Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Avropaya qaz nəqlini artırır

Azərbaycan Avropaya qaz nəqlini artırır

24.09.2024 [09:00]

2024-cü ilin 8 ayında TAP kəməri ilə Avropaya 8,4 milyard kubmetrdən çox qaz ixrac edilib

Azərbaycan 2024-cü ilin yanvar-avqust aylarında qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizə yaxın artıraraq 33 milyard kubmetrə çatdırıb. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Yanacağın təxminən 50 faizi yerli istehlaka, qalan 50 faizi və ya 16,4 milyard kubmetri isə xarici ölkələrə nəql olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Qeyd edilən dövrdə Azərbaycan Türkiyəyə qaz ixracını artıraraq 6,5 milyard kubmetrə çatdırıb. Bu dövrdə TAP kəməri ilə Avropaya ümumi ixracın həcmi 8,4 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin yanvar-avqust ayları ilə nisbətdə (həmin dövrdə 7,6 milyard kubmetr) 0,8 milyard kubmetr çoxdur.

Yəni TAP kəməri ilə Avropaya qaz nəqli azalmayıb, əksinə artıb. TAP-la tədarüklər üzrə sifarişlərin azalması son 2 ayda kəmərdə texniki işlər, ələlxüsus da Yunanıstanda mövcud kompressor stansiyalarına əlavə kompressor aqreqatının quraşdırılması və obyektlərin modernizasiyası ilə bağlıdır. Ancaq buna baxmayaraq, Yunanıstan hökuməti TAP-la tədarüklərin diversifikasiyasında maraqlıdır və 2024-cü ilin sonuna qədər 1,2 milyard kubmetr qaz almaq niyyətindədir. Ümumilikdə, Avropa ölkələri Azərbaycandan əldə edilən qazın həcmini artırmaq niyyətindədir və 2024-cü ilin sonunda ixracın təxminən 13 milyard kubmetrə çatdırılması gözlənilir. 

TAP ilə...

Yeri gəlmişkən, Aİ ölkələri başqa mənbələrlə yanaşı, Azərbaycan qazı hesabına son 8 ayda qaz anbarlarını 93 faizə qədər doldura bilib. Hazırda anbarlardakı qazın ümumi həcmi 103,76 milyard kubmetrə yaxındır. Bu, sənaye və ahali üçün istehlakın böyük bir hissəsi deməkdir. Ancaq buna baxmayaraq, payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar yanacaq ehtiyatlarının çoxaldılması nəzərdə tutulur.

Azərbaycan 4-cü ildir ki, Avropa İttifaqı regionunun qaz bazarında tədarükçü kimi iştirak edir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP istifadəyə verildikdən sonra ölkəmiz ilk ildə (2021-ci il) Avropa regionuna 8 milyard kub metr qaz ixrac edib. 2022-ci ildə bu rəqəm 3 milyard kubmetr artırılaraq 11 milyard kubmetrə çatdırılıb. 2023-cü ildə isə ixrac 12 milyard kubmetrdən çox olub. 2024-cü ilin 8 ayı ərzində qaz ixracı isə təxminən 0,5 milyard kubmetr artıb və ilin sonunda bu rəqəmin 1 milyard kubmetri ötəcəyi gözlənilir. Mövcud ixrac statistikasına əsasən, TAP-la hər ay 1,05 milyard kubmetr qaz nəql edilir və həmin nəql imkanı nəzərə alındıqda ilin sonunda Aİ-yə ixracın həcmi 13 milyardı ötmüş olacaq. 

Qaz ixracının artması sözsüz ki, Azərbaycandan yanacaq əldə etmək ölkələrin ixrac coğrafiyasını da böyütməkdədir. İlk ildə Avropanın cəmi 4 ölkəsinə qaz ixrac edən Azərbaycandan hazırda qaz alan Avropa dövlətlərinin sayı 10-a bərabərdir. Eyni zamanda, növbəti illərdə ixracın daha da artırılması gözlənilir və Xəzərin Azərbaycana aid sektorlardakı yeni qaz yataqlarında hasilatın artırılması işləri davam etdirilir. Proqnozlara əsasən, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırılacaq. Nəticədə növbəti ildə Aİ-nin digər ölkələrinə də qaz nəqlini təmin etmək mümkün olacaq. Belə ki, Slovakiya, Avstriya, Makedoniya, Moldova və digər ölkələrin də Azərbaycan qazı əldə etməsi mümkünləşmiş olacaq.

Azərbaycanın qaz resursları yeni sifarişləri yerinə yetirməyə imkan verirmi?

Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyinin qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.

Həmin resursların istismarı ilə yanaşı, əsas qaz bloku olan “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinsulu hissəsində əlavə hasilatın aparılması hazırda Azərbaycanla çalışan konsorsium üçün ən vacib planlardan biridir. Bir neçə gün əvvəl, sentyabrın 20-də SOCAR, “BP”, “MOL”, “INPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” şirkətləri arasında “AÇG”-nin dərinsulu hissəsi üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) dair yeni sənədin imzalanması da bu maraqlara xidmət edir.

Beləliklə, Azərbaycanın mövcud qaz mənbələrindən yanacaq əldə etmək istəyən Avropa ölkələrinin sifarişləri və sayı artır ki, bu da yaxın illərdə Avropa Birliyi regionunun təxminən 40 faizinin ölkəmizin sayəsində enerji təhlükəsizliyi təmin etməsi demək olacaq.

Xəzər regionu TAP-ın ixracını artırmaq üçün zəngin mənbədir

Azərbaycan həm də region üçün TAP-ın ixrac əlqələndiricisi hesab edilir. Xəzər regionu ölkələrinin qaz ehtiyatlarının da TAP-la Avropaya ixracı nəzərdə tutulur və bu istiqamətdə Aİ ilə bu bölgənin ölkələri arasında fəal danışıqların intensivləşməsi də buna dəlalət edir. Bir müddət əvvəl Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”a əsasən, türkmən qazı TAP-la Türkiyə və Avropaya ixrac olunacaq. Bu ixrac ailəsinə Qazaxıstanın da qoşulması istisna deyil və ötən il Azərbaycan hökuməti ilə Qazaxıstanın “QazMunayQaz” şirkəti arasında imzalanmış anlaşma memorandumu nəql üçün hüquqi mexanizm yaradır.

Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənub Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP- vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31