Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni Qarabağ formalaşır

Yeni Qarabağ formalaşır

14.05.2024 [09:55]

Qalib Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş əraziləri cənnətə çevirməyi, Böyük Qayıdış proqramını layiqli şəkildə yerinə yetirməyi hədəfləyib. Ərazilərin bərpasına, burada genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinə müharibə başa çatandan dərhal sonra başlanıb. Aradan az vaxt ötsə də, reallaşdırılan layihələrin miqyası çox böyükdür. Hər şey ən yüksək səviyyədə yenidən qurulur. Göz önündə yeni bir Qarabağ formalaşır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yerlərə hər səfəri yeni infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalır. Bu baxımdan dövlətimizin başçısının Mehriban xanım Əliyeva ilə birlikdə doğma Qarabağımıza son səfəri də istisna təşkil etmədi.

Füzuli rayonunda su anbarının və avtomobil yolunun açılışı

İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa və yenidənqurma işləri sırasında infrastruktur quruculuğu xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan bəhs olunan ərazilərdə bərpa işlərini həyata keçirmək, iqtisadiyyatı inkişaf etdirmək, eyni zamanda Böyük Qayıdış proqramını reallaşdırmaq mümkün olmazdı. Prezident İlham Əliyev mayın 10-da Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. 

Kompleksə bir neçə sututar daxildir. Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. 

1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. Layihə çərçivəsində su anbarında bir sıra təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

Ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada bərpa işləri çərçivəsində zəruri əməliyyatlar həyata keçirilib, o cümlədən yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.

Hazırda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.  Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib. Qeyd edək ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. 

Şuşanın məskunlaşdırılmasına start verildi

Azərbaycan xalqının Şuşaya dərin mənəvi bağlılığı var. Prezident İlham Əliyevin bildirdiyi kimi, adam Şuşaya gələndə buradan getmək istəmir. Postmüharibə dövründə digər şəhər və kəndlərimiz kimi, Şuşa da yenidən dirçəlir. Artıq Şuşanın məskunlaşdırılmasına başlanıb. Son səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Açılış mərasimində bildirildiyi kimi, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. 

Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin də təməli qoyulub. Layihə çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. 

Eyni zamanda Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyub. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

Heydər Əliyev Fondunun töhfələri

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Şuşada da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi mədəni-dini abidələrin bərpası həyata keçiririlir. Bir sıra layihələrin icrası artıq tamamlanıb, digər layihələr üzrə isə işlər davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfər çərçivəsində həmin layihələrdən bəziləri ilə tanış olublar. 

 Məsələn, Heydər Əliyev Fondu Şuşada Çöl Qala məscidinin bərpası layihəsini həyata keçirir. “PAŞA Holdinq”in dəstəyi ilə aparılan bərpa işlərinə 2023-cü ildən başlanılıb.

Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işlərini davam etdirir. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri məhv edilib. Bərpa layihəsi çərçivəsində ev-muzeyə ikinci həyat verilir.

 Aşağı Gövhər Ağa məscidinin bərpası da sürətlə davam etdirilir. Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak ediblər. Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşadakı Mamayı məscidində aparılan bərpa işləri də tamamlanıb. Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. 

Laçınlılar üçün tarixi anlar

İşğaldan azad olunmuş Laçın rayonunda bərpa və yenidənqurma işlərinin əhatə dairəsi genişlənir. Səfər çərçivəsində Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunan vaxt Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.

Təxminən 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. 

Səfər çərçivəsində dövlət başçısının iştirakı ilə Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışları olub. İşğaldan azad olunmuş ərazilər yaşıl enerji potensialı ilə zəngindir. Bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılması nəzərdə tutulub. Postmüharibə dövründə burada ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək. Bu stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerji istehsal ediləcək. 

“Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək.

Yeni salınan yollar sayəsində bölgədə gediş-gəliş də asanlaşacaq. Hazırda Xankəndi-Şuşa-Laçın avtomobil yolunda işlər davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.  

Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31