Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Real dünyanın xəyali sərvəti: Bu gün tezdir, sabah isə gec olacaq

Real dünyanın xəyali sərvəti: Bu gün tezdir, sabah isə gec olacaq

20.11.2021 [10:40]

2030-cu ilə qədər kriptovalyutalar kağız pulları əvəz edəcək

Rəqəmsal eranın başlanğıcında

Dünya valyuta bazarının məkanı kriptovalyutalar tərəfindən fəth edilir. Qlobal iqtisadiyyat hər gün bir az daha da rəqəmsallaşır. Dünya sürətlə nəzəri araşdırmalardan real addımlara doğru irəliləyir.

BVF-nin məlumatına görə, 110 ölkə  rəqəmsal valyutanı (CBDC) araşdırır. Kripto-bazarda hazırda 1400-dən çox koin, tokenlər var. Onların 85%-nin gələcəyi şübhə doğursa da, perspektivi olan kriptovalyutalar az deyil.

10 ildən sonra artıq neft erasının sonuna çatacağıq. Bu həqiqəti artıq siyasi liderlər də dilə gətirirlər. Dünyada neft ehtiyatları tükənməsə belə, yeni dünya yeni enerji növlərindən istifadəyə başlasa, neft artıq arxa plana keçib daha “qara qızıl” olmayacaq. 2015-ci ildə aparılmış tədqiqatlara görə, dünyanın nəhəng neft hasilatçıları olan ölkələrdən Malayziyanın 15, Əlcəzairin 15, Anqolanın 12, Meksikanın 11, İndoneziyanın 10, Norveçin 7, Kolumbiyanın 6 illik neft ehtiyatı qalıb. Dünya yeni erada texnoloji inkişaf və insan kapitalına verilən dəyərlə meyarlar tətbiq edəcək. Hazırda inkişaf etmiş ölkələrdə insan kapitalının həcmi artıq 75 faizə çatır. Azərbaycanda da modern iqtisadiyyatın ən mühüm amilinə çevrilən insan kapitalının formalaşmasına xüsusi diqqət göstərilir. Səviyyə yetərlidirmi? Cavabı 10 il sonra kadr potensialımızın səviyyəsi ilə görə biləcəyik.

Bitcoini rəsmi valyuta kimi qəbul edən Yaponiya və Salvadordan sonra, daha bir ölkə bu sahəni leqallaşdırmaq yolunda addım atıb. Almaniyanın məşhur banklarından biri olan “Deutsche Bank” ötən ilin dekabr ayında dərc etdiyi hesabatda ödəniş vasitəsi kimi alternativ valyutalara tələbin artdığını qeyd edib. Bankın analitikləri hesab edirlər ki, rəqəmsal ödəniş formalarına və anonimliyə artan tələbat nəticədə 2030-cu ilə qədər kriptovalyutalar kağız pulları əvəz edəcək. 2 il öncə Ukrayna parlamenti kriptovalyutalardan istifadəyə icazə verilməsi və əməliyyatların tənzimlənməsi haqqında qanun layihəsini qəbul edib.

Çin hökuməti isə əksinə, 2018-ci ildə kriptovalyuta sənayesinə ciddi ziyan vuran qərarlar verdi: kripto-birjalar və İCO-lar üçün qadağa qoyuldu, kriptovalyuta mayninqi  və mübadilə servislərinin fəaliyyəti məhdudlaşdırıldı. Çin hökuməti hesab edirdi ki, kriptovalyuta sənayesini məhdudlaşdırmaq və ciddi nəzarətdə saxlamaqla milli valyutanı daha stabil saxlamaq olar.

Yeni reallıqlar-var olanla olmayan üz-üzə

Hələ 1973-cü ildə iqtisadçı və Nobel mükafatı laureatı Fridrix fon Hayek şəxsi pul haqqında ilk kitabında dövlət pul vahidlərinin inhisarının azalacağını, özəl şirkətlərin üstünlük əldə edəcəyini yazmışdı. Təxminən 50 il sonra bu, həqiqətə çevrilməkdədir.

Dünya qarşılıqlı hesablaşmalarda yeni vasitələrin meydana çıxması həqiqəti ilə üz-üzədir. Artıq kriptovalyutalarla, xüsusən Bitcoin-lə fiat valyutaların rəqabəti çətinləşib. Bu gedişlə beynəlxalq hesablaşmalarda  əsas rol oynayan Amerika valyutası öz mövqeyini itirəcək. Səbəb dolların qeyri-sabit  hərəkətliliyidir. Mərkəzi banklar, hətta rekord həddə bahalaşan, mötəbər dünya valyutalarına qədər bahalaşan adı olub , özü olmayan, həm var, həm də yox olan  pullara  qarşı az qala müharibə elan ediblər. 2010-cu ildə bir dollara min bitkoin verilirdisə, indi bir bitkoinə 62-63 min dollar verirlər. Məsələn, beynəlxalq səviyyədə və 1944-cü ildə Beynəlxalq Valyuta Fondunun yarandığı formada həllini tələb edir. Rəqəmsal valyutaya keçidlə prosesi tənzimləyən müəyyən konvensiyalar tələb olunur. Belə boşluqla dollara inamı bərpa etmək çox çətindir. Bütün bunlar bir daha beynəlxalq valyuta hesablaşmaları sistemində dəyişikliklərin zəruriliyindən xəbər verir.

