Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın qlobal enerji siyasətində yüksək həmrəylik nümunəsi

Azərbaycanın qlobal enerji siyasətində yüksək həmrəylik nümunəsi

07.01.2022 [10:01]

Mübariz ABDULLAYEV

Milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan, eyni zamanda regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir. Təkcə son vaxtlarda Prezident İlham Əliyev meydana çıxan yeni çağırışlarla əlaqədar qlobal həmrəyliyin möhkəmlənməsinə hesablanan yeni təşəbbüslər irəli sürüb. Xoş mərama əsaslanan bu təşəbbüslər əksər dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində yüksək dəyərləndirilib ki, bu da ölkəmizin və onun Liderinin dünyada getdikcə artan nüfuzuna dəlalət edir.

Azərbaycan, həmçinin öz ənənəsinə sadiq qalaraq qlobal enerji siyasətində də yüksək həmrəylik nümunəsi sərgiləyir. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara ölkəmizin də razılıq verməsi bunu bir daha təsdiqləyir.

OPEC plus platformasında fəal əməkdaşlıq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC)  neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola və Ekvatorial Qvineya da  qoşulub. Hazırda OPEC 13 üzv dövləti özündə birləşdirir.

Daha sonralar isə qurumun OPEC plus formatı formalaşıb. Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan bəhs olunan formatda yer alırlar. OPEC plus əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqlarında fəal iştirak edir və üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq qalır. Respublikamızın müvafiq qurumu -  Energetika Nazirliyi Vyana sazişi qüvvəyə mindiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayından etibarən mütəmadi olaraq Azərbaycanın gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edir. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Azərbaycan, həmçinin OPEC-in tədbirlərinə də məmnuniyyətlə ev sahibliyi edir. 2019-cu il martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

Neftin hazırkı yüksək qiymətlərinin formalaşmasında Azərbaycanın rolu

Sirr deyil ki, dünya bazarlarında neftin qiyməti heç də yalnız iqtisadi amillərlə şərtlənmir. Bir neçə il bundan əvvəl biz ayrı-ayrı güc mərkəzlərinin spekulyativ manevrləri nəticəsində neftin qiymətinin birjalarda 30 dollaradək aşağı düşdüyünün şahidi olduq. Bu, bəlli güc mərkəzləri tərəfindən neft ixrac edən ölkələrə qarşı açıq-aydın təzyiq cəhdi idi. Belə cəhdlərlə həmin güc mərkəzləri neft ixrac edən ölkələri çökdürmək məqsədi güdürdülər.

Azərbaycan isə özünün enerji siyasətində daim ədalət prinsipindən çıxış edir. Ölkəmizin dəyişməz mövqeyi belədir ki, neft amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Bütün tərəfdaş dövlətlər neft sazişlərindən, qarşılıqlı əməkdaşlıqdan fayda götürməlidirlər. Respublikamız OPEK plus formatında da özünün ədalətli enerji siyasətinə sadiqlik nümayiş etdirir. Yuxarıda bir neçə il bundan əvvəl dünya birjalarında neftin qiymətinin 30-40 dollaradək aşağı endiyini xatırlatdıq. Həmin dövrdə, daha konkret desək 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda OPEC üzvlərinin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış etdi.  Bununla dövlət başçımız dünya liderləri arasında bir ilkə imza atdı. OPEC-in baş katibi Məhəmməd Barkindonun vurğuladığı kimi, belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Azərbaycan Prezidentinin çağırışından sonra 24 ölkə öz aralarında əməkdaşlıq bəyannaməsi imzaladı. OPEC rəsmilərinin də etiraf etdikləri kimi bu tarixi bəyannamədən sonra  birjalarda neftin qiymətində tədedici yüksəlmələr baş verdi və hazırkı yüksək qiymətlər formalaşdı.

 

 

Paylaş
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31