Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünyada ərzaq qıtlığını və bahalaşmanı hansı ölkə yaradır?

Dünyada ərzaq qıtlığını və bahalaşmanı hansı ölkə yaradır?

12.01.2022 [10:19]

Dünya miqyasında ərzaq təminatı ilə bağlı problemlər getdikcə daha qabarıq şəkildə nəzərə çarpır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) beynəlxalq miqyasda müşahidə edilən arzuolunmaz proseslərin - yeni növ koronavirus pandemiyasının, iqlim dəyişikliklərinin, daşıma xərclərinin artmasının və bu kimi digər mənfi amillərin fonunda dünya ölkələrinin ərzaq təchizatında yarana biləcək çətinliklər barədə həyəcan təbili çalır.

Tələb və təklif arasında uyğunsuzluq

Son dövrlərdə dünyanın ayrı-ayrı regionlarında baş verən müharibələr, siyasi qarşıdurmalar, iqtisadi böhranın dərinləşməsi, həmçinin qlobal istiləşmə, quraqlıq, ekoloji disbalansın artması kimi təbiət hadisələri aqrar sektorda bir sıra qida məhsullarının istehsal həcmlərinin azalması ilə nəticələnib. Tələb və təklif arasında uyğunsuzluq getdikcə daha çox hiss olunur ki, bu da qiymətlərə təsirsiz ötüşmür. FAO-nun məlumatına əsasən, dünyada ərzaq qiymətləri son 10 ildə ən yüksək həddə çatıb. Ötən bir ildə isə ərzaq məhsulları ortalama 30 faiz bahalaşıb. Ümumilikdə, son bir il ərzində qiymət artımı bir çox MDB, Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunub və qiymətlərin yaxın gələcəkdə aşağı düşəcəyi ehtimal olunmur. Taxılın qiymətinin artması xüsusilə diqqət çəkir. Ən böyük ixracatçı ölkələrdə zəif məhsuldarlıq səbəbindən buğda təxminən 40% bahalaşıb. İstehsalçı  ölkələrdə qiymətlərin qalxması, təbii ki, taxıl idxal edən ölkələrdə də qiymətlərin qalxmasını şərtləndirir. FAO-nun Taxıl Qiymətləri İndeksi ötən ilin noyabrında aylıq ifadədə 3,1%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 23,2% artıb. Çörək buğdasının qiyməti isə 2011-ci ilin may ayından bəri ən yüksək həddə çatıb.

Bu kədərli statistikanı davam etdirmək də mümkündür. Ancaq elə bu deyilənlər də ərzaq təchizatı sahəsində gözlənilən təhlükələr barədə konkret təsəvvür yaradır. Ərzaq məhsullarının və buğdanın qlobal miqyasda bahalaşmasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun bildirdiyinə görə, qiymət artımına müxtəlif fundamental amillər təsir göstərib. Milli Məclisin üzvü vurğulayıb ki, ilk növbədə, dünya bazarında ərzaq və digər zəruri tələbat məhsullarının istehsalı azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmasına gətirib çıxarıb, nəticədə 2021-ci ildə ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz mallarını dünya bazarına əvvəlki illə müqayisədə daha az çıxarıblar.

Çinin ehtiyacından daha çox ərzaq tədarükü 

Dünyanın ərzaq bazarlarını təhlil edən analitiklər qlobal ərzaq qıtlığının və bahalaşmanın digər mühüm səbəbi kimi, dünya nəhəngi Çinin ehtiyacından daha çox ərzaq tədarükü görməsi ilə bağlı olduğunu əsaslandırırlar. Hesabatlarda elə belə də vurğulanır: Çin dünyanın ərzağını alır. Bu səbəbdən də bahalıq və qıtlıq yaranır.

Deyilənləri statistika da təsdiqləyir. Çinin Baş Gömrük İdarəsinin məlumatına əsasən, 2020-ci ildə ölkə xaricdən ərzaq məhsulları (içkilər istisna olmaqla) almağa on il əvvəlkindən 4,6 dəfə çox - 98,1 milyard dollar sərf edib. 2021-ci ilin yanvar-sentyabrında ölkə 2016-cı ildən bəri özündə olandan daha çox həcmdə ərzaq idxal edib. Son 5 ildə Çinin soya, qarğıdalı və buğda idxalı 2-12 dəfə artıb. Ölkə bu məhsulları əsasən ABŞ, Braziliya və digər istehsalçılardan alır. Mal, donuz əti, süd məhsulları və meyvə idxalı isə 2-5 dəfə artıb.  Son 10 ildə bu ölkənin ərzaq ehtiyatlarının həcmi qlobal ehtiyatların 40 faizindən 50 faizinə yüksəlib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2022-ci ilin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizi, düyü ehtiyatlarının 60 faizi, buğda ehtiyatlarının 51 faizi Çinin anbarlarında olacaq.

Açgözlüyə səbəb nədir?

Analitiklər Çinin ehtiyaclarından daha çox həcmlərdə ərzaq tədarükü görməsini yarızarafat, yarıgerçək acgözlük kimi səciyyələndirirlər. Bəs bu acgözlüyə səbəb nədir? Bildirilir ki, “dünya emalatxanası” sayılan Çində də ərzaq məhsullarının istehsalının azalması tendensiyası müşahidə edilir. Bu da tələbatın idxal hesabına ödənilməsi zərurətini önə çəkir.

Başqa bir səbəb kimi əhali sayı göstərilir. Böyük həcmlərdə ərzaq toplayan Çində dünya əhalisinin 20 faizi yaşayır. Ölkənin əhalisinin sayı 1 milyard 500 milyona yaxınlaşır. Bu qədər əhalinin qarnını tox etmək hökumətin məsuliyyətidir. Buna görə də ölkə boyunca anbarlar tikilir və davamlı şəkildə haradan mümkündürsə, ərzaq tədarük olunur.  Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib ki, ölkəsi ərzaq təhlükəsizliyini təmin etməyə böyük önəm verdiyinə görə anbarlarını daim dolu saxlayır.

 

 

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31