Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev: Bu il aprelin 23-də...

İlham Əliyev: Bu il aprelin 23-də...

29.08.2023 [10:00]

Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq!

Vətən müharibəsində cəmi 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini tar-mar edən, düşmənə sarsıdıcı məğlubiyyət acısı yaşadan qalib Azərbaycan yeni tarix yazır. Şanlı Qələbədən sonra ölkəmizin həyatına bizlərə sonsuz qürur bəxş edən, hər bir azərbaycanlını sevindirən, fərəhləndirən əlamətdar günlər daxil olub. Bunlardan biri də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsidir. Bu silsilədən ilk tədbir işğaldan azad olunmuş, qısa müddətdə böyük quruculuq-bərpa işləri aparılmış və artıq ilk sakinlərini qəbul etmiş Laçında keçirilib. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlətimizin başçısı böyük coşqu yaşanan tədbirdəki çıxışında bura toplaşanların, bütün Azərbaycan xalqının bayram sevincini bölüşüb, hamıya gözaydınlığı verib, eyni zamanda, hələ də revanşizm mövqeyi sərgiləyən düşmənə və onların havadarlarına növbəti xəbərdarlıqlarını edib. Məğlub ölkə və ona dəstək verən xaricdəki mərkəzlər qalib Azərbaycanın Həkəri çayının sahilində verdiyi mesajlardan özləri üçün nəticə çıxarmalıdırlar.

Azərbaycan suveren hüquqları daxilində Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurdu

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzkar Ermənistanın əsas məqsədlərindən biri keçmiş Dağlıq Qarabağla coğrafi bağlantı yaratmaq idi. AXC-“Müsavat” cütlüyünün xəyanətkar əməlləri düşmənə bu fürsəti verdi. İşğalçı Ermənistan Kəlbəcər və Laçın rayonlarını zəbt etməklə 500 kilometr məsafədə uzanan sərhədlərimizi bütünlüklə öz nəzarəti altına keçirmişdi. Laçın rayonu 1992-ci ilin mayında, Kəlbəcər rayonu isə 1993-cü ilin aprelində işğal altına düşmüşdü. Bununla da düşmən öz istəyinə çatmışdı. Belə ki, sözügedən rayonların, həmçinin Qubadlının işğal altına düşməsi nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmışdı. Tədbirdəki çıxışında Laçının işğalını faciə kimi dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi”.

Ancaq ermənilərin arzusu gözlərində qaldı və Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Ötən il sentyabrın 21-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılması böyük rəmzi məna daşıyır. Burada əzəmətlə dalğalanan  Bayrağımız bizim şanlı Zəfərimizin rəmzidir.

Cari il aprelin 23-də isə bütün dünya Azərbaycanın gücünə və əzminə bir daha şahidlik etdi. Həmin tarixdə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırıldı. Xatırladaq ki, qeyd olunan ünvanda nəzarət-buraxılış məntəqəsinin qurulmasının zəruriliyi ilə bağlı fikirlərini Prezident İlham Əliyev ilk dəfə Münhen Təhlükəsizlik Konfransında səsləndirmişdi. Aradan az vaxt ötəndən sonra isə dövlət başçımızın gündəmə gətirdiyi məsələ reallığa çevrildi. Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında - öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurması ölkəmizin müstəsna hüququdur. Beləliklə, respublikamız Qarabağ iqtisadi rayonunda özünün nəzarətini de-yure və de-fakto təmin etmək istiqamətində daha bir mühüm addım atmış oldu. Ölkəmiz 10 noyabrdan 23 aprelədək addım-addım irəliləyib. “Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”, - deyə dövlətimizin başçısı qətiyyətlə bildirib.

Ermənilər və onların havadarları nə qədər tez anlasalar...

Birinci Qarabağ müharibəsində xaricdəki havadarlarının dəstəyi ilə ön xətdə müəyyən üstünlüklər qazanan və torpaqlarımızın bir qismini işğal altına alan Ermənistan Laçınla bağlı mənfur planlar qururdu. Laçın tarixən azərbaycanlıların yaşadıqları ərazi olub. Statistika da təsdiqləyir ki, burada yaşayan ermənilərin sayı barmaqla sayılacaq qədər az olub. Ermənilərin və onların xaricdəki havadarlarının mənfur planlarından bəhs edən Prezident İlham Əliyev “Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi”, - deyə vurğulayıb.