Ümumi tendensiyaya əməl edən Azərbaycan Mərkəzi Bankı vaxtaşırı rəqəmsal manatın yaradılması üzərində də çalışdığını elan edir. 2018-ci ildə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu məsələnin prioritet olduğunu, Türkiyənin tənzimləyici orqanı ilə bu sahədə çalışdığını bildirmişdi.

Təhlükəsizlik naminə milli kadrlar vacibdir - Söhbət milyardlardan gedir

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov isə hesab edir ki, Azərbaycanda bu proses çox ləng gedir. O, “Yeni Azərbaycan”a bildirib ki, bu gün dünya ölkələrinin təxminən 80%-i elektron pul buraxmağa hazırlaşır.

“Rəqəmsal manata keçid bizim üçün inqilabi sosial-iqtisadi dəyişikliklər deməkdir. Azərbaycanda bütün nağd pullar fiziki dövriyyədə olduğundan bu yolda xüsusi çətinliklərimiz var. Ölkədə hələ də nağd ödənişlər ümumi ödənişlərin 40%-ni təşkil edir. Bu, bütün iqtisadi və sosial orqanizmdə əsaslı dəyişikliklər tələb edən çoxşaxəli prosesdir. Bütün əlaqəli problemlərin həlli və həyata keçirilməsi çox vaxt aparacaq.

Valyutanın rəqəmsal transformasiyası üçün ilk növbədə, həyatımızın bütün sahələrində blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı keçid proqramı hazırlanmalıdır. Amma respublikada belə bir problemi həll etmək üçün milli maliyyə mühəndisimiz yoxdur. Bunun üzərində kibertəhlükəsizlik və məxfilik üzrə yerli mütəxəssislər çalışmalıdır.

Yerli universitetlər maliyyə mühəndisləri, maliyyə texnoloqları, məlumatşünaslar hazırlamır, Qərbdə belə kadrlar ötən əsrin 90-cı illərinin sonlarından yetişdirilir. Hesab edirəm ki, ölkədə bu məsələnin həlli üçün xarici kadrların cəlb edilməsi təhlükəli ola bilər. Söhbət sanal dünyada dövlətin və xalqın həcmi  milyardlarla  ölçülən vəsaitinin idarə edilməsindən gedir. Bu vəzifənin necə həll olunacağı sual altındadır. Çünki tənzimlənmə prosesinə nəzarət edəcək qanunlar yoxdur. Pul dövriyyəsinin, emissiyanın və bütövlükdə bütün prosesin necə tənzimlənəcəyini heç kim bilmir. Qüvvədə olan qanunlar nağd və nağdsız dövriyyəni tənzimləyir. Mərkəzi Bankın göstərişləri və bir sıra ümumi qanunlar yenilənməlidir. İnternetin, bank xidmətlərinin və nağd puldan başqa pulun, internetin  olmadığı ucqar kəndlərdə bu çox böyük problemdir. Pul dövriyyəsi və kreditləşmə ilə bağlı başqa aydın olmayan məqamlar da var. Ona görə də, rəqəmsal pula keçid məsələsinə kompleks yanaşılmalıdır. İxtisaslaşdırılmış tədqiqat strukturları, rəqəmsal valyutanın buraxılması və blokçeyn texnologiyalarının tənzimlənməsi, təminatn formalaşdırılması ilə məşğul olacaq elmi qurumlar lazımdır”- deyən alim iqtisadiyyatın ayaqda durması, daim güclənməsi üçün ilk növbədə, elm sahəsinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

