Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xalqımızın əsl dostu

Xalqımızın əsl dostu

27.02.2024 [10:00]

Azərbaycanda da çox sevilən və böyük rəğbət bəslənilən Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olub

Hər bir ölkənin inkişafında lider amili müstəsna önəm daşıyır. Təsadüfi deyil ki, məkrli məqsədlər güdən imperialist güc mərkəzləri dünyanın ayrı-ayrı regionlarında iqtisadi və siyasi maraqlarını təmin etmək məqsədilə milli dövlətlərin lidersizləşdirilməsi siyasətini reallaşdırmağa çalışırlar. Xüsusi ssenarilər əsasında hakimiyyətə gətirilən iradəsiz, qətiyyətsiz oyuncaq “liderlər” həmin imperialist dairələrin sifarişlərini yerinə yetirməklə, sümürmə siyasətində rol almaqla milli maraqlara xəyanət etmiş olurlar.

Bu mənada, iki qardaş dövlətin - Türkiyənin və Azərbaycanın bəxti gətirib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son 20 ildə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan isə Prezident İlham Əliyevin liderliyi ilə daxili və xarici siyasətdə böyük uğurlara imza atıb. Onların dostluğu səmimi qardaşlıq münasibətləri səviyyəsinə yüksəlib ki, bu da hər iki ölkənin uğurlu siyasətinə güclü impuls verir. Diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə olduğu qədər Azərbaycanda, Prezident İlham Əliyev isə Azərbaycanda olduğu qədər Türkiyədə çox sevilir. Bu günlərdə qardaş ölkənin dəmir iradəli, həmişə milli maraqlara sadiq qalan, dünyada Türk birliyinin bərqərar olması naminə güclü siyasi iradə göstərən Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olub. Əlamətdar yubileyi münasibətilə Ona təbrik məktubu ünvanlayan dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyinin qardaş ölkənin inkişafında, Azərbaycan - Türkiyə münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynadığına xüsusi diqqət çəkib.

Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi

Milli lider üçün zəruri olan bütün yüksək keyfiyyətlər Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətində birləşib. O, vətənpərvər və milli ruhlu Lider olduğu qədər də müdrik, uzaqgörən və qətiyyətlidir. Rəcəb Tayyib Ərdoğan üçün xalqın və ölkənin taleyi hər şeydən öndə gəlir və o bundan ötrü hər bir mücadiləyə hazırdır. Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısını bir Lider kimi fərqləndirən əsas cəhətlərə diqqət çəkərək vurğulayıb: “Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır”.

Azərbaycan Prezidentinin bu dəyərləndirməsi Türkiyənin son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qazandığı müqayisəyəgəlməz uğurlarına əsaslanır. Bəhs olunan dövrdə Türkiyə öz inkişafında keyfiyyətçə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə məhz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Türkiyənin güclü sənayesi həm Türkiyənin özünü, həm də onun müttəfiqlərini gücləndirir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.

Türkiyənin imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Son illərdə Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. 2023-cü ilin aprelində bu reaktiv pilotsuz qırıcının dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatdı. 2024-ü ildə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır . Yenə ötən ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Ötən ilin yazında qardaş ölkədə daha bir əlamətdar hadisə yaşanıb -  Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi 2022-ci il oktyabrın 29-da keçirilib.  Elə bu günlərdə Türkiyədə əlamətdar hadisə yaşanıb -  “Baykar” tərəfindən inkişaf etdirilən hücum xarakterli pilotsuz uçuş aparatı “Bayraktar AKINCI C” ilk uçuş sınağını uğurla tamamlayıb. Sınaq Tekirdağın Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib.  “Bayraktar AKINCI C” 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib. “Bayraktar AKINCI C” 1700 at gücü ilə öz sinfinin ən təsirli və bacarıqlı döyüş platforması olacaq. Türkiyənin ilk milli döyüş təyyarəsi olan “Kaan”ın da ilk uçuşu bu günlərdə uğurla keçib. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Xatırladaq ki, ayrı-ayrı ölkələr “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif ediblər.

Türkiyənin son illərdə imza atdığı belə texnoloji yeniliklərin siyahısı çox uzundur. Bütün bunlar isə Rəcəb Tayyib Ərdoğanın qardaş ölkəni müasir dövlət kimi inkişaf etdirdiyini əyani şəkildə təsdiqləyir. Yeri gəlmişkən, “TEKNOFEST” festivalı Türkiyənin inkişaf hədəflərini aydın şəkildə əks etdirir. “TEKNOFEST” bu ölkənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” - T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “TEKNOFEST”ə maraq həm Türkiyənin özündə, həm də ölkə hüdudlarından kənarda getdikcə artır. Tədbirə qatılmaq üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artması bunun əyani təsdiqidir. Festival 2018-ci ildə 4333 komanda ilə start götürmüşdü. Ötən ilin aprelində İstanbulda keçirilən son festivalda iştirak üçün isə  Türkiyənin 81 vilayətindən və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü əsasında artıq Azərbaycanda da “TEKNOFEST” festivalı baş tutub.

