Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 1 milyard dollarlıq “yaşıl sərmayə”...

1 milyard dollarlıq “yaşıl sərmayə”...

05.06.2024 [10:20]

3 layihənin təməlini atan “Masdar” şirkətinin investisiya planları daha böyükdür

Ölkəmizdə start götürən Bakı Enerji Həftəsi elə açılış mərasimi çərçivəsində baş verən mühüm iqtisadi hadisələrlə yadda qaldı. Dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə müqavilələrin imzalanması “yaşıl enerji” hərəkatında yeni dalğa kimi diqqəti cəlb etməkdədir. Belə ki, “Masdar”la imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bu layihələr ölkənin “yaşıl enerji” vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcək, külək, günəş və “yaşıl hidrogen” layihələrinə investisiya cəlbinin artmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə səbəb olacaq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Masdar” şirkəti arasında günəş və külək enerjisinin istifadəsi ilə bağlı imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələnin irəlilədiyini göstərir. Eyni zamanda, quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrasında xüsusi ixtisaslaşmış “Masdar” şirkətinin bu investisiya niyyəti ölkəmizin “yaşıl enerji”yə keçid strategiyasına verdiyi dərin dəstəyin nümunəsi olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazın yeni enerji gücünün mərkəzi kimi “yaşıl sərmayələrə” ən açıq ölkə olmasını şərtləndirir. 

Qeyd edək ki, “Masdar”ın ilk sərmayə layihələrinə dair razılaşmalar ötən il əldə edilib və BƏƏ-nin enerji flaqmanı Azərbaycanın təşəbbüskarlığı ilə genişlənən “yaşıl ailə”nin üzvünə çevrilib. Ötən il sözügedən layihələrin icrası ilə bağlı “açar sazişlərinə” imza atıldıqdan sonra digər bərpa olunan enerji bölgələri də nəzərdən keçirilib. Bunun nəticəsi olaraq “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Sazişə əsasən, tərəflər dekarbonizasiyanı gücləndirmək və Azərbaycana sıfır emissiya dərəcəsinə nail olmaq hədəflərinə niyyətlərini bəyan ediblər. 

“Masdar” Azərbaycanın əsas strateji tərəfdaşına çevrilib və ölkəmizdə icra edəcəyi layihələr həm də iqtisadi və sosial məzmun kəsb edir. Bu cür layihələr iqtisadiyyatın sənaye sektorunun inkişafı və infrastrukturlar üçün xammal və ehtiyatlar sahəsində canlanmasnı təmin edəcək, yüzlərlə işçinin layihələrə cəlb olunması isə onların sosial rifahına töhfələr verəcək.

2020-ci ildən ölkəmizdə fəaliyyət göstərən “Masdar”ın ölkəmizlə bağlı “yaşıl hədəfləri” bununla bitmir, şirkət qabaqcıl texnologiyalar vasitəsilə bərpa olunan enerji layihələrinin ümumi gücünü 10 GVt-a qədər genişləndirmək imkanlarını nəzərdə keçirir və digər münbit zonalara da sərmayə qoymaqda israrlıdır. Hazırda bununla bağlı müxtəlif qiymətləndirmələr və müzakirələr aparılır. Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Bunlar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, ağıllı enerji idarəetmə kimi modellərdir. 

Mövcud dəyərləndirmələr göstərir ki, Qarabağ və Şərqi-Zəngəzurda bərpa olunan enerji potensialına görə, digər bölgələrdən qat-qat zəngindir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir.

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyətini bəyan edib. Həmin məqsəd və hədəflərə uyğun olaraq bu bölgədə yaxın 20 ildə alternativ enerji bloklarının tam hərəkətə gətirilməsi nəzərdə tutulur. Bu baxımdan BƏƏ şirkətinin azad edilmiş ərazilərdəki təmiz enerji mənbələrinin istismarında da ön planda yer alması istisna olunmur. 

ELBRUS 

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30