“Elm olmayan yerdə sənaye ola bilməz. Hazırda qlobal dünya 4-cü sənaye inqilabı ərəfəsinə daxil olub. Dünya ölkələrinə nisbətən müstəqillik illərində elm sahəsində nəyə nail olmuşuq? Azərbaycanda əhalinin hər 10 min nəfərinə elm sahəsində çalışanların sayı 23 nəfər təşkil edir. Bu rəqəm hazırda İsraildə 90 nəfər, Sinqapurda 76, İsveçrədə  88 nəfərdir. Ölkəmizdə ixtira üçün patentlərin sayı 1985-ci illə müqayisədə 7 dəfə azalıb, amma kiçicik Sinqapurda ixtira patentlərinin sayı Azərbaycandan 60 dəfə çoxdur - 11000 ədəd, İsraildə isə 38 dəfə çoxdur və 7000 ədəd təşkil edib.  200 ölkə üzrə elmin inkişafı indekslərinə görə müsəlman ölkələrinin ilk yeri 35-c? yerdən sonra başlayır, əksəriyyət göstəricilər üzrə İslam ölkələri içərisində Türkiyə, Malayziya, Ərəb Əmirlikləri gəlir. İnnovasiya indeksi üzrə Azərbaycanın yeri təhlil olunan 127 ölkə içərisində 100 ballıq şkala ilə 30,6 balla 82-ci yerdədi, son beş ildə 71-ci yerdən bu səviyyəyə düşmüşdü və getdikcə də pisləşməyə doğru irəliləyir. Elmsiz inkişaf yoxdur, elmin zəifləməsi ölkənin hərtərəfli zəifləməsi deməkdir.

Elmin gəncləşdirilməsi üçün elmin məktəblərə yerləşdirilməsi zəruridir. Hər bir məktəbdə müxtəlif sahələrdə elmi laboratoriyaların yaradılması, şagirdlərin geniş miqyasda elmə cəlb edilməsi zəruridir. İnkişaf etmiş ölkələrdə müasir kəşflərin xeyli hissəsi şagirdlərə məxsusdur. Əminəm ki, Azərbaycan gəncləri iş düzgün qurulduğu halda böyük uğurlar qazanacaq.

Elm xərclərinin ümumi daxili məhsulda (ÜDM) payına görə ilk yeri İsrail tutur - 5%-ə yaxın. İnkişaf etmiş ölkələrin hamısında bu göstərici yüksəkdir. Azərbaycan bu göstərici üzrə 0,2% faizlə 91 ölkə içərisində 66-cı yeri tutur”,- deyə iqtisadçı alim qeyd edib.

“Ərazisi 125 dəfə Azərbaycandan, hətta Bakının Qaradağ rayonunun ərazisindən kiçik olan Sinqapurun əhalisi 5,6 milyon nəfərdir, heç bir resursu, hətta içməli suyu yoxdur. Elm hesabına dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilib, Rusiya ilə Azərbaycanın toplam ixracatından da çox məhsul ixrac edir. İldə yalnız 70 milyard dollarlıq inteqral sxem, 200 milyarda yaxın soft proqramlar, hard İT məhsullar, yüksək texnologiya ixrac edir. Vaxtilə Malayziyadan müstəqillik qazananda iqtisadi və hərbi güc fərqləri Azərbaycanla Rusiya arasında olan fərq kimi idi. İndi müstəmləkə Sinqapur yenə də elm hesabına müstəmləkəçi Malayziyadan xeyli çox iqtisadi və hərbi gücə malikdir”,- deyə o vurğulayıb.

Kriptovalyutaların balaca tarixi

Kriptovalyutaların tarixi qısa olsa da, kriptovalyutaların əsasında dayanan Blokçeyn texnologiyasının xüsusiyyətləri gələcəkdə yaranacaq kriptovalyutalar siyahısının daha da genişlənəcəyi gözləntilərinə əsas verir.

İlk dəfə 1998-ci ildə Vey Day “b-money” adlı yazı çap edir ki, bu da anonim, paylaşdırılmış pul vəsaitlərinin rəqəmsal sistemi idi. Bundan qısa zaman sonra Nik Sabo “bit gold” sistemini yaratdı.

İlk mərkəzləşdirilməmiş valyuta, “bitcoin” 2009-cu ildə ləqəbi Satosi Nakamota olan   şəxs və ya şəxslər tərəfindən yaradılmışdı.  2011-ci ilin oktyabr ayında “Litecoin” meydana gəldi. Kriptovalyutalar hər bir şəxsə sərbəst qazan (eyni zamanda itirmək) şansı verdiyinə görə, onunla maraqlananlar az deyil. Kriptovalyutalara investisiya etməklə gəlir əldə etməyin 4 əsas üsulu var: kriptovalyutanı alıb uzunmüddətli mövqedə bahalaşmasını gözləmək və bahalaşdıqdan sonra satmaq; kriptovalyutalarla ticarət etmək və onların məzənnə fərqində qazanmaq; xüsusi mayninq üçün avadanlıqlar almaqla kriptovalyuta əldə etmək; ICO və İEO-larda iştirak etməklə şirkətlərin (startaplar) daxili valyutası olan - token almaq. Layihə uğurlu olacağı təqdirdə tokenlərin dəyəri qalxır.

