Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2023-cü ilin hədəfləri...

2023-cü ilin hədəfləri...

06.01.2023 [10:08]

Laçına qayıdış,  Zəngəzur dəhlizinin açılması, siyasi müstəvidə möhkəmlənmə

Ötən il hansı hadisələrlə əlamətdar oldu?

Mübariz ABDULLAYEV

Daha bir il arxada qaldı. Bəs artıq tarixə dönən 2022-ci il ölkəmiz üçün hansı hadisələrlə əlamətdar oldu? Xatırladaq ki, hələ ilin əvvəlində Prezident İlham Əliyev 2022-ci ilin müstəqil Azərbaycan üçün uğurlu olacağına əminliyini ifadə etmişdi. Belə də oldu.  Qarşıda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində respublikamızın 2022-ci ildə ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət çəkib.

Tarixi Qələbəmizin siyasi müstəvidə daha da möhkəmlənməsi

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun tarixi Qələbəsi xalqımızın əbədi qürur mənbəyidir. Bu, son 200 illik tariximizdə əldə etdiyimiz ən böyük Zəfərdir. Son 200 illik tariximizdə  daim torpaq itkilərinə məruz qalmağımız acı təəssüf doğurur. İndiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Azərbaycanın ərazisi 114 min kvadratkilometrə bərabər idi. Sonrakı illərdə qeyd olunan itkilərimizin nəticəsi olaraq bu rəqəm 86,6 min kvadratkilometrədək kiçilib. Azərbaycan ərazisində heç bir əsası olmadan yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun ətrafındakı rayonların ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən işğala məruz qalması  ermənilərin və onların bağlı olduqları qüvvələrin məkrli planlarının davamı idi. Havadarlarının köməyinə arxalanan ermənilər yenə də Azərbaycandan ərazilər qoparmaq istəyirdilər.

Ancaq bu dəfə ermənilər qarşılarında güclü Azərbaycanı və xalqına arxalanan güclü Lideri gördülər. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dönəmlərindən başlayaraq ölkəni ərazi bütövlüyümüzün təmin olunması uğrunda haqq mübarizəsinə hazırladı - həm iqtisadiyyatı, ordunu gücləndirməklə, həm də ideoloji müstəvidə məqsədyönlü təbliğat aparmaqla, gənclərdə milli ruhu, qələbə əzmini möhkəmlətməklə. 44 günlük müharibədə xalqımız tarixi Zəfərə imza atmaqla 200 illik tariximizdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytarmağa və bununla da müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail oldu. Bu Qələbə tariximizdə əbədi qalacaq. Prezident İlham Əliyev bəhs olunan müraciətində qürur hissi ilə bildirib ki, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik.

Müharibənin başa çatmasından ötən iki il Azərbaycanın gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistanda bəzi qüvvələr revanşist əhvali-ruhiyyədə idilər. Həm iqtidarda, həm də müxalifətdə olan belə qüvvələr elə güman edirdilər ki, hansısa yollarla məğlubiyyətin əvəzini çıxacaqlar. Təbii ki, revanşistlər ilk növbədə xaricdəki Fransa kimi havadarlarına arxalanırdılar. Ancaq müharibədən sonra ötən hər gün Ermənistandakı revanşistlərin və onların xaricdəki havadarlarının xam xəyallarını suya salıb əritdi. Təcavüzkar Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində Qubadlı, Kəlbəcər və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Eyni zamanda, işğal faktına görə Azərbaycanın İranla 132 kilometrlik dövlət sərhədi də düşmənin nəzarətində qalmışdı. Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində özünün pozulmuş sərhədlərinə çıxmağa nail oldu. Müharibənin başa çatmasından sonrakı iki ildə isə respublikamız bütün azad edilmiş sərhədlər boyunca möhkəmlənib. Müharibəni Qələbə ilə başa vuran Azərbaycan 2022-ci ildə hərbi gücünü daha da artırıb, bu sahəyə daim böyük diqqət göstərilib. İşğaldan azad olunmuş ərazilərdə Ermənistanla hələlik şərti olaraq müəyyənləşdirilən sərhədlərədək təminat yolları çəkilib, eyni zamanda bir neçə yeni hərbi hissə istifadəyə verilib. Bu hərbi hissələr ən yüksək təchizata malikdirlər və bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər.

Ötən il Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində və Ermənistanla şərti sərhədlər boyunca bir neçə hərbi əməliyyat həyata keçirilib. Bu əməliyyatlar zamanı Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha öz təsdiqini tapdı. Düşmən və onun havadarları gördü ki, Azərbaycanın “Dəmir yumruq”u yerindədir. “Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir” - deyə Prezident İlham Əliyev vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə düşmənə qarşı hərbi üstünlüyünü təmin etməsi qalib Azərbaycanın danışıqlar masasında mövqeyini daha da gücləndirir. Ermənistanın havadarları, xüsusilə də bu ölkəni özünün bacısı adlandıran Fransa 44 günlük müharibə zamanı olduğu kimi, ötən ildə də Azərbaycana təzyiq cəhdlərində bulundu. Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə yerli mətbuata verdiyi müsahibəsində Ermənistana havadarlıq etdiyini açıq mətnlə dilə gətirdi. Həmçinin bu ölkənin parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdi. Ancaq belə təzyiq vasitələri ilə ölkəmizi, xalqımızı qətiyyətli mövqeyindən geri döndərmək əsla mümkün deyil. Dünya Azərbaycanın haqlı olduğunu görür və respublikamıza dəstək verir. Bunu ötən ilin dekabr ayında BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmizə qarşı növbəti qərəzli təşəbbüsünün iflasa uğraması bir daha təsdiqlədi. Fransadan gələn ölkəmizə qarşı qərəzli qətnamənin qəbul edilməsi təşəbbüsü Azərbaycanın dostlarının ədalətli yanaşması sayəsində rədd edildi.

