Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya üçün yeni rekordlar

Dünya üçün yeni rekordlar

28.09.2022 [09:52]

Növbədə Zəngilan hava limanıdır

Mübariz ABDULLAYEV

Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışın layiqli şəkildə təmin olunması postmüharibə dövründə qalib Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biridir. Üç onilliyi əhatə edən işğal dövründə təxminən 11 min kvadratkilometri əhatə edən ərazilərimizdə hər şey erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilib. Qalib Azərbaycan doğma torpaqlara sonsuz bağlılıq nümayiş etdirərək həmin əraziləri dirçəltmək və cənnətə çevirmək əzmindədir. Müharibənin başa çatmasından sonra ötən iki ildə burada reallaşdırılan çoxsaylı layihələr, geniş infrastruktur quruculuğu onu deməyə əsas verir ki, ölkəmiz qarşısına qoyduğu Böyük Qayıdış hədəfinə də tez və layiqli şəkildə çatacaq.

Qarabağ səmasında üç hava qapısı

İşğaldan azad edilmiş ərazilərdə müasir yanaşmalar əsasında reallaşdırılan layihələr sırasında bölgədə mükəmməl yol-nəqliyyat infrastrukturunun qurulması, o cümlədən Füzulidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası xüsusilə diqqət çəkir. Xatırlayırıq, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq səviyyəli hava limanının inşasının nəzərdə tutulduğunu bəyan etdi. İlk vaxtlarda dövlət başçısının bu anonsu heç də birmənalı qarşılanmadı. “Kiçik Qarabağda üç beynəlxalq səviyyəli hava limanının inşası nə dərəcədə səmərəlidir?”, “Bunun iqtisadi əsaslandırması varmı?” kimi suallar məqsədli şəkildə dövriyyəyə buraxıldı. Təbii ki, bəlli antimilli mərkəzlərin sifarişlərini yerinə yetirən radikal müxalifət düşərgəsinin təmsilçiləri bu xorda xüsusi bir fəallıq göstərirdilər.  Ancaq belə yanaşmaların özünün heç bir məntiqi və iqtisadi əsaslandırması yoxdur. Bəhs olunan ərazilərdə üç hava limanının inşası Azərbaycan üçün strateji önəm daşıyır. İlk növbədə, hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini qeyd etmək lazımdır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən relyef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək.

İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşasının önəmini şərtləndirən digər bir mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir. Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatın müddəalarına əsasən Azərbaycanın əsas hissəsi ilə üç onillik ərzində blokada şəraitində yaşamış Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı təmin olunacaq. Beynəlxalq səviyyədə Zəngəzur dəhlizi kimi qəbul edilən bu marşrut Naxçıvandan Türkiyəyə, oradan da Avropa məkanınadək uzanacaq. Söhbət, əslində, regionda yaranan yeni reallıqlardan, Xəzər-Qara dəniz hövzələri və daha geniş coğrafiyada formalaşacaq əlverişli, rəqabətqabiliyyətli daşıma-logistika-tranzit  imkanlarından gedir. Bu, bölgənin bütün dövlətləri üçün  böyük iqtisadi üstünlük deməkdir. Şübhəsiz ki, yeni reallıqların formalaşmasında Azərbaycanın rolu və mövqeyi aparıcıdır. Ölkəmiz Avrasiya məkanında cəlbedici nəqliyyat dəhlizinin formalaşmasında üstün mövqeyini mükəmməl infrastruktur yaratmaqla möhkəmləndirmək istəyir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək hava limanları yeni yaradılacaq Zəngəzur dəhlizinin çox mühüm halqalarını təşkil edəcək. Dünyanın dörd bir tərəfindən yeni aeroportlara çatdırılacaq yüklər buradan digər beynəlxaq səviyyəli marşrutlara istiqamətləndiriləcək.

Başqa aktual bir məsələ daxili daşımalarla bağlıdır. İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin genişlənməsi ilə əlaqədar oraya daha böyük həcmlərdə yüklərin çatdırılmasının zəruriliyi getdikcə artır. Hava limanları bu tələbatı qarşılayacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayacaq və yaxud Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ağdamı görmək, turist kimi bu yerlərə səfərlərə getmək istəyən insanlar üçün gediş-gəliş rahat, asan və əlçatan olacaq.

İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, həmçinin hərbi nöqteyi-nəzərdən də çox önəmlidir. Yeni tikilən aeroportlar sərhəd bölgələrimizə hərbi təyinatlı yüklərin operativ qaydada çatdırılmasını təmin edəcək. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə qatıldığı Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması mərasimindəki çıxışında işğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli hava limanlarının inşa olunmasının önəminə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”, - deyə vurğulayıb.

