Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2022-ci ilin siyasi xəritəsi

2022-ci ilin siyasi xəritəsi

31.12.2022 [10:10]

Azərbaycanın bir-birini tamamlayan daxili və xarici siyasət kursu

Mübariz ABDULLAYEV

Müstəqillik yaşı üç onilliyi əhatə edən Azərbaycan uğurlu dövlət kimi inkişaf edir. Ölkəmiz, xalqımız hər il yeni-yeni uğurlara sevinir. Əlamətdar haldır ki, respublikamızın inkişafı hərtərəfli səciyyə daşıyır. “Yeni Azərbaycan”ın dünənki sayında dərc olunan yazımızda 2022-ci ilin iqtisadi yekunlarına nəzər saldıq. Son gününü yaşadığımız 2022-ci ildə ölkəmizin siyasi həyatında hansı mühüm hadisələr baş verib, beynəlxalq əlaqələrimiz necə inkişaf edib?

Siyasi konfiqurasiyanın yeni dizaynı

Müstəqil Azərbaycanın siyasəti demokratik prinsiplər üzərində qurulub. Ölkəmizin siyasi mühiti rəngarəngliyi ilə fərqlənir. Hazırda respublikamızda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Əsas məqamlardan biri ondan ibarətdir ki, siyasi partiyaların sayı çox olsa da, onlar ümummilli məsələlərdə bir qayda olaraq ortaq məxrəcə gəlir və vahid mövqedən çıxış edirlər. Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. 44 günlük Vətən müharibəsi günlərində  Azərbaycanın taleyi həll olunurdu, desək, yanılmarıq. Söhbət 30 il ərzində işğalçılıq siyasəti aparan Ermənistanın növbəti təxribatlarının qarşısının alınmasından, ölkənin ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Həmin günlərdə ölkənin, bütün xalqımızın ürəyi cəbhədə gedən döyüşlərlə döyünürdü. Vətən müharibəsi günlərində Azərbaycanın siyasi həyatında yer alan 50 partiyanın təmsilçiləri vahid mövqe sərgilədilər, bəyanat qəbul edərək Prezident, Ali Baş Komandan İlham

Əliyevin yanında olduqlarını, Ona dəstək verdiklərini bildirdilər. Bu, ölkənin, xalqın milli gücünün toparlanması, vahid amal uğrunda birləşməsi demək idi. Bütün dünya gördü ki, Azərbaycan cəmiyyəti ölkənin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi uğrunda yumruq kimi birləşib və mübarizəyə qalxıb.

Təbii ki, zaman ötdükcə tələblər dəyişir və qarşıya yeni çağırışlar çıxır. 2022-ci ildə respublikamızda “Siyasi patiyalar haqqında” yeni qanun qəbul edildi. Yeni qanunun qəbul edilməsi tarixi zərurət idi. Çünki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunmuşdu. Ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını şərtləndirirdi. Beləliklə, parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Yeni qanun layihəsi hazırlandı və müzakirələrə çıxarıldı. Müzakirələr mərhələsində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu. Bütövlükdə, qəbul edilənədək qanun layihəsinə 110 düzəliş edilib. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi və yeni qlobal çağırışlar nəzərə alınmaqla hazırlanaraq qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanun ölkəmizdə siyasi partiyaların fəaliyyətinin səmərəliliyinin artmasına geniş imkanlar açır. Deyə bilərik ki, respublikamızda siyasi konfiqurasiyanın dizaynında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu proses uğurla irəliləməkdədir.

Hakim Yeni Azərbaycan Partiyasının yubiley tədbiri

2022-ci ilin ən mühüm siyasi hadisələrindən biri, heç şübhəsiz ki, noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirinin keçirilməsi oldu. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə 1992-ci ildə yaranıb.