Bu günlərdə ortaya bir Libra termini də atılıb. Libra kriptovalyuta deyil və əslində dövlətlərin pul buraxılışı monopoliyasına alternativ kimi “Facebook” tərəfindən yaradılması planlaşdırılan rəqəmsal valyutanın yeni bir növüdür. “Facebook”  iyun ayında Libra layihəsini təqdim etdikdən sonra maliyyə sektoru və xüsusilə kriptovalyuta cəmiyyətində yeni bir canlanma müşahidə olundu. Başda ABŞ olmaqla dünya dövlətlərinin maliyyə tənzimləyiciləri və beynəlxalq maliyyə təşkilatları Libra ilə bağlı öz narahatlıqlarını bildirdilər. Səbəb dünyanın maliyyə və pul-kredit siyasətini dəyişə biləcək yeni və fərqli maliyyə alətinin meydana gəlməsidir. Libranın əsas rəqibi banklardır. Ehtimal var ki, layihəyə start verildikdən müəyyən müddət sonra “Facebook” hətta qısamüddətli kreditlər də verməyə başlasın.

Kriptopullar və kibercinayətkarlıq

Hazırda korporativ investorların kriptovalyuta bazarına girməsini gecikdirən əsas faktor beynəlxalq və ya lokal səviyyədə tənzimləmə mexanizmlərinin olmamasıdır. Bəzi ekspertlər düşünür ki, hər hansı inzibati tənzimləmə mexanizmlərinin tətbiq edilməsi bazara neqativ təsir göstərəcək.

Maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökumətlərarası beynəlxalq qurum olan  Financial Action Task Force ( FATF)  2019-cu ilin iyun ayında kriptovalyuta xidmətləri göstərən şirkətlərə  çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində kriptovalyutalardan istifadənin qarşısını almaq məqsədilə tövsiyələr verdi.

Biznes üçün maliyyə əməliyyatlarının konfidensiallığı və sürəti çox vacibdir. Böyük kriptovalyutalar bu məsələlərin öhdəsindən həmişə gələ bilmir. Mütəxəssislərə görə əksər kriptovalyutaların əsas problemi konfidensiallığın olmamasıdır. Ödənişlər edilən zaman anonimliyin olmaması biznesə zərər gətirə bilər. Fiat pulları istifadə edilən zaman təşkilatın maliyyə hesabatlarına yalnız vergi xidməti giriş əldə edə bilər, lakin Bitkoin blokçeynində verilənlər bütün istifadəçilərə, o cümlədən rəqiblərə və bədniyyətlilərə əlyetər olur və blokçeyndə baş verən tranzaksiyaları analiz etmək olar. Mütəxəssislərə görə, kriptovalyutalarda konfidensiallığı təmin etmək üçün ilk növbədə, onların anonimliyi təmin edilməlidir. Lakin kriptovalyutaların anonimliyi kibercinayətkarlıqla mübarizəni xeyli çətinləşdirir.

2018-ci ildə ölkəmiz də kriptovalyuta və blokçeyn sahəsi ilə əlaqəli yeni bir qurumun - Blokçeyn Azərbaycan Mərkəzinin (BAM) yaradılması haqda məlumat verildi.

Mərkəz maarifləndirmə, kriptovalyuta bazarının və blokçeynin tənzimlənməsi məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq işlərinin aparılması məqsədi daşıyır.

Kriptovalyutaların fiat valyutaları əvəz etməsi üçün ilk növbədə, onlardan kütləvi halda ödəniş vasitəsi kimi istifadə olunması önəmli şərtdir. Bunun üçün müvafiq qanunvericilik aktların qəbul edilməlidir. Dövlətlər isə hələlik tələsmir, yeni maliyyə texnologiyanın imkanları da araşdırırlar.

Azərbaycan Respublikasının pul haqqında qanunvericiliyinə əsasən, rəsmi ödəniş vasitəsi yalnız Azərbaycan Manatı ola bilər. Digər valyutların isə ödəniş kimi istifadə olunması qadağandır. Kriptovalyuta ilə alış-veriş isə qadağan deyil. 2018-ci ildə “Kriptovalyuta ticarətinin nizamlanması haqqında” qanun layihəsi irəli sürülsə də hələ də təsdiqni tapmayıb.

Mövzuya başlayarkən tezliklə neftin erasının bitəcəyini təsadüfən xatırlatmadım. Dəyişən zaman, yeni reallıqlar bizdən yeni yanaşmalar tələb edir. Elmin, texnologiyanın gücü ilə təbii resursu olmayan cırtdan dövlətlər özlərini xilas edir, bu rəqabətdə lider olurlar. Böyük sürətlə gedən bu dəyişikliklər operativ  qərarlar verilməsini tələb edir. Zaman və fürsətlər gözləmir.

İlhamə Rəsulova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30