Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hədəf 20 milyard kubmetr qaz ixracıdır

Hədəf 20 milyard kubmetr qaz ixracıdır

28.10.2022 [09:54]

Mübariz ABDULLAYEV

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasını uğurla həyata keçirən Azərbaycan qısa müddətdə qlobal enerji bazarında özünün layiqli yerini tutmağa nail olub. Hazırda respublikamız Avropa üçün yeni enerji mənbəyi hesab olunur. Deyə bilərik ki, ölkəmiz qısa müddətdə qoca qitənin enerji xəritəsini əslində yenidən formalaşdırıb. Diversifikasiya edilmiş müasir ixrac infrastrukturuna malik olması Azərbaycanın önəmini daha da artırır. Məlumdur ki, mövcud geosiyasi reallıqlar fonunda istehsalçılar və istehlakçılar neft-qaz amilindən bir-birlərinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirlər ki, bu da onlar üçün ciddi çətinliklər yaradır. Xəzərdə zəngin karbohidrogen resurslarına malik Azərbaycan isə belə manipulyasiyalardan uzaqdır. Ölkəmizin enerji siyasəti ədalət prinsipinə əsaslanır və ardıcıl səciyyə daşıyır. İndiyədək elə bir fors-major halı olmayıb ki, transmilli şirkətlərlə imzalanmış müqavilələrin hansısa bir bəndi respublikamız tərəfindən pozulsun. Buna görə də Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələr respublikamızla enerji sektorunda əməkdaşlıqdan məmnundurlar və bu əməkdaşlığı genişləndirmək istəyirlər. Öz növbəsində təchizatçı ölkə olan Azərbaycan da buna hazırdır. Prezident İlham Əliyev bu günlərdə dost Gürcüstana uğurla baş tutan işgüzar səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında bildirib ki, biz yeni layihələr haqqında düşünürük.

BTC ilə ixrac artırılacaq

Müstəqil Azərbaycanın tərəfdaşlarla enerji sektorunda əməkdaşlığının təməli 1994-cü ildə qoyuldu. Müstəqilliyimizin ilk illərində xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorunda yerləşən yataqların işlənməsinə dair müəyyən müzakirələr aparılsa da, ölkə daxilindəki hərc-mərclik, hakimiyyətə olan inamsızlıq investorları ölkəmizə sərmayələr yönəltməkdən çəkindirirdi. Onlar öz sərmayələrinə təminatlar istəyirdilər. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra respublikamızda sabitlik bərqərar oldu. Zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər transmilli şirkətlərlə danışıqları bərpa etməyə və onları sərmayələrinin qorunacağına inandırmağa nail oldu. Beləliklə, 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib. Belə ki, 1997-ci ilin sonlarında Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. Lakin açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın yeni ixrac boru kəmərlərinə ehtiyacı var idi. Qısa müddətdə respublikamız iki strateji neft boru kəmərinin inşasına nail oldu. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu alternativ kəmərlə dünya bazarlarına çıxarılıb. 2002-ci ildə Ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Bununla da Azərbaycan qətiyyət göstərərək Avropanın enerji təchizatı mənbəyini və marşrutunu şaxələndirməyə nail oldu. Hazırda BTC Azərbaycan neftinin Avropa bazarlarına çatdırılmasında əsas marşrut qismində çıxış edir. Bu kəmərlə həmçinin Xəzərin digər sahillərində yerləşən ölkələrin də hasil etdikləri neft daşınır. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 27 milyon 505,2 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox neft nəql olunub. Nəqletmənin 78,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib və cari ilin doqquz ayı ərzində bu kəmərlə 21 milyon 688,4 min ton neft nəql edilib. Dövr ərzində BTC ilə 3 milyon 580,3 min ton tranzit nefti də ötürülüb. Perspektivdə isə BTC ilə daha çox həcmdə neftin daşınması nəzərdə tutulub. “Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qoca qitəyə mavi yanacaq tədarükü

Mavi Xəzərin Azərbaycan sektoru neftlə bərabər, qaz ehtiyatları ilə də zəngindir. Ölkəmizin enerji strategiyasının ikinci mərhələsi də məhz nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən iki ilə yaxındır ki,  Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç dövlətinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib. Azərbaycanın ixrac potensialı isə daha böyükdür. Perspektivdə ixrac həcminin artırılması və qoca qitəyə daha çox həcmdə mavi yanacaq tədarük edilməsi nəzərdə tutulur. Bundan ötrü ilk növbədə Cənub Qaz Dəhlizinin genişləndirlməsi üzrə layihələrin icrası təmin edilməlidir. Hazırda Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın illik ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Dəhlizin Avropa hissəsi adlandırılan TAP-ın isə illik ötürücülük imkanları 10 milyard kubmetrdir. Genişləndirmə layihələri həyata keçirildikdən sonra bu göstəricilər müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan mənbə və investor ölkə olaraq yeni sərmayə layihələrinə qoşulmağa hazırdır. Avropaya əlavə mavi yanacaq tədarükü ilə bağlı planlara diqqət çəkən Prezident İlham Əliyev “Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq”, - deyə bildirib.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31