Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə...

Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə...

24.08.2022 [08:01]

İlham Əliyev: Bizə saxta nailiyyət, qazanılmamış uğur lazım deyil!

Mübariz ABDULLAYEV

Son illərdə Azərbaycan idmanında, sözün əsl mənasında, yüksəliş dalğası müşahidə edilir. İdmançılarımız uğurlar seriyasını 2022-ci ildə də davam etdirirlər. Bu il əvvəlcə gənc güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib oldular. Bunun ardınca Azərbaycan milli komandası Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail oldu. Bu günlərdə isə Türkiyənin Konya şəhərindən xoş soraq gəldi. İdmançılarımız qardaş ölkədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla 99 medal qazanıblar. Bununla da Azərbaycan artıq tarixə dönən İslamiadada komanda hesabında 55 ölkə arasında 4-cü yerdə qərarlaşıb. Xatırladaq ki, respublikamız bu Oyunlara ən çox sayda -  282 idmançı ilə qatılmışdı.

İdmanda komanda kimi birlik

Konyada əldə olunan yüksək nəticələr Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Medallar 19 idman növü üzrə əldə olunub. Birinci yerdə güləşçilərin nəticələri gəlir - 8-i qızıl olmaqla 23 medal.  Onları 17 medal (8-i qızıl) qazanan gimnastlarımız izləyiblər.  Üçüncü yerdə qeyri-Olimpiya idman növü olan kikboksinq üzrə mübarizə aparan idmançılar gəlirlər. Onlar komandamızın aktivinə 3-ü qızıl olmaqla 15 medal yazdırıblar.

Güləşlə məsələ aydındır. Bu, respublikamızda tarixən populyar idman növüdür. Gənclər güləşlə məşğul olmağı çox sevirlər və bu sahədə yaxşı ənənələr formalaşıb. Qazanılan uğurlar da bunu bir daha təsdiqləyir.  Ancaq V İslam Həmrəyliyi Oyunlarında həm milli komandamızın say tərkibinin böyük olması, həm də idmançılarımızın müxtəlif, ölkəmiz üçün yeni sayıla biləcək idman növləri üzrə mübarizə apararaq yüksək nəticələr qazanmaları bütövlükdə idmanımızın yeni inkişaf mərhələsinə yüksəlməsindən xəbər verir.

Konyada əldə olunan nəticələr Azərbaycanın adına yazılan növbəti böyük idman uğurudur. Burada səbəb və nəticə bağlılığından söhbət açmaq lazım gəlir. Oyunlarda nəticə əldə etmiş idmançılar avqustun 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə keçirilən görüşdə son illərdə idman sahəsində, eləcə də İslamiadada uğurların qazanılmasında ölkəmizdə ardıcıllıqla həyata keçirilən dövlət idman siyasətinin rolunu xüsusi olaraq vurğuladılar. İdmançılarımız Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında özlərinin böyük hamilərini tapıblar. Cənab İlham Əliyev, belə demək mümkündürsə, ölkənin idman ailəsinə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməklə daxil olub. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, idman infrastrukturunun yenilənməsi, federasiyaların müasir prinsiplər əsasında təşkilatlanmaları, seleksiya işlərinin düzgün qurulması bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaratdı. Ölkədə idmana üz tutan gənclərin sayı sürətlə artmağa başladı. Yuxarıda bəhs etdiyimiz görüşdəki çıxışında dövlətimizin başçısı MOK-un rəhbərliyinə gəldikdən sonrakı dövrdə ölkəmizdə idman sahəsində qazanılan ən böyük uğura diqqət çəkib. Bu, MOK-un prezidenti İlham Əliyevin səyləri sayəsində ölkənin idman ictimaiyyətinin sarsılmaz həmrəyliyinə, komanda kimi birliyinə nail olunmasıdır. “Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.

Hər zaman idmançıların yanında

Dünyada dövlət başçısının beynəlxalq yarışlara yola düşən və yüksək nəticələrlə geri dönən idmançılarla görüşməsinə dair misalların sayı çox azdır. Azərbaycanda isə bu, bir növ ənənə halını alıb. Mötəbər beynəlxalq yarışlara qatılan idmançılarımız məhz birinci şəxsdən - dövlət başçısından xeyir-dua alırlar.  Vətənə nəticələrlə dönən idmançılarımızı isə hər dəfə Prezident İlham Əliyevdən, MOK-un rəhbərliyindən yüksək mükafatlar, dövlət təltifləri gözləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılıb.

Ölkənin ali rəhbərliyinin belə münasibəti, həmişə idmançıların yanında olması respublikamızda gözəl idman aurası formalaşdırır, daimi diqqət və qayğısı idmançılarımızı meydanlarda Azərbaycanın adını ucaltmaq naminə daha fədakar mübarizəyə ruhlandırır. Onların qələbəsinə isə yenə də hamıdan çox Prezidentin Özü və bütün Azərbaycan xalqı sevinir. Görüşdəki çıxışında Oyunlarda idmançılarımızın qazandıqları uğurların sevincini bölüşən Prezident İlham Əliyev vurğulayıb: “Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır”.

Qalib Azərbaycanın qalib idmançıları

Prezident İlham Əliyev Konyada yüksək nəticələr qazanan komanda üzvlərini qalib ölkənin qalib idmançıları kimi səciyyələndirib. Ümumiyyətlə, dövlətimizin başçısı son vaxtlarda idmançılarla müntəzəm xarakter alan görüşlərində 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə paralellər aparır.  Bu qələbə Azərbaycanın hər bir vətəndaşına sonsuz sevinc və qürur hissi bəxş edib. İndi biz alnıaçıq gəzirik. Prezident İlham Əliyev o fikri bölüşür ki, Vətən müharibəsindəki şanlı Qələbə idmançılarımız üçün həm  fəxarət mənbəyidir, həm də əlavə məsuliyyət deməkdir. “Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”, - deyə Prezident İlham Əliyev  Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən vurğulayıb.

