəticə etibarilə, bəşəriyyət yeni qlobal dəyişiklik ərəfəsində - dünya yeni nizam axtarışındadır. Görünən odur ki, Rusiya ilə Ukrayna arasındakı hərbi-strateji qarşıdurmadan sonra heç nə əvvəlki kimi olmayacaq -  yeni geostrateji arxitektura formalaşacaq. Bu isə yeni iqtisadi sistemin və yeni geosiyasi tənzimlənmə mexanizmlərinin yaradılması deməkdir.   Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın “Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək” fikri isə təsadüfi olmamaqla yanaşı, bu reallığın əyani ifadəsidir. Elə Baydenin Varşavadakı nitqinin geostrateji şifrələrində də bu gerçəklik öz əksini tapıb. 

Nurlan QƏLƏNDƏRLİ  
 

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31