Zəngilan hava limanı

Belə görünür ki, Azərbaycan hava limanlarının inşasında bütün dünya üçün yeni rekordlar müəyyənləşdirəcək. Respublikamız 2021-ci il 26 oktyabr tarixində istifadəyə verilən Füzuli Hava Limanının inşasını cəmi 8 ay ərzində tamamlamağa nail oldu. İstənilən tip hava gəmisini qəbul etmək imkanlarına malik Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Növbədə isə Zəngilan Hava Limanının açılışı gəlir. Bu nəhəng infrastruktur obyektinin oktyabr ayının 20-də istifadəyə verilməsi nəzərdə tutulub. Zəngilan Hava Limanının təməlini Prezident İlham Əliyev 2021-ci il aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində qoyub. Hava limanında tikinti işlərinə ötən  ilin may ayında başlanılıb. Əvvəlcə ərazi minalardan, partlamamış hərbi sursatlardan təmizlənib. Paralel olaraq təmizlənmiş sahələrdə Azərbaycanın AZVİRT şirkəti tərəfindən uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına başlanılıb və sahəsi 60 min kvadratmetr olan  perronun, uzunluğu 600 metr olan sükan yolunun tikintisinə start verilib. Artıq bütün bu işlərin icrası tamamlanıb.  Eyni zamanda, sahəsi 5 min kvadratmetr olan terminal binasının inşası yekunlaşıb. Hava limanının elektrik enerjisi ilə təminatı üçün uzunluğu 10 kilometr olan 35 kVA-lıq hava xətti çəkilib, gücü 1000 kVA olan transformator yarımstansiyası quraşdırılıb. Fasiləsiz elektrik enerjisi üçün əlavə olaraq gücü 1000 kVA olan generator alınıb. Hava limanının istilik təchizatı üçün qazanxana binası da inşa olunub, su ilə təchiz olunması üçün dərinliyi 250 metrə çatan artezian quyusu qazılaraq istifadəyə verilib. Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işləri 100 faiz tamamlanıb. Hazırda infrastruktur obyektinin istifadəyə verilməsi üçün son tamamlama işləri həyata keçirilir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılıb. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

Təhlükəsizliyə verilən yüksək təminatlar

Zəngilan Hava Limanı təhlükəsizliyə dair beynəlxalq standartlar nəzərə alınmaqla inşa olunub. Burada uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamaları uğurla reallaşdırılıb. Uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir. Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.

Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib. Bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası və müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb. Beynəlxalq standartlara uyğun olaraq hava limanında quraşdırılan müasir avadanlıqlar uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə imkan verir.

ZZE abreviaturası nəyi ifadə edir?

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Zəngilanda yeni inşa edilən hava limanına üçhərfli beynəlxalq kod təyin edilib - ZZE. Müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair  konfransında (IATA Passenger Services Conference) qəbul edilib. Bəs bu abreviatura nəyi ifadə edir? Hava limanına təyin edilmiş unikal kod (ZZE) şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb.

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovağzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə  istifadə olunur. Xatırladaq ki, daha əvvəl ICAO Zəngilan Beynəlxalq Hava Limanına UBBZ - dördhərfli kodu təyin edib.

Uğurla keçən ilk uçuş

Şərqi Zəngəzurun ilk, Qarabağın ikinci hava qapısı olan Zəngilan Hava Limanına ilk sınaq uçuşu sentyabrın 9-da uğurla baş tutub. Bəhs olunan tarixdə ən böyük sərnişin təyyarəsi sinfindən olan  “Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.

Bütövlükdə, Zəngilan Hava Limanı bütün növ təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub. Perronda eyni vaxtda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq.

Hava limanında sərhəd nəzarətinə hazırlıq

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində Azərbaycan qonşu İranla 132 kilometr, eləcə də Ermənistanla 500 kilometr uzunluqda dövlət sərhədlərini bərpa etməyə nail oldu. Dövlət Sərhəd Xidmətinin (???) rəisi Elçin Quliyevin KİV-ə verdiyi məlumata əsasən,  işğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti təşkil edilib. DSX rəisi əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 106 km məsafədə yeni yollar çəkilib, 225 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1556 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev 2021-ci ilin 26 aprel, 4 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərdə işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin açılışına şəxsən qatılıb və Özünün dəyərli tövsiyələrini verib.

Oktyabr ayında açılışı gözlənilən Zəngilan Beynəlxalq Hava Limanında da dövlət sərhəd xidməti yüksək səviyyədə təşkil olunacaq. DSX rəsmisi bildirib ki, hazırda Zəngilan Hava Limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür.

Azərbaycan-Türkiyə qardaşlığının daha bir ifadəsi

İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının araya-ərsəyə gətirilməsini həm də Azərbaycan-Türkiyə qardaşlığının  daha bir ifadəsi kimi səciyyələndirə bilərik. Füzulidə Qarabağın ilk hava qapısının istifadəyə verilməsi mərasiminə iki ölkənin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə qatıldılar. Ənənə bu dəfə də pozulmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Hava Limanının açılışına qatılacağını bildirib. Bu onu göstərir ki, iki qardaş ölkənin liderləri çətin anlarda da, sevincli günlərdə də daim bir yerdədirlər. Yeri gəlmişkən, onu da vurğulayaq ki, qardaş Türkiyənin şirkətləri işğaldan azad olunmuş ərazilərdə bir sıra digər infrastruktur obyektlərinin yaradılmasında olduğu kimi, Zəngəzur Hava Limanının inşasında da Azərbaycan şirkətləri ilə bərabər çalışıblar. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündəki çıxışında Türkiyə şirkətlərinin işğaldan azad edilən ərazilərin bərpasında iştirakından məmnunluğunu bildirərək vurğulayıb: “Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər”.

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30