Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni iş yerlərinin yaradılması – bu bir prosesdir

Yeni iş yerlərinin yaradılması – bu bir prosesdir

17.08.2022 [10:11]

Mübariz FEYİZLİ

Çox doğru olaraq əmək bazarı iqtisadiyyatların güzgüsü kimi də səciyyələndirilir. Bu və ya digər ölkədə iqtisadiyyatın kiçilməsi və yaxud böyüməsi əmək bazarında da adekvat proseslərlə nəticələnir. Əmək bazarı, eyni zamanda, çox vacib sosial indikator qismində çıxış edir. Məşğulluq imkanları artdıqca əhalinin həyat səviyyəsi də yüksəlir və vətəndaş məmnunluğu təmin olunur.

Bu kimi məqamlar nəzərə alınmaqla Azərbaycanda da əmək bazarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda həm köhnə iş yerlərinin qorunmasına həssas yanaşma sərgilənir, həm də bütün ölkə üzrə davamlı şəkildə yeni iş yerləri yaradılır. Prezident İlham Əliyev bu günlərdə İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə yeni iş yerlərinin yaradılmasının önəminə növbəti dəfə diqqət çəkib. Dövlətimizin başçısı bu xüsusda fikirlərini ifadə edərək vurğulayıb: “İş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.

Artan məşğulluq səviyyəsi

Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında reallaşdırlan islahatlar milli iqtisadiyyatımızın qarşısında geniş inkişaf üfüqləri açıb. Aparılan islahatların məntiqi nəticəsi olaraq son illərdə ölkədə neftdənkənar iqtisadiyyat, o cümlədən də özəl sektor üzrə yaxşı nəticələr əldə olunur. Qlobal iqtisadiyyatın ciddi ressesiyaya uğradığı  COVID-19 pandemiyasının pik dövründə milli iqtisadiyyatımız yüksək dayanıqlılıq nümayiş etdirdi və xarici mənfi təsirlərə müqavimət göstərmək gücündə oldu. 2021-ci ildə respublikamızda iqtisadiyyatın bərpası uğurla başa çatdı və cari ilin əvvəlindən inkişaf tendensiyaları özünü göstərməyə başladı.

 Biz pandemiyanın pik mərhələsində, sərt qapanmalar şəraitində ayrı-ayrı ölkələrdə iqtisadiyyatların kiçilməsi ilə paralel şəkildə, əmək bazarında da kütləvi ixtisarların aparıldığının şahidi olduq. İnsanların pandemiya səbəbindən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalan müəssisələrdəki iş yerləri, doğma kollektivləri ilə vidalaşmaları yaddaşlarda kədərli təəssüratlar kimi qalıb.

Azərbaycan isə burada da özünün sosial dövlət konseptindən çıxış edərək fərqli yanaşma sərgilədi. Belə ki, respublikamızda hökumət Prezident İlham Əliyevin tapşırıqları əsasında iş yerlərinə dəstək proqramını həyata keçirdi. Bu proqramın əsas qayəsi həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olmaqdan ibarət idi. Beləliklə, Azərbaycanda sərt qapanmalar şəraitində heç bir ixtisarlara yol verilmədi, müəssisələr, idarəetmə orqanları, şirkətlər fəaliyyətini dayandırsalar da, əmək haqqı fondu qorundu və əməkdaşlar aylıq maaşlarını aldılar.

Son 18 ildə respublikamızda iqtisadiyyatın davamlı olaraq genişlənməsi fonunda insanların əmək bazarına çıxış imkanlarının artması, məşğulluq səviyyəsinin yüksəlməsi davamlı prosesə çevrilib. Hazırda Azərbaycan dünya üzrə işsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ay ərzində işsizliyin səviyyəsi 5.88%-dən 5.78%-ə qədər azalıb. Məlumatda qeyd edilir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 334.3 min nəfərdir və onların 5 milyon 026.1 min nəfərini məşğul əhali təşkil edir. Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.5 min nəfər, qeyri-dövlət sektorunda isə 802.5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30.9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 675.1 min nəfər çalışıb.

2025-ci ilədək olan dövr üçün proqnozlar

Respublikamızda yeni iş yerlərinin yaradılmasının davamlı prosesə çevrildiyini həm aqrar sektorun, həm də sənaye inkişafının fonunda izləyə bilərik. Ölkəmizdə əhalinin 40 faizdən çoxu regionlarda yaşayır. Ölkə üzrə əmək bazarının inkişafında bu amil mütləq nəzərə alınır. Belə ki, dövlət bölgələrdə müasir infrastruktur qurmaqla, fermerlərə dəstək tədbirlərini gücləndirməklə iqtisadi fəaliyyət imkanlarını genişləndirir. Son illərdə regionlarda kənd təsərrüfatında əmək tutumu böyük, gəlir imkanları daha yüksək olan pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sahələr sürətlə inkişaf etdirilir, əkin dövriyyəsinə yeni torpaqlar cəlb olunur. Bütün bunların nəticəsi olaraq kənd yerlərində insanlar əmək bazarına asan çıxış imkanı qazanırlar. Bu proses ona gətirib çıxardıb ki, ölkə üzrə əmək qabiliyyətli insanların bölgələrdən paytaxt Bakıya və digər iri şəhərlərə axını səngiyib.