Müharibənin nəticələri xalqımızın iradəsinin, gənclərin vətənpərvərliyinin, torpağa bağlılığının ifadəsidir.

Dünyanın böyük idman arenalarında qələbələr qazanan, Bayrğımızı ucaldan, Himnimizi səsləndirən idmançılar gənclərimiz üçün belə nümunələrdir. Gənclərimiz idman meydançalarında qələbələrə imza atan qalib idmançıların yolunu getmək istəyirlər. İdmançılarımızın qələbələri gəncləri məqsədləri uğrunda fədakarlıq, əzmkarlıq göstərməyə ruhlandırır.

Qələbədən də vacib ləyaqət, ədalət, feyr-pley qaydaları

Azərbaycan idmançılarının böyük dostu olan Prezident İlham Əliyev həyatda, apardığı siyasətdə həmişə ədalət mövqeyindən çıxış edir. Dövlətimizin başçısı bəhs olunan qəbulda yenə də müharibə tərəfləri olan Ermənistanın və Azərbaycanın davranışlarını müqayisə edib. Müharibə günlərində Azərbaycanın münaqişə bölgəsindən çox-çox uzaqda yerləşən yaşayış məntəqələri, dinc sakinlər, mülki infrastruktur düşmən tərəfindən ballistik raketlərlə atəşə tutuldu. Belə atəşlər nəticəsində aralarında uşaqlar, qocalar, qadınlar da olmaqla 100-dən çox dinc sakin həyatını itirdi. Bunlar düşmənin vəhşi, insanlıqdan kənar xislətinin ifadəsi idi. Ancaq Azərbaycan bütün bunların qisasını yalnız döyüş meydanlarında aldı. “Mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar”, - deyə dövlətimizin başçısı bildirib.

Oxşar hallar idman meydançalarında da yaşanır. Biz istər Budapeştdə, istərsə də Konyada hakimlər tərəfindən idmançılarımıza qarşı müəyyən qərəzli münasibətin, qeyri-adekvat qərarların verilməsinin şahidi olduq. Ancaq yola düşərkən Prezident İlham Əliyevin xeyir-duasını alan, tövsiyələrini dinləyən idmançılarımız heç vaxt qərəzə qarşı qərəz ortaya qoymadılar, təmkinlərini itirmədilər, məğlub etdikləri iştirakçılarla da mərhəmətli davrandılar. İdmançılarımızın belə davranışları son dərəcə qürurvericidir. Qəbulda bu xüsusda fikirlərini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir”.

Qarşıdakı hədəf növbəti Olimpiya Oyunlarıdır

İdmançılarımızın olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. İndiyədək müstəqil Azərbaycanın idmançıları olimpiadalarda 50-dən çox medal qazanmağa nail olublar. İdmançılarımız ən yaxşı nəticələri isə Rio-2016 Olimpiadasında  qazanıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən Olimpiadada  56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub.

Bundan başqa, Azərbaycan idmançıları 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarında, 2017-ci ildə yenə də Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında böyük uğurlara imza atıblar. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi  yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.

İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında  qazandıqları qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Xatırladaq ki, Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.

İndiyədək keçirilən olimpiadalarda, Birinci Avropa Oyunlarında, IV və V İslam Həmrəyliyi Oyunlarında və digər belə mötəbər yarışlarda  xalqımızı yüksək nəticələrlə sevindirən idmançılarımızın qarşısında isə iki ildən sonra keçiriləcək növbəti Olimpiya Oyunlarında daha parlaq qələbələrə imza atmaq hədəfi durur. “Oyunlardan sonra isə, əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”, - deyə Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında bildirib.

Mehriban xanım Əliyevanın idmana böyük qayğısı

Bu gün Azərbaycan idmanının inkişafından söhbət açarkən bu sahəyə  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısını da ayrıca  qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bir istiqaməti məhz idmanla bağlıdır. Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 2014-cü ilin iyununda isə  Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - XXX Avropa çempionatı keçirilib.  Bakıda keçirilən yubiley turnirində qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparıb.

Mehriban xanım Əliyevanın idmana qayğısı, həmçinin yüksək təşkilatçılıq bacarığı 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının və 2017-ci ildə yenə də Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə hazırlıq prosesində daha qabarıq şəkildə üzə çıxdı. Hər iki mötəbər Oyunlara hazırlıq işləri bilavasitə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilib.  Azərbaycan bu Oyunların keçirilməsində yeni yüksək standartlar müəyyənləşdirdi. Oyunlara hazırlıq çərçivəsində Mehriban xanım Əliyevanın fədakarlığı sayəsində ölkəmizin idman infrastrukturu yeniləndi, Bakıda müasir Atletlər kəndi inşa olundu. Əsas məqamlardan biri də hazırlıq prosesinə və Oyunların keçirilməsinə çoxsaylı könüllülər ordusunun cəlb edilməsi oldu. Bu təşəbbüs birbaşa Mehriban xanım Əliyevadan gəldi. Gənclərin könüllülər kimi Oyunların keçirilməsinə hazırlıq prosesinə cəlb olunmaları Azərbaycan cəmiyyətində xoş ovqat yaratmaqla yanaşı, gənclərin gələcək karyera yolunda da bir gözəl başlanğıca çevrildi. Qeyd etmək xoşdur ki, həmin könüllü gənclərin bir çoxu sonradan həyatlarını idmana bağladılar.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31