Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müasir təhsil quruculuğu...

Müasir təhsil quruculuğu...

24.01.2024 [10:20]

Növbəti yeddi il üçün hədəflər

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 7-də müstəqil Azərbaycanda ilk dəfə ölkənin bütün ərazisində keçiriləcək Prezident seçkiləri ilə əlaqədar öz namizədi - partiyanın Sədri İlham Əliyevin təşviqat kampaniyasını uğurla davam etdirir. Bu günlərdə yerlərdə YAP fəallarının iştirakı ilə keçirilən görüşlərdə İlham Əliyevin seçki platformasının ayrı-ayrı istiqamətləri üzrə geniş müzakirələr aparılır, seçicilərin rəy və münasibətləri öyrənilir.

Partiyanın namizədi İlham Əliyevin seçki platformasında son 20 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, qazanılan təcrübə nəzərə alınmaqla növbəti yeddi ildə qarşıda duran hədəflər göstərilib. Seçki platformasında əksini tapan müddəalardan aydın olur ki, İlham Əliyev növbəti mərhələdə də inkişafın ardıcıllığını təmin etmək əzmindədir. Hədəflənən məqsədlərə nail olunması ilə respublikamız keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksələcək. YAP-ın namizədi İlham Əliyevin seçki platformasında yer alan mühüm istiqamətlərdən biri də ölkəmizdə innovativ və müasir təhsil quruculuğu ilə bağlı hədəfləri əhatə edir.

Neft kapitalının insan kapitalına çevrilməsi

İlham Əliyevin seçicilər tərəfindən rəğbətlə qarşılanan və təqdir olunan seçki platformasında ölkənin strateji əhəmiyyətli inkişaf istiqamətlərindən biri kimi təhsilə ayrıca yer ayrılması heç də təsadüfi deyil. Təhsil, intellektual potensial hər bir ölkənin gələcəyi üçün müstəsna önəm daşıyan bir sahədir. Bunu yüksək inkişaf səviyyəsinə çatmış ölkələrin təcrübəsindən də görmək mümkündür. Onlar məhz təhsilli cəmiyyət quruculuğu prioritetini əsas tutmaqla qlobal rəqabətdə önə keçməyi bacarıblar. Həmin ölkələr bu gün də  təhsilə, elmə, intellektual potensialın gücləndirilməsinə böyük həcmlərdə sərmayələr yönəldirlər. Heç də təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib.

Müasir dövlət kimi inkişaf edən müstəqil Azərbaycanda da təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. İlham Əliyevin seçki platformasında təhsillə bağlı mühüm müddəaların yer alması Azərbaycan dövlətinin bu sahəyə nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Azərbaycan ölkəyə böyük həcmlərdə maliyyə gəlirlərinin daxil olmasını təmin edən zəngin karbohidrogen ehtiyatlarına malik bir dövlətdir. Biz dünya təcrübəsinə baxsaq, görərik ki, neft və qaz heç də bütün hallarda zəngin sərvət sahibi olan ölkələrə xoşbəxtlik, iqtisadi inkişaf və rifah gətirməyib. Əsas məsələ həmin sərvətlərdən düzgün istifadə edilməsidir. Son 20 ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Təhsilə yönəldilən investisiyalar çox doğru olaraq respublikamızın, xalqımızın gələcəyinə yönəldilən sərmayələr kimi dəyərləndirilir. Son 20 ildə Azərbaycanda elm və təhsilin davamlı inkişafına dövlət qayğısı əhəmiyyətli dərəcədə artırılıb. O cümlədən insan kapitalı inkişaf etdirilib, bu məqsədlə dövlət əsaslı maliyyələşmə mexanizmi yaradılıb.

Ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələ üçün müəyyənləşdirilən beş milli prioritetdən biri  məhz rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanın formalaşdırılması ilə bağlıdır. Bu prioritetin uğurla reallaşdırılması üçün isə XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində oxuyuruq: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır”. 

