Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / 10% Ermənistanın “hərbi güc” yarasına məlhəm olacaqmı?

10% Ermənistanın “hərbi güc” yarasına məlhəm olacaqmı?

26.11.2021 [10:38]

Ötən həftə Ermənistanın dövlət büdcəsi qəbul edilib. Nəzərdə tutulan istiqamətlərdən biri də Ermənistan cəmiyyətinin maraqla izlədiyi, həm də gözlədiyi hərbi potensialın artırılması ilə bağlılıq təşkil edən hərbi xərclərə ayrılacaq vəsaitin həcmi olub. Bu məsələ bu gün Ermənistanda revanşist hissləri ilə gündəmdə qalmağa çalışan, eləcə də ölkədə siyasi çevriliş planlaşdıran qüvvələrin maraq dairəsindədir. Rəsmi İrəvanın hazırkı rəhbərliyi məhz Köçəryan-Sarkisyan dönəmində ordunun yararsız hala düşdüyünü dəfələrlə bildirmişdi, revanşist qüvvələr isə Paşinyan hakimiyyətinin ordunun reanimasiyası üçün  hansı addımlar atacağını səbirsizliklə gözləyirdilər...

Dövlət büdcəsinin müzakirələri zamanı Ermənistanın 2022-ci il üçün hərbi büdcəsində 10 faizlik artımın olacağı proqnozlaşdırıldığı səsləndirildi və qəbul olundu.  Xatırladaq ki, Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracağını bəyan etmişdi. Ermənistanın müdafiə sahəsindəki xərcləri 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artırılmışdı. 

Azərbaycanda isə bu göstərici 4,58 milyard manata bərabərdir (2,7 milyard dollar). Bu, ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır.

Ermənistanın Baş naziri Paşinyan 2022 -ci il üçün müdafiə büdcəsi 2021 -ci illə müqayisədə 10% artacağını və bu rəqəmin 345 milyard dramdan çox olacağını düşünür. O bildirib ki, Ermənistan peşəkar bir ordu yaratmaq niyyətindədir.

Maraqlıdır, Ermənistanın gözünü dikdiyi 10 faizlik artım onlara hərbi sahədə nələrsə qazandıra biləcəkmi? Sözügedən artım Ermənistana necə təsir göstərəcək?

Mövzu ilə bağlı suallarımızı cavablandıran hərbi ekspert Ramil Məmmədli “Yeni Azərbaycan”a bildirdi ki, büdcədən müdafiə xərclərinə ayrılan hissə yalnız silah-texnikanın alınması üçün nəzərdə tutulmur: “Ermənistan silahlı qüvvələrinin formalaşması birbaşa Rusiya Federasiyasının sənaye müəssisələrinin imkanları səviyyəsindədir. Digər məmulatları isə dünyanın bəzi ölkələrindən, xüsusən Avropa ölkələrindən əldə edirlər və bu silah-texnikalar daha çox xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur. Müdafiə büdcəsi təkcə silah-texnika alınması üçün deyil, həm də hərbi qulluqçuların maaşları və digər hərbi məsələlər üçün hesablanır”.

Ekspert bildirir ki, ordunun yenilənməsi, formalaşması üçün bir il və bir büdcə yetərli deyil: “Bu, illər ərzində, mərhələli şəkildə həyata keçirilə biləcək layihələrin əsasında reallaşa bilər. Hərbi məktəbi yenicə bitirən gənc zabitin mütəxəssis kimi formalaşması üçün minimum 10 il vaxt lazımdır. Bu baxımdan Ermənistanın dövlət büdcəsinin builki artımı 10 yox, istər lap 50% olsun, Ermənistan ordusuna hər hansı bir dividend qazandıra bilməz. Bu pullar yalnız hərbi qulluqçuların maaşlarının verilməsi, digər xərclərinin təmin olunması, sıradan çıxmış hərbi texnikanın bərpası üçün nəzərdə tutulan xərclərə kifayət edər”.

R.Məmmədli Ermənistanın 10 faizlik artımla orduda heç bir dəyişikliyə nail ola bilməyəcəyini deyir: “Bu büdcəyə nəzər yetirəndə görürük ki, Ermənistan həmin vəsaitlə sıradan çıxmış zirehli texnika parkını, artilleriyanı, hava sistemindən müdafiə bölmələrini yenidən qura bilməyəcək. Bu xərclər yetərincə böyük məbləğdə olan pullardır. Bu baxımdan da nəinki sözügedən artım, bundan sonra bir neçə il ərzində ayrılmış xərclər belə ordunun yenidən formalaşmasına kömək ola bilməyəcək”, - deyə ekspert bildirib.

Qeyd edək ki, ölkəmiz üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik Böyük Qayıdış ilinin - 2022-ci ilin büdcəsinin gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat məbləğində olacağı nəzərdə tutulur.

Nicat Dilqəmli

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30