Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Maliyyə texnologiyalarının inkişafı üçün yeni imkan

Maliyyə texnologiyalarının inkişafı üçün yeni imkan

10.10.2025 [10:58]

“Bakı Fintex Forum-2025” toplantısında rəqəmsal ödənişlər sahəsində beynəlxalq əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib

Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Bakı Fintex Forum-2025” toplantısında beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə fintex sektorunda baş verən yeniliklər ətrafında faydalı müzakirələr aparılıb.

Müasir dünyanın rəqəmsal arxitekturasında mühüm yer tutan fintex maliyyə və texnologiya sahəsində elektron xidmətlərin geniş tətbiqini özündə birləşdirən nəhəng bir sistemdir. Sistemin əsas funksiyalarından biri bank və maliyyə təşkilatları arasında pul və digər maliyyə alətlərinin qarşılıqlı dövriyyəsini təmin etməkdir.

Fintex borc alan və borc verən üçün əlverişli platformadır

Fintexin əsas funksiyalarından biri bank və maliyyə təşkilatları arasında pul və digər maliyyə alətlərinin qarşılıqlı dövriyyəsini, borc alıb - borc verilməsini təmin etməkdir. Ənənəvi bankçılıqda borcalma və borcvermə kimi ən sadə maliyyə əməliyyatları uzun zaman və fiziki olaraq texniki güc sərfinə səbəb olurdusa, fintexdə belə hallar yoxdur, bu sistemin sayəsində bütün maliyyə əməliyyatları asan və sürətli platforma üzərindən həyata keçirilir. Burada həm banklar öz aralarında daha asan maliyyə və borc öhdəliklərini yerinə yetirməyə nail olur, kargüzarlıq işi demək olar ki, sıfıra düşür, fiziki xərclər azalır. Eyni zamanda, fintexdə bank müştərilərinin də işçiləri rahat və qısa zamanda manesiz həyata keçirilir.

Fintex əsasən bank sektorunun müasir ritmini tənzimləyən vasitə kimi daha çox diqqəti cəlb edir. Müştərilər bank filiallarında yorucu və uzun vaxt keçirmir, əməliyyatları fintexin köməyi bir neçə dəqiqədə həll etmiş olurlar. Bu sistemin köməyilə banklarda hesab açmaq, depozit yerləşdirmək, kredit xəttini onlayn formada təmin etmək mümkündür. Müştərilərin bunun üçün banka gedib imza atmağa ehtiyac qalmır, onlar “Asan imza” və “Sima imza” ilə bütün bu əməliyyatları internet üzərindən həyata keçirmək imkanlarına malikdirlər.

Azərbaycanın fintex strategiyası uğurludur

Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov bildirib ki, ölkəmizdə fintex bazarının inkişafı üçün dayanıqlı arxitektura formalaşdırılıb. Bu sistemin mühüm istiqamətlərindən biri kimi ödəniş sisteminin standartlaşdırılması ilə müxtəlif modellər qurulub. Fintex infrastrukturu çərçivəsində maliyyə sistemi “Elekton hökumət” platformasına tam inteqrasiya olunub, “ASAN İmza” və “SİMA İmza” ilə bütün rəqəmsal maliyyə əməliyyatlarını internet üzərindən həyata keçirmək imkanları mövcuddur. Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması istiqamətində zəruri addımlar atılıb. Ən son rəqəmsal alətlər bank sisteminə inteqrasiya olunub.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki, fintex son illərdə ölkəmizdə elektron ticarətin inkişafını irəli aparır. Hazırda ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödəniş dövriyyəsinin 87 faizi elektron ticarətin payına düşür. Maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir. Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək.

ABA sədri əlavə edib ki, bank-fintex əməkdaşlığı çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mərkəzləşdirilmiş platformanın yaradılması ilə yanaşı, hər bir ödəniş xidməti təchizatçısı tərəfindən fərdi qaydada tədbirlərin görülməsi, infrastruktur imkanlarının təkmilləşdirilməsi, əlavə resursların cəlb edilməsi və preventiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti qabaqcıl mütərəqqi təcrübəni mənimsəyərək yeni fintex strategiyası da hazırlamaqdadır. Strategiyada fintex üzrə qabaqcıl dünya alətlərinin ölkəmizdə tətbiqinin genişləndirilməsi, xarici şirkətlərlə bu sahədə əməkdaşlıq və yeni hədəflər öz əksini tapacaq.

Şərqdən Qərbə “yaşıl fintex” coğrafiyası formalaşır

Azərbaycanda  fintexi tətbiq edən bank və şirkətlərin sayının artması, bu sahədə fəaliyyət göstərən şirkətlərin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan bazarlarına daxil olması Türk ölkələri ilə vahid fintex ailəsinin qurulması üçün güclü zəmin yaradır. Yeri gəlmişkən, Bakı forumunda Azərbaycan Fintex Assosiasiyası ilə Türkiyə Fintex Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb. Sənəd fintex sahəsində tərəfdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Anlaşma memorandumları həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.

Bu baxımdan yeni anlaşma memorandumu Türk Dövlətləri Fintex Alyansının yaradılmasında irəliyə doğru daha bir addım olmaqla, türk ailəsində fintex sisteminin daha da inkişafı, vahid paltforma əsasında fintex idarəçiliyinin təkmilləşməsi, qabaqcıl şirkətlərlə inteqrasiyasının artırılması üçün imkanlar yaradacaq. Bu, eyni zamanda, türk dövlətləri ilə maliyyə inteqrasiyasını artıran Asiya və Avropa regionunda böyük və yeni maliyyə ekosisteminin əsasını qoyacaq. Həmçinin türk dövlətlərinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasını formalaşdıracaq.

Qeyd edək ki, “Baku Fintech Forum 2025” toplantısında müxtəlif dövlətlərin mərkəzi bankları arasında ödəniş təcrübəsinə dair mübadilələr aparılıb ki, bu da Azərbaycanın ödəniş təşkilatlarının qlobal ödəniş alətləri, yeni maliyyə tətbiqləri ilə bağlı bazarlara çıxışlarına səbəb olacaq. Bu, həm də qlobal fintex təchizatçılarının Azərbaycanın ödəniş bazarına cəlb edilməsi, açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi sahələrdə daha möhkəm platformada birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31