Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı vəzifəsinin öhdəsindən gələcək

Bakı vəzifəsinin öhdəsindən gələcək

13.03.2024 [10:20]

COP29-da Azərbaycanı dəstəkləyən ölkələrin sayı artır

Cari ilin ikinci yarısında Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, respublikamızda 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi nəzərdə tutulur. Bu mühüm qlobal tədbirlərə ev sahibliyi etməyə hazırlıq böyük məsuliyyətlə həyata keçirilir. Bu günlərdə Azərbaycana dövlət səfərinə gələn Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququ qazanmasını respublikamızın böyük uğuru kimi dəyərləndirib və ölkəsinin də Azərbaycana dəstək verdiyini bir daha diqqətə çatdırıb. “Daha bir uğuru - qlobal iqlim konfransının keçirilməsini qeyd etmək istərdim. Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən əvvəl, Sizin ölkənizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amilidir. Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir. Hər halda mən Sizin dəvətinizlə həmin tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram”, - deyə  Prezident Kasım-Jomart Tokayev səfər çərçivəsində mətbuata verdiyi bəyanatında vurğulayıb.

Azərbaycan diplomatiyasının tarixi nailiyyəti

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub. Sonuncu COP28 isə ötən il dekabrın birinci ongünlüyündə Dubayda keçirilib.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonuncu iki dövlət Azərbaycanın xeyrinə namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Təxminən 100 min nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Bütövlükdə, COP dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir, hətta ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29 günlərində iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonağın bu müddət ərzində ölkəmizdə olacağı gözlənilir. Prezident Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasındakı çıxışında  belə geişmiqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini diplomatiyamızın böyük nailiyyəti kimi səciyyələndirib: “Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyimlə bağlı dəvəti böyük ümidlə və minnətdarlıqla qəbul edirəm. Əlbəttə, COP29 sammiti - bu da ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyətidir”.

Dünya üçün aktual gündəlik

Son illərdə Azərbaycan beynəlxalq dialoq mərkəzinə çevrilib. Bunu ölkəmizdə bir-birinin ardınca mötəbər qlobal forumların, zirvə görüşlərinin keçirilməsi əyani şəkildə təsdiqləyir. Deyə bilərik ki, dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə olunur və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  Prezident Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasındakı çıxışında  həm də diqqəti COP29 çərçivəsində müzakirə olunacaq məsələlərə çəkib. “Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcəkdir. Biz Dubayda keçirilən COP28 sammitində iştirak etdik və gördük ki, bu, həqiqətən çox mühüm forumdur. Sevinirik ki, belə mühüm qlobal forumun keçirilməsi məkanı qismində məhz Bakı seçilib”, - deyə dost ölkənin dövlət başçısı vurğulayıb.

COP29-un gündəliyində yer alacaq iqlim dəyişmələri, enerji transformasiyası kimi məsələlər hazırda bütün dünya üçün çox aktualdır. Azərbaycan bu kimi yeni qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyə öz töhfələrini vermək imkanlarına malik ölkədir. Qlobal miqyasda yaranmış mənzərə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Respublikamız BMT-nin çağırışına qoşularaq neft sənayesində “sıfır emissiya” hədəfi müəyyənləşdirib.

Eyni zamanda, yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28