Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yenilənmiş pul nişanları tədavüldə

Yenilənmiş pul nişanları tədavüldə

10.12.2021 [10:43]

Cırılmış, hissələrə bölünmüş, əzilmiş banknotlarla necə davranmalı?

Mübariz ABDULLAYEV

El arasında deyildiyi kimi, qəttəzə pul nişanı əldə etdikdə buna sevinməyən az adam tapılar. Belə hallarda hər birimiz qeyri-ixtiyari olarq xoşbəxtlik hissi yaşayırıq. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələrin aparılması geniş yayılıb və bu, valyutaların saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiyarın, innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Belə dəyişiklikləri biz, həmçinin vaxtaşırı milli valyutamız olan manatın timsalında da izləyirik. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, qurum beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlayıb və bu çərçivədə cari ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.

Yenilənmiş 50 manatlıq - dünyada ilin ən təhlükəsiz banknotu

Mərkəzi Bank pul nişanlarının yenilənməsi siyasətində nominalların dizaynının cəlbediciliyi, mövzuların aktuallığı, mühafizə elementlərinin etibarlılığı kimi amilləri diqqət mərkəzində saxlayır. Qurum cari ilin yanvarında tədavülə buraxılan 50 manatlıq banknotun yenilənməsində də özünün yanaşmasına sadiq qalıb. 50 manatlıq milli pul nişanının yenilənməsi “Təhsil və gələcək” mövzusu üzrə həyata keçirilib. Məlumdur ki, təhsil Azərbaycanın gündəliyinin mərkəzində dayanan məsələlər sırasında yer alır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq “qara qızıl” kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Gənc nəslin formalaşmasına, keyfiyyətli təhsil almasına qoyulan investisiyalar çox doğru olaraq ölkənin və xalqımızın gələcəyinə yönəldilən sərmayələr kimi dəyərləndirilir. Mərkəzi Bank da Azərbaycanın bu prioritetini 50 manatlıq banknotun yenilənməsində tətbiq etməklə təhsilin ölkəmiz üçün nə qədər aktual bir mövzu olduğuna diqqət çəkib.

Yeri gəlmişkən, 50 manatlıq banknotun yenilənmiş dizaynı, mövzusu və mühafizə sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Cari il noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış yeni 50 manatlıq pul nişanı “ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb. Yüksək səviyyəli mütəxəssislərin qatıldığı tədbirdə bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən - “Günəş”, inkişaf rəmzi olan - “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Yenilənmiş banknotun mühafizə sistemi də dünyadakı ən son yeniliklərin tətbiq edilməsi yolu ilə işlənib. Təsadüfi deyildir ki, bəhs olunan tədbirdə pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda eksklüziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanının dizaynı, mövzusu və təhlükəsizlik sistemi beynəlxalq səviyyəli “Currency News” jurnalında dərc olunan məqalədə də yüksək dəyərləndirilib. Məqalədə “Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun müasir cəmiyyətlərin inkişafı baxımından aktuallığı vurğulanıb. Məqalədə banknotun yenilənməsində istifadə olunan “Rolling Star Lead” holoqramı, “Spark Live” boyası, metal saplar və bir sıra digər mühafizə elementləri barədə müsbət fikirlər yer alıb.

“Qarabağ” mövzusuna həsr olunan yenilənmiş 20 manatlıq

Qarabağ Azərbaycanı dünyaya təqdim edən vizit vərəqlərindən biridir. Ötən il 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları böyük uğurla həyata keçirən Azərbaycan Ordusu tarixi qələbəyə imza ataraq üç onillik ərzində düşmənin nəzarəti altında qalan torpaqlarımızı işğaldan azad etdi. Postmüharibə dövründə isə bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Bu kontekstdə Mərkəzi Bankın 20 manatlıq banknotun yenilənməsini “Qarabağ” mövzusunda həyata keçirməsi  təbiidir. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a bildirilib ki, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Qurum yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edir. “Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur”, - deyə Mərkəzi Bankın məlumatında vurğulanıb.

Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. O da qeyd olunur ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel şəkildə dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bəs yırılmış, əzilmiş pul nişanlarının ekspertizası necə həyata keçirilir?

İnsanların gündəlik həyatda üzləşdikləri suallardan biri də əzilmiş və yaxud müəyyən hissəsi cırılmış pul nişanları ilə bağlıdır. Ticarət mərkəz?ərində tez-tez rast gəlinən mənzərədir: Kassirlər belə pulları götürmək istəmirlər, nəticədə, müştərilərlə mübahisələr yaranır. İlk baxışda hər iki tərəf haqlı görünür. Satıcı israr edir ki, cırılmış, əzilmiş pulu banka təhvil verə bilmir və o, ziyana düşür. Müştərilər isə müəyyən qüsurlara malik əskinasların ticarət obyektlərində tədavül vasitəsi kimi qəbul edilməsində israrlı mövqe sərgiləyirlər. Bəs kim haqlıdır?

Belə mübahisəli vəziyyətdən çıxış yolu var. Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və Azərbaycan Mərkəzi Bankının “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları“nın 3.3 bəndinə uyğun olaraq tədavülə yararlı və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət, səthinin 100%-ni saxlamış pul nişanları banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir. Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Əskinasların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir: zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə konturu çəkilir. Konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir. Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları banklara, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər.

 

Paylaş
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31