Təhsilin inkişafına yönəldilən investisiyalar

YAP-ın namizədi İlham Əliyevin seçki platformasında qeyd olunduğu kimi, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılıb, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılıb. Yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə gənclərin dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almasına dəstək göstərilib. İndiyədək respublikamızda təhsilin müxtəlif pillələrində yüksək keyfiyyətin, müasir qlobal çağırışlara adekvatlığın təmin olunması məqsədilə bir neçə Dövlət proqramı qəbul edilərək həyata keçirilib. Bu istiqamətdə son olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə icra olunub. Eləcə də böyük maliyyə tutumuna malik “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla onların müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik, bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Proqram çərçivəsində hər il 400, ümumilikdə isə 2000 nəfərədək vətəndaşımızın nüfuzlu xarici ali təhsil müəssisələrində təhsili təmin ediləcək. 2023-2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb. “Azərbaycan təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması rəqabətqabiliyyətli insan kapitalının hazırlanması prosesinə töhfəsini verməkdədir. İstedadlı gənclərimizin xarici ölkələrin tanınmış ali təhsil müəssisələrində təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi təmin edir”, - deyə Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda vurğulayıb.

Təhsilin səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi getdikcə yaxşılaşır. O cümlədən, dünyanın nüfuzlu reytinq təşkilatlarından biri “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024”də iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib.  

Ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahələrində fəaliyyətidir. Qeyd edək ki, cari ilin iyun ayında Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan olunacaq. 

İnfrastrukturun yenilənməsi

Təhsildə uğurlar qazanılması zəruri infrastrukturla bilavasitə bağlıdır. Zəruri infrastruktur yaradılmadan təhsil müəssisələrinin uğurlu fəaliyyəti, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması əsla mümkün deyil. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində ardıcıl şəkildə bərpa və yenidənqurma işlərinin görülməsi ölkədə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsini təşkil edir. Deyə bilərik ki, respublikamız yeni tikilən və yaxud əsaslı şəkildə bərpa olunan məktəblərin sayına görə bütün dünya üzrə öncül mövqelərdən birini bölüşür. İlham Əliyevin seçki platformasında son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi ilə bağlı konkret rəqəmlərə istinad olunub. Bildirilir ki, ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi davamlı olaraq genişləndirilib, bütün məktəb fondunun 80 faizi tam müasirləşdirilərək təhsilin maddi-texniki bazası gücləndirilib və 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Bütövlükdə, ölkədə təhsil infrastrukturunun yenilənməsi davamlı prosesə çevrilib.

Sevindirici haldır ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər də artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları təhsil alırlar. “Böyük Qayıdış” Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması genişləndirildikcə belə məktəblərin sayı da artırılacaq.  Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Sərəncam əsasında yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz ki, regionun təhsil mühitini çox yaxın vaxtda yenidən canlandıracaq. Xatırladaq ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Müasir çağırışlara uyğun hədəflər

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından bəri keçən müddətdə təhsilin bütün pillə və səviyyələrində innovativ təşəbbüslərin tətbiqi genişlənib. Təhsil sistemində idarəetmənin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə, universitetlərimizin beynəlxalq reytinq cədvəllərində irəliləməsinə, təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik baxımından gücləndirilməsi, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda, İlham Əliyevin təqdim olunan seçki platformasından aydın olur ki, ölkə siyasətində təhsilin prioritetliyi qarşıdakı yeddi ildə də qorunub saxlanacaq. Sənəddə 2024-2031-ci illərdə təhsil sahəsində müasir çağırışlara uyğun aşağıdakı hədəflərə nail olunması qarşıya məqsəd qoyulub:

-Hər bir vətəndaşın innovativ, müasir təhsilə və elmə çıxışı üçün dövlət dəstəyinin artırılması;

-Ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi;

-Bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması;

-Elmi kəşflərin sənayeləşdirilməsinin təşviqi, məhsul və xidmətlər ixracında texnologiyanın tam milliləşdirilməsinə nail olunması;

-Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31