Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kağız, yoxsa rəqəmsal MANAT?

Kağız, yoxsa rəqəmsal MANAT?

15.12.2021 [09:50]

“Rəqəmsal manat”ın tətbiqi üçün möhkəm arxitektura lazımdır

Nicat Dilqəmli

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilən 5-ci Beynəlxalq Bankçılıq Forumunda bildirib ki, rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. “Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, -deyə o qeyd edib.

“Rəqəmsal manat”ın tətbiqində ən mühüm məqamlardan biri təhlükəsizliyin təmin edilməsidir. Maraqlıdır, “rəqəmsal manat”dan istifadə zamanı kiberhücumların qarşısının alınmasına dair hansı planlar var. Ümumiyyətlə, “rəqəmsal manat”ın tətbiqinin  iqtisadiyyatımıza təsiri necə olacaq, dünya təcrübəsi bu barədə nə deyir?

“Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Elbrus Cəfərli bildirib ki, hazırda əksər ölkələrin maliyyə-bank sistemlərində müxtəlif blokçeyn texnologiyalara geniş yer verilməkdədir və bu sırada rəqəmsal valyutanın da aktuallığı artır: “Dünyada rəqəmsal texnologiyaların geniş tətbiqi maliyyə xidmətləri sahəsində də ən innovativ modellərin tətbiqini zəruri edir. Çin və bəzi Asiya ölkələri buna keçib, Avropa Mərkəzi Bankı da öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir. Azərbaycan hökuməti də bu istiqamətdə müxtəlif maliyyə tədqiqləri aparır, ən nüfuzlu xarici rəqəmsal şirkətlərlə layihələr həyata keçirir, yəni iradə var.  Ancaq rəqəmsal pula keçid üçün möhkəm arxitektura lazımdır,  Azərbaycanda bu yöndə infrastrukturun tam formalaşmasına ehtiyac var. Digər tərəfdən, rəqəmsal valyutaya keçidin ən mühüm tələbi nağdsız cəmiyyətin olmasıdır. Doğrudur, ölkəmizdə nağd ödənişlər sahəsində bir çox proqramlar icra olunur, “Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı” var, eyni zamanda, “Nağdsız ödənişlər haqqında” qanun daha da təkmilləşdirilir, kart bazarı üçün kifayət qədər texniki imkanlar və rəqəmsal bankçılıq qurulub, digər tərəfdən, rəqəmsal hökumət quruculuğunun ana hədəflərindən biri nağdsız və təmassız cəmiyyətin tam formalaşdırılmasından ibarətdir.

Mərkəzi Bank da müxtəlif blokçeynlər üzrə tədqiqat aparır. Ancaq nağdsız dövriyyə hələ hədəflənmiş səviyyəyə çatmayıb. Nağdsız ödəmələrin həcmi ümumi pul dövriyyəsində 10-15 faiz təşkil edir, yəni nağd pul dövriyyəsi hələ də yüksəkdir. Ona görə də nağdsız ödənişlərin həcminin bir neçə dəfə artırılması vacibdir ki, rəqəmsal pul ödəmələrinə də münbit zəmin yaransın”.

“Rəqəmsal manat”ın təhlükəsizlik məsələlərindən danışan ekspert vurğulayıb ki, rəqəmsal valyutaya keçid üçün güclü təhlükəsizlik sistemləri qurulmalıdır: “Kibercinayətkarlığın sürətlə artdığı bir dövrdə bu valyuta sistemlərinə müdaxilələrin qarşısının tam alınması və güclü nəzarət, davamlı bank immunitetləri zəruridir. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının buna tam hazır olduğunu düşünmək düzgün olmazdı. Yəni bu kimi amilləri nəzərə aldıqda Azərbaycanda rəqəmsal valyutaya keçid hələ müəyyən bir vaxt aparacaq”. 

 İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli isə bildirib ki, bu qərarların verilməsi üçün həm texnoloji, həm də hüquqi baza baxımından infrastruktur yaranması zəruridir. Ekspert bunun yaxın 5 il ərzində mümkün olacağını düşünmür: “Qloballaşan dünyada innovativ texnologiyalar yeni inkişaf mərhələsinə qədəm qoyduqca müxtəlif ölkələrdə müxtəlif tip innovativ və rəqəmsal məhsulların sayı durmadan artmaqdadır. Son dövrlərdə üzərində çalışılan mövzulardan biri də fiziki valyutaların rəqəmsal valyutalarla əvəz olunmasıdır. Hətta bir çox ölkələrdə rəqəmsal valyutaların istehsalı və eyni zamanda, tətbiqi üzərində həm elmi, həm də praktiki çalışmalar ortaya qoyulmaqdadır. Avropa Mərkəzi Bankının rəqəmsal valyutaların tətbiqi ilə bağlı bir sıra tədqiqatları, təhlilləri və çalışmaları mövcuddur. Lakin rəqəmsal valyutaların tətbiqi mövzunun yeniliyi ilə əlaqədar bir sıra sualları özündə ehtiva edir. İlkin olaraq demək istəyirəm ki, hazırda rəqəmsal valyutalar yüksək texnoloji infrastruktura malik ölkələrdə tətbiq olunmaqdadır. Azərbaycanda isə hələlik bu tip valyutanın, xüsusən də rəqəmsal manatın dövriyyəyə buraxılması üçün fundamental infrastruktur yoxdur. Bundan başqa, rəqəmsal manata keçməzdən öncə əhali bu mövzular haqqında maarifləndirilməlidir və insanlara “rəqəmsal manat”ın əhəmiyyəti, istifadə qaydaları və eləcə də müsbət və mənfi tərəfləri haqqında təşviqat aksiyaları həyata keçirilməlidir”.

Elmir Səfərli bəzi şəxslərdə nağdsız ödəməyə hələ təzə-təzə etibar yarandığını da qeyd edib: “Nəzərdə saxlamaq lazımdır ki, əhalinin böyük kütləsi illərdir maarifləndirilməsinə baxmayaraq, nağdsız ödəmələrə, kartlardan istifadəyə hələ indi alışmaqdadır. Rəqəmsal manatın emissiya məsələsi (emissiya-bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması-red) önəmlidir. Aydındır ki, bir çox ölkələrdə rəqəmsal valyutalar müxtəlif şirkətlər, müxtəlif etibarlı olmayan mənbələr tərəfindən emissiya olunmaqdadır. Bu isə insanlarda təhlükənin və riskin yaranmasına əsas yaradır. Bunun üçün istər beynəlxalq bazarda, istər yerli səviyyədə rəqəmsal valyutanın tətbiqi birbaşa Mərkəzi Banklar tərəfindən emissiya olunduğu halda keçərli və əsaslı olmalıdır”.

Ekspertlərin qənaətinə görə, rəqəmsal ödənişlərdən istifadə zamanı ölkə iqtisadiyyatında şəffaflıq artır, iqtisadiyyatın nağdsızlaşmasının sürətlənməsi ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına müsbət təsir göstərir. Belə ki, rəqəmsal ödəniş sistemi nağd pulu minimallaşdırır, nəticədə vergidən yayınma halları azalır, bank sektoru sağlamlaşır və elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənir, elektron ticarətin həcmi böyüyür.

Paylaş
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

21 Yanvar 10:00

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31