YAP-ın yaranması

1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O dövrdə mövcud olan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Belə bir vəziyyətdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər

Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

YAP yarandığı tarixdən cəmi altı ay ötəndən sonra ölkənin hakim partiyasına çevrildi. Bu, xalqın partiyanın lideri Heydər Ə?iyevə böyük inamının təzahürü idi. Ötən 30 ildə Azərbaycanın imza atdığı möhtəşəm uğurlar YAP-ın liderlərinin-əvvəlki mərhələdə ulu öndər Heydər Əliyevin, son 19 ildə isə Prezident İlham Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Siyasi varisliyin təmin olunması respublikamızın uğurlu inkişafının mühüm amilinə çevrilib. YAP ölkənin siyasi həyatında lokomativ və birləşdirici amil qismində çıxış edir. Təsadüfi deyildir ki, partiyanın yubiley tədbirinə ölkədəki müxtəlif siyasi qüvvələrin təmsilçiləri də qatıldılar.

Azərbaycanın multiregional xarici siyasət kursu

Özünün iqtisadi və siyasi müstəqilliyini təmin edən Azərbaycan, eyni zamanda regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir etmək imkanlarına malik ölkəyə çevrilib. Qısa müstəqillik tarixində respublikamızın əksər nüfuzlu beynəlxalq təşkilatların sırasında yer alması, BMT TŞ-n?n qeyri-daimi üzvü seçilməsi son dərəcə böyük uğurlardır. Respublikamız son illərdə mötəbər beynəlxalq tədbirlərin, forumların, idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan inamının ifadəsidir. Əsas məqamlardan biri ondan ibarətdir ki, iqtisadi müstəqilliyini tam təmin edən ölkə olaraq Azərbaycanın xarici siyasət kursu hansısa beynəlxalq mərkəzlərin diktəsi ilə deyil, Bakıda Prezident İlham Əliyevin iradəsi əsasında verilən qərarlarla müəyyənləşdirilib. Bu siyasi kursda milli maraqlarımızın qorunması və dolğun şəkildə təmin olunması qırmızı xətt kimi keçir.

Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu fəal xarici siyasət kursunu 2022-ci ildə də uğurla davam etdirib. Prezident İlham Əliyevin diplomatik fəallığı  multiregional və strateji xarakterlidir, böyük coğrafiyalarda Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir. Azərbaycanın 2022-ci il üzrə xarici siyasətinin əsas istiqamətlərini və əldə olunmuş nəticələri belə qruplaşdırmaq mümkündür:

1. 2022-ci ildə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlər ilə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı diqqət mərkəzində saxlanıb.

2. Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərib və beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin və inkişafın bərqərar edilməsinə sanballı töhfələr verib.

3. Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.

4. Respublikamız postmüharibə dövründə səmərəli diplomatik fəaliyyət həyata keçirib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, sülh prosesinin irəliləməsini, kommunikasiyaların bərpasını davamlı şəkildə təşviq edib.

5. Beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işləri davam etdirilib.

6. Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyası, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsi həyata keçirilib.

7. “Şuşa İli” çərçivəsində genişmiqyaslı tədbirlər keçirilib, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin və diplomatların çoxsaylı turları təşkil olunub.

8. Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesi təşkil edilib, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfəri işə qəbul olunub, digər namizədlərin isə yaxın aylarda diplomatik xidmətə qəbulu nəzərdə tutulub.

Türk birliyinin möhkəmlənməsində Azərbaycanın artan rolu

Son vaxtlarda Türkdilli ölkələr arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Deyə bilərik ki, Türkdilli dövlətlər tərəfdaşlıqdan müxtəlif sahələrdə sıx inteqrasiya dövrünə qədəm qoyublar. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən Türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində Azərbaycanın rolunu xüsusi qeyd edə bilərik. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Azərbaycan indiyədək Türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi.

TDT-nin Baş katibi Bağdad Amreyev bu il oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Prezident İlham Əliyev Türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan Türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Prezident İlham Əliyev Baş katib kimi fəaliyyətinə görə Bağdad Amreyevə “Dostluq” ordenini təqdim edib.