Türkiyənin özündə və ölkə hüdudlarından kənarda terrorçuluğa qarşı inamlı mübarizə, dövlətçiliyin daxili və xarici təhdidlərdən qorunması Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətlərindəndir. Qardaş ölkədə 2016-cı il iyulun 15-də məkrli qüvvələr birləşərək hərbi çevrişə cəhd göstərdilər. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət idi. Dövlətin Konstitusiya quruluşu, demokratiya təhdid olunurdu. Xain qüvvələr tərəfindən törədilən bu çevriliş cəhdinin qarşısı Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və xalqın onunla sıx həmrəyliyi sayəsində alındı və beləliklə də, qardaş ölkənin dövlətçiliyi xilas olundu.

Türkiyəni inamlı inkişaf yoluna çıxartması, dövlətçiliyi və milli maraqları qətiyyətlə qorunması qardaş ölkənin cəmiyyətində  Rəcəb Tayyib Ərdoğana böyük inam formalaşdırıb. Bunu ötən il may ayının 28-də yekunlaşan prezident seçkilərinin nəticələri əyani şəkildə təsdiqlədi. Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda 49,51 faiz səs topladı. Seçkilərin mayın 28-də keçirilmiş ikinci turunda isə “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 589 səslə (52,18 faiz) galib gələrək növbəti dönəm üçün Türkiyənin dövlət başçısı seçildi. Seçkilərin nəticələri o anlama gəlir ki, Türk xalqı son 20 ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasətdən razıdır və qarşıdakı dönəmdə də bu siyasətin davam etdirilməsini arzulayır.

Azərbaycana qəlbən bağlı olan Rəcəb Tayyib Ərdoğan

Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət yoxdur. İki qardaş ölkə və xalq çətin günlərin sınaqlarından bir yerdə çıxırlar, xoş günlərin sevincini birlikdə bölüşürlər. Azərbaycan və Türkiyənin tarixi ənənələrə, milli-mənəvi bağlara əsaslanan münasibətləri 2021-ci il iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin imzaladıqları Şuşa Bəyyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə yüksəlib. Türkiyə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi və özünə inam hissini artırdı. Nəticədə Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. “Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.  

Liderlərin qardaşlığı, cəmiyyətlərin səmimi istəyi

Həqiqətən də, qardaş ölkədə olduğu kimi, Azərbaycan cəmiyyətində də Rəcəb Tayyib Ərdoğana böyük hörmət və rəğbət bəslənilir. Bu, Türkiyədə baş tutan son seçki dönəmində də özünü birmənalı şəkildə biruzə verdi. Seçkilər ərəfəsində respublikamızda müxtəlif rəy sorğuları keçirildi. Sorğularda iştirak edən respondentlərin böyük əksəriyyəti “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini, qardaş ölkənin gələcəyini onunla bağladığını bildirirdi. Türkiyədəki seçki prosesinin bütün mərhələləri Azərbaycan KİV-lərində geniş şəkildə işıqlandırıldı. Dərc olunan analitik məqalələrdə təhlillər aparılaraq seçkilərin favoritinin məhz Rəcəb Tayyib Ərdoğan olduğu əsaslandırılırdı.

Bu mütləq dəstəyin, Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyev seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana telefon açdı və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti oldu. Və yaxud Türkiyə Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilmiş Rəcəb Tayyib Ərdoğanın ötən il iyunun 3-də baş tutan inaqurasiya mərasimini xatırlayaq. Azərbaycan qardaş ölkə üçün əlamətdar olan bu tədbirdə ən yüksək səviyyədə təmsil olundu - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inaqurasiya mərasimində iştirak etdilər. Tədbir zamanı bütün dünya Azərbaycanın dövlət başçısının Rəcəb Tayyib Ərdoğana, onun isə Prezident İlham Əliyevə necə səmimi münasibət bəslədiklərinin bir daha şahidi oldu. Bu sarsılmaz birliyi, dostluğu və qardaşlığı heç kim diqtə etmir. Bu, liderlərin özlərinin və onların təmsil etdikləri cəmiyyətlərin istəyidir.

İki ölkənin liderləri bir-birinə “qardaşım” deyə müraciət edirlər. Münasibətlərdə yaranan yeni xoş ənənələrdən biri də məhz liderlərdən gəlib. Söhbət keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan liderlərin xarici ölkələrə ilk səfərlərini Türkiyəyə və yaxud Azərbaycana etmələrindən gedir. Bu o anlama gəlir ki, yeni seçilən Azərbaycan Prezidenti Türkiyə xalqına, Türkiyə Prezidenti isə Azərbaycan xalqına hesabat verir və öz sevinc hisslərini bölüşür. Bu, dostluğun, qardaşlığın yüksək ruhunu və səviyyəsini təzahür etdirir. Prezident İlham Əliyev respublikamızda fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbə qazanaraq yenidən dövlət başçısı seçildikdən sonra Türkiyəyə etdiyi son uğurlu səfərini xatırladaraq “Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm”, - deyə vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31