Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milyonların qəlbi Azərbaycanla döyünür!

Milyonların qəlbi Azərbaycanla döyünür!

31.12.2023 [10:00]

50 milyon soydaşımızı birləşdirən bir VƏTƏN var...

Dekabrın 31-i dünyanın əksər ölkələrində böyük həyəcanla gözlənilən və xüsusi qeyd edilən bir gündür. Təqvim ili dəyişir, ömrümüzə yeni il gəlir. Təbii ki, hər kəsin qəlbində qarşıladığımız yeni illə bağlı arzular pərvazlanır, bir-birimizə xoş niyyətlərimizi ifadə edirik.

Ancaq dekabrın 31-ni xalqımız üçün əlamətdar edən başqa, daha mühüm səbəb də var. Bu da dünya azərbaycanlılarının dekabrın 31-də həmrəylik bayramlarını qeyd etmələridir. Bizim üçün müstəsna əhəmiyyət daşıyan bu günü qısaca olaraq belə səciyyələndirə bilərik: Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın qəlbində bir ürək döyünür - Vətənə, ana Azərbaycana bağlı olan bir ürək!

Heydər Əliyevin həyata vəsiqə qazandırdığı ümummilli ideya

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyası xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə   xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin qurulmasına, soydaşlarımız arasında milli-mənəvi bağların möhkəmlənməsinə çalışır və bunu rejimin ideoloji çərçivələrini nəzərə almaqla ilk növbədə bizi birləşdirən dəyərlərə - milli mədəniyyətimizə, dilimizə sonsuz qayğı göstərməklə edirdi. İş elə gətirdi ki, sonrakı mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması missiyasının praktiki müstəvidə reallaşdırılması da Heydər Əliyevin üzərinə düşdü. Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Təbii ki, təşəbbüs bilavasitə Heydər Əliyevin özündən gəlmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bəri bütün dünya azərbaycanlıları bu günü  bayram kimi qeyd edirlər.

Dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın mənəvi-ideoloji cəhətdən bütövlüyünə nail oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Onun dünya azərbaycanlılarının qürur rəmzinə çevrilmiş sözlərini xatırlayaq: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs Azərbaycanın dövlət siyasətinin yeni bir istiqamətinə çevrildi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Niyə məhz 31 dekabr?

Bu gün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, bu dəyərlərin daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diaspor qurumları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Bəs nə üçün Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması üçün dekabrın 31-i seçilib? Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər saldıqda görürük ki, O, heç vaxt təsadüfi addımlar atmayıb, verdiyi qərarlar həmişə güclü məntiqə söykənib. Bəhs etdiyimiz tarix də bu baxımdan istisna deyil. Bəllidir ki, imperialist güclərin maraqları bütöv coğrafiyamızı və xalqımızı Arazın o tayı və bu tayı deyilən iki hissəyə bölüb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz xalqımızın birləşmək istəyini simvolizə edir.

İndiki mərhələdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri

Müasir mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsini Prezident İlham Əliyev diqqət mərkəzində saxlayır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda baş tutan növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir başlanğıcın əsasını qoydu və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Prezident İlham

Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın  təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Dünyada müzəffər xalq kimi yaşayacaq azərbaycanlılar...

Dünya azərbaycanlılarının I Qurltayı 2001-ci il noyabrın 10-da Bakıda keçirilib. İlk dəfə keçirilən qurultayda 36-dan çox xarici ölkədə yaşayan, müxtəlif təşkilatları təmsil edən qonaqlar iştirak etmişdi. Heydər Əliyev qurultayda nitq söyləyərək Azərbaycanla dünya azərbaycanlılarının əlaqələrinin genişləndirilmisi, müxtəlif istiqamətlərdə birlikdə çalışmaları, Azərbaycanın gələcək inkişafı, birliyin, həmrəylin möhkəmləndirilməsi, milli dəyərlərimizin qorunub saxlanılması ilə bağlı fikirlər səsləndirib. Həmin qurultayda Heydər Əliyev bir məsələyə xüsusi diqqət çəkib. O, dərin məzmunlu nitqində artıq tarixdə qalan Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirərək vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl edərək bu missiyanı şərəflə yerinə yetirdi. 2020-ci ildə Vətən müharibəsində Onun rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək peşəkarlıqla həyata keçirən Ordumuz qarşı tərəfi kapitulyasiyaya məruz qoydu. Qazanılan Qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Həmin Zəfərdən sonra biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalq kimi qeyd edirik. 2022-ci ilin aprelində soydaşlarımız azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayına - Zəfər Qurultayına toplaşdılar. “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”, - deyə Prezident İlham Əliyev Zəfər qurultayındakı nitqində vurğulayıb.

Bu il isə biz əziz bayramımızı fərqli ovqatla, daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Bu da onunla bağlıdır ki, 2023-cü ilin sentyabrında biz  daha bir qələbə müjdəsi almışıq. Silahlı Qüvvələrimiz Qarabağda sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirlərini cəmi 23 saat ərzində uğurla tamamladı və separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Prezident İlham Əliyev oktyabrın 15-də zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə Azərbaycanın Bayrağını ucaltmaqla dünya azərbaycanlılarına yenidən sonsuz sevinc hissi yaşatdı. Beləliklə, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyimiz təmin olundu ki, bu da illər boyunca bizim qəlbimizdə yaşatdığımız müqəddəs arzu idi. Şanlı qələbələrin əldə olunmasında bütün soydaşlarımızın - həm müstəqil respublikamızda, həm də digər ölkələrdə yaşayan azərbaycanlıların əməyi var. Buna görə də qələbələrimizin sevincindən qəlbi Vətənlə döyünən hər bir azərbaycanlıya pay düşür.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28