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. 2022-ci ildə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan həm Türkiyədə, həm də Azərbaycanda bir neçə dəfə görüşüblər. 2022-ci ildə Prezident İlham Əliyev Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərlər edib. Həmçinin Qazaxıstan və Qırğızıstanın dövlət başçıları da ölkəmizə səfərə gəliblər. Bütövlükdə, Azərbaycan daha geniş çərçivədə  Asiya ölkələri ilə əməkdaşlığın inkişafına böyük maraq göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib. 2022-ci ildə həmçinin Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın  və TDT-da müşahidəçi statusunda iştirak edən Tür?mənistanın iştirakı ilə üçtərəfli görüşlər keçirilib.

Aİ üzvü olmayan Azərbaycan Avropanın Zirvə Toplantısında

Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın 2022-ci ildə həyata keçirdiyi fəal xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edib. İndiyədək respublikamız Aİ-yə üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Son illərdə respublikamızın Aİ məkanına daxil olan ölkələrin enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artıb.

2022-ci ilin yayında ölkəmizlə Aİ arasında yeni enerji sazişi imzalandı. Bu sənədə əsasən respublikamız perspektivdə qoca qitəyə mavi yanacaq ixracını 2 dəfə artıracaq. 2022-ci ildə imzalanan digər sənədlərə əsasən Azərbaycan Qara dənizin dibi ilə çəkilən xətt vasitəsilə Avropaya elektrik enerjisi ixracını həyata keçirəcək. 2022-ci ildə ölkəmizin təşəbbüsü ilə çəkilən Cənub Qaz Dəhlizinin Avropada şaxələndirilməsinə start verildi. Oktyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Dövlətimizin başçısının cari ildə Albaniyaya, Serbiyaya uğurla baş tutan səfərləri çərçivəsində respublikamızdan bu ölkələrə də enerji ixracı ilə bağlı geniş müzakirələr aparılıb.

Azərbaycanla Avropa İttifaqı həmçinin Şərq tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir.  Prezident İlham Əliyev noyabrın

17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

2022-ci il oktyabrın 6-da Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına qatılıb. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Dövlət başçımız tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə qatılıb. Aİ-nin üzvü olmayan Azərbaycanın Prezidentinə belə mötəbər tədbirdə iştirak üçün xüsusi dəvətlər göndərilməsində Onun fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayıb. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur.  Bu da bütün dünya miqyasında Prezident İlham Əliyevə böyük inam formalaşdırıb.

Ərəb dövlətləri Liqasında Fəxri qonaq

Milli-dini dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycan bütün dünya miqyasında İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Respublikamız IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Bütün bunlarla ölkəmiz ona nail olmaq istəyir ki, İslam ölkələri arasında hələ də yaşanan müəyyən fikir ayrılıqlarına son qoyulsun, ümumi güclü potensial inkişafa, insanların rifah halının yaxşılaşmasına yönəldilsin.

Öz növbəsində Azərbaycanın beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr bütün müsəlman aləmində yüksək qiymətləndirilir. Noyabrın

1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev  Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev dost Əlcəzair üçün əlamətdar bir tarixdə-Milli Azadlıq Günündə baş tutan tədbirə dəvət almasını dostluq və qardaşlıq əlaməti hesab etdiyini bildirib.

Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Hazırda ƏDL-nin Türkiyə, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, İraq, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiyada Nümayəndəlikləri və informasiya büroları fəaliyyət göstərir. Respublikamız böyük coğrafiyada yerləşən və zəngin resurslara malik ərəb dövlətlərini birləşdirən qurumla münasibətləri genişləndirmək niyyətindədir. Qarşılıqlı təmasların artması da bu niyyətin ifadəsidir. 2007-ci ildə Prezident İlham

Əliyevin Ərəb Dövlətləri Liqasının Baş Qərargahına səfəri baş tutub. Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Ərəb Dövlətləri Liqasının yüksəksəviyyəli rəsmiləri də tez-tez Azərbaycana səfərlərə gəlirlər. 2022-ci ilin iyun ayında ƏDL-nin Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28