Müharibədən sonrakı mərhələdə isə ermənilər və onların xaricdəki havadarları “Laçın dəhlizi” manipulyasiyasına əl atıblar. Xatırladaq ki, üçtərəfli Bəyanat imzalanarkən ermənilər Laçın dəhlizinin 20 kilometr enində olmasını və ora  özlərinin nəzarət etməsini istəyirdilər. Bununla düşmən ölkə separatçıları qorumaq və Qarabağla bağlı iddialarını yenə də gündəmdə saxlamağı planlaşdırırdı. Ancaq döyüş meydanında Qələbəmizi təmin edən Prezident İlham Əliyev düşmənin niyyətini gözündə qoydu. İlk növbədə, dövlətimizin başçısı dəhlizin 5 kilometr enində yaradıması təklifinin təsdiqlənməsinə nail oldu. Eyni zamanda, Prezident İlham Əliyev 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarını üçtərəfli Bəyanata daxil etdirdi. Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib. Belə ki, birincisi, Laçının mərkəzi heç bir itki verilmədən azad olundu. İkincisi, yeni yolun istifadəyə verilməsi  ilə “dəhlizin 5 kilometrlik eni”, ümumiyyətlə, “dəhliz” məsələsi də praktiki olaraq arxa plana keçirdi.

Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər  kimi, Laçın yolu ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.

Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması  çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, qalib Azərbaycan  məğlub Ermənistanın bu qəbildən olan davranışları ilə razılaşa bilməzdi. Buna görə də əvvəlki mərhələdə Azərbaycan cəmiyyətinin təmsilçiləri, gənc fəallar Laçın-Xankəndi yolunda gecə-gündüz dinc aksiyalar keçirməklə ermənilərin suveren ərazilərimizdə törətdikləri özbaşınalıqlara kəskin etirazlarını bildirdilər. Bundan sonra  Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması zərurətə çevrildi.

Qeyd etdiyimiz kimi, Azərbaycan Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsini özünün suveren hüquqları çərçivəsində reallaşdırıb. Dünyada elə bir praktika yoxdur ki, qonşu dövlət başqa bir dövlətin ərazisində hansısa bir fəaliyyət, nəzarətdən kənar gediş-gəliş həyata keçirsin. Sərhədlərini qorumaq, ölkə ərazisinə qanunsuz daşımaların qarşısını almaq Azərbaycanın müstəsna hüququdur. İndiki halda isə söhbət Ermənistanın Laçın yolu ilə ölkəmizin ərazisinə silah-sursat, minalar, narkotik məhsullar daşımasından, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin rotasiyalarını həyata keçirməsindən gedirdi. “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

Heç kim bizim iradəmizə təsir edə bilməz

Azad Laçında baş tutan bayram tədbirindəki çıxışında Prezident İlham Əliyev qalib Azərbaycanı səciyyələndirən bir ifadə işlədib: “Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz”.

Dünya Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin, xalqımızın iradəsini əvəllki mərhələdə ölkənin ərazi bütövlüyünün təmin olunmasına israrlı yanaşmada gördü. Biz heç vaxt ərazilərimizin 20 faizinin düşmən əlində qalması faktı ilə barışmadıq və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə addım-addım öz məqsədimizə doğru irəlilədik. Düz 30 il ərzində torpaqlarımızın işğaldan azad olunması məsələsi Azərbaycan dövlətinin gündəliyinin mərkəzində saxlanıldı. Vasitəçilər, ermənilərin havadarları ölkəmizi güzəştlərə vadar etmək istəsələr də, işğal məhsulu olan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışsalar da, alınmadı, Azərbaycan 2020-ci il sentaybrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq ədalətli müharibəyə başladı.

İkinci Qarabağ müharibəsi günlərində də Ermənistanın havadarları Azərbaycanın iradəsini sınağa çəkməyə çoxlu cəhdlər göstərdilər. Vaxtaşırı işğalçı dövlətə dəstək verən ayrı-ayrı ölkələrin paytaxtlarından Bakıya, Prezident İlham Əliyevə “müharibəni dayandırın” təhdidləri gəlirdi. Bu təhdidlər də bizim iradəmizi sındıra bilmədi. Prezident İlham Əliyev ona edilən zənglərə cavab olaraq bildirirdi ki, düşmən torpaqlarımızdan çıxmaqla bağlı cədvəl təqdim etməlidir, əks halda müharibə dayanmayacaq. Belə də oldu. Müzəffər Ordumuz 44 gün ərzində hər gün irəlilədi və hər gün yeni zəfərlərə imza atdı. Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Müharibədə heç bir şansı qalmadığını anlayan işğalçı Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və torpaqlarımızdan - hələ azad edilməmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxmaqla bağlı öhdəlik götürdü. Beləliklə, güclü iradəyə malik olan Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunmasına hərbi-siyasi yolla nail oldu.

Məğlub Ermənistan və bu ölkənin havadarları indiki mərhələdə hər vəclə sülhyaratma prosesinə əngəllər yaratmağa çalışırlar. O cümlədən də Laçın yolu ilə bağlı manipulyasiyalar davam etdirilir. Yenə də Azərbaycandan güzəştlərə getmək istənilir. Əsassız iddialardan biri də Qarabağda yaşayan erməni əhalinin guya Azərbaycan tərəfindən hansısa blokadada saxlanılması ilə bağlıdır. Belə iddiaları gündəmə gətirməklə ermənilər və onların havadarları Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmlərini işə salmağa nail olmağa çalışırlar. Ancaq bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əsaslanır.

MÜBARİZ ABDULLAYEV

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31