Beləliklə də, respublikamızın fəal xarici siyasət kursu Ermənistan-Fransa cütlüyünün siyasi ambisiyalarına üstün gəldi. Bu fakt bir daha təsdiqləyir ki, Avropada,  İslam dövlətlərində, Mərkəzi Asiyada, nüfuzlu beynəlxalq təşkilatlarda  Azərbaycanın siyasi mövqeyi möhkəm təməllərə əsaslanır və kifayət qədər dəstəyə malikdir. Postmüharibə dövründə ölkəmizin fəal diplomatik səyləri Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı Moskvanın və Brüsselin vasitəçiliyi ilə aparılan danışıqlarda da öz səmərəsini verir. Belə ki, hər iki platformada qəbul olunan sənədlərdə bir qayda olaraq “Dağlıq Qarabağ”, “status” kimi ifadələr ümumiyyətlə işlədilmir və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir.  Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər”, - deyə vurğulayıb.

Laçına tarixi qayıdış

2022-ci ilin ən mühüm hadisələrindən biri Laçına tarixi qayıdışımız oldu. Bunu böyük nailiyyət kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.

Ötən əsrin doxsanıncı illərinin əvvəlində Kəlbəcərin və Laçının faktiki olaraq düşmənə təhvil verilməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq təmin olunmuşdu. Laçının və Kəlbəcərin süqutundan sonra ermənilərin Xankəndinə və işğal etdikləri digər ərazilərimizə sərbəst gediş-gəlişi təmin etmələri, oraya silah-sursat daşımaları üçün heç bir maneə qalmamışdı. Müharibədən əvvəlki dövrdə keçmiş Minsk Qrupu formatında aparılan danışıqlarda da Ermənistan Laçına və Kəlbəcərə ayrıca yanaşma istəyirdi. Ermənilərin niyyəti bu iki rayonu daimi olaraq öz nəzarətlərində saxlamaq idi. 44 günlük müharibənin nəticəsində ilkin mərhələdə Kəlbəcərin, 2022-ci ilin avqustinda isə Laçının geri qaytarılması ilə düşmənin bu niyyətinin üstündən qara xətt çəkildi.

Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərində yerləşməsi və burada bayrağımızın ucaldılması üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinə alternativ marşrutun inşasının Azərbaycan tərəfindən başa çatdırılması sayəsində mümkün olub. Sözügedən müddəa bəhs olunan sənədə məhz Prezident İlham Əliyevin təkidi ilə salınıb. Qalib Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəliklərə yüksək səviyyədə əməl edir. Ölkəmiz Laçın dəhlizinin yeni marşrutunun inşasını da nəzərdə tutulan vaxtdan tez başa çatdırdı.

Laçına qayıdış ədalətin bərpasıdır. Burada ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən  əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Ermənilərin Laçında məskunlaşdırılması müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması idi.

Ordumuzun Laçında yerləşməsi ilə üç onillik ərzində qaçqınlıq, məcburi köçkünlük taleyi yaşayan laçınlıların doğma yurd yerlərinə qayıdacaqları gün də yaxınlaşıb. Azərbaycan Böyük Qayıdış Proqramını uğurla icra edir.  Ötən il bu proqrama uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə salınan Ağalı kəndinə üç onillik ərzində ağır qaçqınlıq taleyi yaşayan soydaşlarımızın ilk köçü baş tutdu. Hazırda bir neçə şəhərdə, çox sayda kənd yaşayış yerlərində inşaat işləri geniş vüsət alıb. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda olduğu kimi, Laçın şəhərlərində də geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir. Ümumiyyətlə, bütün işlər Baş planlar əsasında reallaşdırılır. Bütün bunlar onu deməyə əsas verir ki, Laçın rayonuna soydaşlarımızın geri dönüşü nəzərdə tutulan vaxtda baş tutacaq.

Zəngəzur dəhlizi mütləq açılacaq

Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın əsas hədəfləri sırasında yer aldığını növbəti dəfə diqqətə çatdırıb: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

Zəngəzur dəhlizinin önəmini bir neçə aspektdən dəyərləndirə bilərik. İlk növbədə, onu vurğulayaq ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.

Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanının, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportunun (onlardan ikisi artıq istifadəyə verilib) yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Zəngəzur dəhlizi vasitəsi ilə Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrin qardaş Türkiyə və Avropa ilə bağlantıları təmin ediləcək.

Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər.

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30