Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Lirə nə vaxt möhkəmlənəcək?

Lirə nə vaxt möhkəmlənəcək?

25.11.2021 [10:59]

Vüqar Bayramov: “Hələlik lirənin güclü şəkildə möhkəmlənməsi ehtimalı çox aşağıdır”

Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir.  Axşam saatlarında USD/TRY cütlüyünün qiyməti 13.46 həddinə çatıb. Türkiyə milli valyutasının dəyərini itirməsi ölkənin ümumi iqtisadi mənzərəsinə mənfi təsirini göstərib. Elə bu səbəbdən də Türkiyə cəmiyyətində narazılıq yaranıb. Bəs lirənin bu səviyyəyə düşməsini hansı amillər şərtləndirib? Yaxud bu amillərin sırasında geosiyasi amillərin çəkisi nə qədərdir? Və nəhayət, Türk milli valyutasının məzənnəsi nə vaxt, hansı şərtlərlə tənzimlənə bilər? Bu suallarımıza millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovla birgə aydınlıq gətirməyə çalışdıq.

“Yeni Azərbaycan”ın suallarını cavablandıran V.Bayramov  bildirib ki, lirənin xarici valyutalara, eləcə də ABŞ dollarına nisbətən məzənnəsinin azalması gözlənilən idi: “Türkiyənin Mərkəzi Bankı mütəmadi olaraq uçot dərəcəsinin dəyişməsiylə bağlı qərarlar qəbul etmişdi, amma buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Türkiyənin xarici hesablaşmalar balansında kəsir var, eləcə də Türkiyənin bir sıra aparıcı Qərb ölkələri ilə münasibətində siyasi gərginlik müşahidə olunur, bu da təbii ki, lirənin məzənnəsinə birbaşa təsir göstərdi və məzənnədə azalmalar var”.

Siyasi faktorların rolu...

“Türkiyə bir sıra MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşlardan biri, Azərbaycanın xarici sərhəddə ikinci ən böyük tərəfdaşıdır və Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 4.5 milyard dollardan çoxdur. Eləcə də Türkiyə qeyri-neft sektorunda Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Amma məzənnələrin dəyişməsi coğrafiyasına diqqət yetirsək, yalnız türk lirəsi deyil, bir sıra digər ölkələrdə, hətta Avrozonada da məzənnənin aşağı düşməsi və son dövrlər avronun dollara nisbətən kəskin ucuzlaşması müşahidə olunur. Bir sıra MDB ölkələrinin valyuta bazarında volatillik var. MDB ölkələrinin valyutaları birbaşa məzənnə olaraq ABŞ ilə bağlıdır, ona görə də lirənin məzənnəsinin aşağı düşməsi iqtisadi baxımdan digər MDB ölkələrinin valyutasına xüsusi təsir formalaşdırmır” - deyən iqtisadçı-ekspert lirənin kəskin ucuzlaşmasında siyasi faktorların təsirini də istisna etmir: “Lirənin məzənnəsindəki azalmaların həm də siyasi tərəfləri var. Çünki Türkiyə ilə bir sıra Avropa ölkələrinin münasibətlərində müəyyən siyasi gərginliklər müşahidə olunur, xüsusən bir sıra Qərb ölkələrinin Türkiyəyə qarşı qeyri-obyektiv mövqeyi, bir sıra hallarda diskriminativ yanaşması Türkiyəyə yönəldilən investisiyaların həcminə də təsir göstərir. Bu isə Türkiyəyə, xüsusən Qərb ölkələrindən sərmayə cəlb edilməsində müəyyən çətinliklər yaradır. Və əslində Türkiyəyə birbaşa investisiyanın strukturuna diqqət yetirsək, daha çox vəsaitlərin Qərb deyil, Körfəz ölkələrindən daxil olduğunu görərik, bu baxımdan, siyasi münasibətlər də öz təsirini göstərir”.

Millət vəkili yaxın dövr üçün lirənin məzənnəsinin uzunmüddətli stabilləşəcəyi ehtimalının çox az olduğunu deyir: “Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin bir müddət əvvəl yenidən dəyişilməsi həyata keçirilirdi, lakin bu da türk lirəsinin azalmasının qarşısını ala bilmir. Güman olunur ki, lirənin məzənnəsindəki dəyişikliklər birbaşa Türkiyə iqtisadiyyatındakı vəziyyətin necə dəyişəcəyindən asılı olacaq. Həm idxalın artması, həm də xaricə gedənlərin sayının artması ilə əlaqədar dekabr ayında da Türkiyədə xarici valyutaya tələb artacaq. Hələlik yaxın dövr üçün lirənin məzənnəsinin uzunmüddətli stabilləşməsi gözlənilmir, amma əgər Türkiyə iqtisadiyyatında, xüsusən də xarici ticarət dövriyyəsində hesablaşmalar balansında stabillik müşahidə olunarsa, məzənnənin müəyyən qədər stabilləşməsi mümkündür, amma uzunmüddətli dövr üçün lirənin güclü şəkildə möhkəmlənməsi ehtimalları çox aşağıdır”, - deyə ekspert bildirib.

Nicat Dilqəmli

 

 

 

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31