Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Üç dənizin əfsanəsi

Üç dənizin əfsanəsi

13.07.2023 [10:30]

Azərbaycanın enerji siyasətinin ən mühüm uğuru

MÜBARİZ

Müstəqillik illərində özünün təbii sərvətlərinin sahibinə çevrilən Azərbaycan ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Xalqımızın, ölkəmizin milli maraqlarına tam cavab verən yeni neft strategiyasının reallaşdırılması yolunda qazanılan ən böyük uğurlardan biri isə heç şübhəsiz ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi mühüm infrastrukturun qurulmasıdır. Üç dənizin əfsanəsi adlandırılan bu kəmərin açılış mərasimi 17 il bundan əvvəl - 2006-cı il 13 iyul tarixində Azərbaycan, Türkiyə, Gürcüstan prezidentlərinin və digər yüksəksəviyyəli rəsmilərin iştirakı ilə baş tutub. Beləliklə də, Azərbaycanın və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında strateji önəm daşıyan bir mərhələ başlayıb. Hazırda Azərbaycanın moderatorluğu ilə ərsəyə gələn bu nəhəng infrastruktur obyekti vasitəsilə ölkəmizə, dost Qazaxıstana və digər ölkələrə məxsus neft təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılır.

Əsrin müqaviləsi”ndən başlayan yeni enerji strategiyası

Azərbaycanda neftçıxarmanın tarixi çox qədimdir. Xalqımız bu sahədə bir sıra ilklərə imza atıb. Azərbaycan neftçilərinin dünya neft sənayesinə bəxş etdiyi ilklərdən biri də dənizdə neftçıxarmanın təməlinin qoyulması ilə bağlıdır. Lakin uzun illər ərzində quruda və dənizdə neft hasilatının respublikamıza, xalqımıza böyük ölçüdə xeyiri olmamışdır. Əksinə, yataqların  ekoloji normalar gözlənilmədən istismarı və heç bir reabilitasiya tədbirləri görülməməsi səbəbindən Abşeron yarımadasında torpaqlar və dəniz hədsiz dərəcədə çirklənib. Necə deyərlər, illər boyunca “qara qızıl”ın adı Azərbaycanın, dadı, mənfəəti isə özgələrinin olub.

Yalnız müstəqillik illərində respublikamız və xalqımız özünün təbii sərvətlərinin sahibinə çevrildi. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyası mərhələlərlə reallaşdırılıb. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınıb ki, bu da milli neft strategiyamızın uğurlarını şərtləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Respublikamızın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq-Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Elə bu günlərdə “Abşeron” yatağından mavi yanacaq çıxarılmasına start verilib. Bu yatağın ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. Beləliklə, Azərbaycan qaz ixracını iki zəngin mənbədən həyata keçirmək imkanı qazanıb. Respublikamızın qısa müddətdə Avropanın yeni enerji xəritəsini formalaşdıran ölkəyə çevrilməsi qürurverici haldır. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Qeyd olunan sənədə əsasən 2027-ci ilə qədər respublikamızdan Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq hədəflənib. Bu, olduqca real rəqəmdir. Ötən il Azərbaycan Avropa məkanına 8 milyard kubmetr mavi yanacaq ixrac edib. Cari ildə bu rəqəm 12 milyard kubmetrə, 2027-ci ildə isə 20 milyard kubmetrə çatdıracağıq.

Azərbaycanın enerji strategiyasının növbəti üçüncü mərhələsi ölkənin zəngin bərpa olunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir.

Müasir ixrac marşrutlarının yaradılması

Müasir nəql marşrutlarının yaradılması Azərbaycanın təchizatçı ölkə kimi üstünlüklərini şərtləndirən əsas amillərdən biridir. Müqayisələr aparsaq, görərik ki, bir sıra istehsalçı ölkələr nəql infrastrukturuna malik olmadıqlarına görə satış bazarlarına çıxmaqda problemlərlə üzləşirlər və bir sıra hallarda siyasi təzyiqlər altında qalırlar. Azərbaycan bu məsələdə də, necə deyərlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz Xəzər sahillərindən qardaş Türkiyəyə, Avropanının mərkəzi hissəsinədək uzanan şaxələndirilmiş nəql marşrutlarına malikdir.

“Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına neft ixrac edən ölkəyə çevrilib. Belə ki, 1997-ci ilin sonlarında Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanılıb. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın yeni ixrac boru kəmərlərinə ehtiyacı var idi. Qısa müddətdə respublikamız iki strateji neft boru kəmərinin inşasına nail oldu. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu alternativ kəmərlə dünya bazarlarına çıxarılıb.

Bundan sonra Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin inşasına nail olub. Bəhs olunan boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verilib.

Əsas ixrac boru kəməri

Əsas ixrac boru kəməri sayılan Bakı-Tbilisi-Ceyhan marşrutunun yaradılması ideyası ulu öndər Heydər Əliyevə məxsusdur. O, Özünəxas uzaqgörənliklə bu layihənin zəruriliyini əsaslan?ırıb və onun ətrafında müxtəlif dövlətlərdən və transmilli şirkətlərdən ibarət komanda formalaşdırmağa nail olub. Bu gün BTC-nın Heydər Əliyevin adını daşıması çox böyük rəmzi məna kəsb edir. 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə hər üç ölkənin dövlət başçıları əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan olacağı ilə bağlı birmənalı mövqelərini bildirdilər. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalandı. Lakin kəmərin çəkilməsi yolunda bütün  maneələr aradan qaldırılmamışdı. Xüsusilə də əsas ixrac kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi ilə bağlı müzakirələr aparılırdı. Bir sıra dairələr yeni nəql marşrutunun Ermənistandan keçməsi təklifində israr edirdilər və bunu iqtisadi cəhətdən əsaslandırmağa çalışırdılar. Azərbaycan isə öz neftini ölkəmizin ərazisinin 20 faizini işğal altına almış Ermənistan üzərindən nəql olunması variantını istisna edirdi. Heydər Əliyevin uzaqgörənliyi və o dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət sayəsində Azərbaycan neftinin əsas nəql marşrutu barədə optimal qərar qəbul olundu. Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanıldı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi açılış gününədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker yola salınmışdı. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənib. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir. İndiyədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu “Bakı-Tbilisi-Ceyhan” kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31