Aqrar sektorda iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması da ölkə üzrə əmək bazarının genişləndirilməsinə müsbət təsir göstərir. Bütövlükdə respublikamızda 51 aqroparkın yaradılması hədəflənib və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqust ayının əvvəlində “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər. Hər iki müəssisədə əsasən yerli sakinlərdən ibarət çoxsaylı kollektiv formalaşdırılıb. Dövlətimizin başçısı avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

Respublikamızda böyük əmək tutumuna malik sənayenin inkişafı da əmək bazarının genişləndirilməsində mühüm rol oynayır. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyir. Son illərdə ölkə üzrə Ümumi Daxili Məhsul istehsalında sənayenin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Respublikamızda ən yüksək inkişaf göstəriciləri, bir qayda olaraq, qeyri-neft sənayesində qeydə alınır. 2022-ci ilin əvvəlindən bəri qeyri-neft sənayesi üzrə istehsalda təxminən 15 faiz artım qeydə alınıb. Bu, hazırkı qlobal risklər və təhdidlər fonunda kifayət qədər yüksək göstəricidir və bütün dünya üçün nümunə sayıla bilər. Ölkədə hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyevdən gələn sənaye parklarının və məhəllələrinin yaradılması təşəbbüsü uğurla reallaşdırılır. İndiyədək ölkə üzrə   6 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 4 sənaye məhəlləsi (Sabirabad, Masallı, Neftçala, Hacıqabul) yaradılıb.  İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumatda bildirilir ki, indiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən də əmək qabiliyyətli insanların məşğulluğunun təmin olunması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. 2022-ci ilin yanvar-iyul aylarında 48243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 17640 şəxs münasib işlərlə təmin edilib.

Bütün bu kimi məqamlar respublikamızda perspektivdə işsizlik səviyyəsinin daha da aşağı düşəcəyini söyləməyə ciddi əsaslar yaradır. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanda əmək bazarının inkişafı ilə bağlı proqnozları da müsbətdir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırıb. Proqnoza əsasən, 2022-ci ildə ölkə üzrə işsizlik 5,0% (2021-ci il üzrə 5,7% göstərilib), 2023-cü il üzrə 4,9% təşkil edəcək. 2024 və 2025-ci il üzrə isə Azərbaycanda işsizliyin 4,7% təşkil edəcəyi proqnozlaşdırılır.

Özünüməşğulluq proqramı

Azərbaycanda həssas qruplardan və azgəlirli ailələrdən olan insanları əmək fəaliyyətinə cəlb etmək məqsədilə özünüməşğulluq proqramı reallaşdırılır. Proqram çərçivəsində müvafiq kateqoriyalardan olan insanlara Əmək və Əlalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri dəstək göstərilir. Layihələr kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edir. Qurum müraciət edənlərin layihələrini şəffaf şəkildə dəyərləndirərək onları aktivlərlə təmin edir. Beləliklə, azgəlirli ailələr də özlərinin gələcək həyatlarını qurmaq, gəlir əldə etmək imkanı qazanırlar. Nazirlikdən verilən məlumata görə, postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Bu görüşlərin nəticəsi olaraq 8000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər cari ildə də davam etdirilir. İlin əvvəlindən bəri 1000-dən çox şəhid ailəsinin üzvü və qazinin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib.

Ağalıda ilk ailə təsərrüfatları

44 günlük müharibədə Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərə artıq Böyük Qayıdış başlayıb. Böyük Qayıdışın ilk ünvanı isə Zəngilan rayonunun Ağalı kəndi oldu. İşğal dövründə erməni vandalları tərəfindən dağıdılan yaşayış məntəqəsi “Ağıllı kənd” konsepti ilə inşa olunub və burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Artıq kəndə üç onillik ərzində ağır məcburi köçkünlük taleyi yaşayan ailələrin köçürülməsinə başlanıb. Köçürülmə ilə paralel şəkildə insanların məşğulluğu üçün də müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülür. Bu günlə?də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçiriblər. Onlar Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıblar.

Kənd sakinlərinin bir hissəsi  əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər sakinlərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb.  Eyni zamanda, kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib və onlar üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq. Artıq prosesə start verilib və bir neçə ailəyə belə aktivlər təqdim olunub. Bundan başqa, kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31