Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Artan istehlak kreditləri və yaxud ağır borc yükü

Artan istehlak kreditləri və yaxud ağır borc yükü

16.03.2022 [10:01]

Mübariz ABDULLAYEV

Dünyanın qabaqcıl ölkələrində banklar makroiqtisadi sabitliyin qorunmasına, investisiya siyasətinə, insanların və real sektorun pul vəsaitlərinə çıxış imkanlarının asanlaşdırılmasına dəstək verməklə sosial-iqtisadi inkişafda mühüm rol oynayırlar. Azərbaycanın timsalında isə banklar fərqli rakursdan diqqət çəkirlər. Təəssüf doğuran haldır ki, bu gün banklar yaddaşlarda bir növ sələmçi rolunu oynayan qurumlar kimi assosiasiya olunurlar. Onların kredit siyasəti müştərilərdə çoxsaylı narazılıqlara yol açır ki, bunların da ciddi əsasları var.

İstehlak kreditləri gəl-gəl desə də...

Bu gün Azərbaycanda fəaliyyət göstərən sistem əhəmiyyətli bütün bankların kredit portfelində istehlak kreditlərinin xüsusi çəkisi çox böyükdür. Gizlətməyək, banklar hər addımbaşı, hətta onlayn qaydada belə insanlara kreditlər təklif edirlər. Vətəndaş bankomatlardan maaş, pensiya, müavinət çəkmək istəyir, ekranda öncə müvafiq bankın kredit təklifi görünür.  Verilən vədlər gəl-gəl deyir. Hətta bir sıra hallarda kredit şərtlərinin çox yüngül olması təəccüb doğurur.

Bəs bankların   əliaçıqlığı, səxavətliliyi haradan, nədən qaynaqlanır, görəsən? Milli Məclisin deputatı Vüqar Bayramov qəzetimizə açıqlamasında bankların kredit portfelində istehlak kreditlərinin həcminin çox olmasının həm cəmiyyət, həm də bankların özləri üçün ciddi çağırışlar yaratdığını bildirdi. Mövcud vəziyyətlə bağlı statistikaya diqqət çəkən millət vəkili vurğuladı: “Məzkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit portfeli 17 milyard 119 milyon manat olub. Rəsmi statistikada diqqəti çəkən məqamlardan biri kredit portfelinin sahələr üzrə strukturu ilə bağlıdır. Belə ki, 8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu, ipoteka kreditləri də daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. İstehlak kreditləşməsinə meyil bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlılığı baxımından arzuolunan deyil”.

Real sektorun maliyyə aclığı

Açıq deyək ki, bu gün respublikamızda banklar iqtisadiyyatın çəkici qüvvəsi funksiyasını yerinə yetirməkdən çox uzaqdırlar. Biz ayrı-ayrı bankların kredit siyasəti ilə bağlı qısa araşdırma apardıq. Əksər bankların saytlarında real sektora ayrılan kreditlər barədə məlumatlar ya yerli-dibli yoxdur, ya da çox azdır. Hələ bir necə il bundan əvvəl Prezident İlham Əliyev bankların fəaliyyətinin qənaətbəxş olmadığına diqqət çəkərək onlara real sektora dəstək göstərməklə bağlı çağırış etdi. Lakin banklar, hətta bu çağırışdan sonra da hərəkətə gəlmədilər və hazırda da real sektorla məsafə saxlamaq siyasətlərini davam etdirirlər. İndiki dövrün reallıqları - qlobal pandemiya, xarici mənfi şoklar real sektora müəyyən təzyiqlər yaradıb. Belə bir şəraitdə banklar öz məsuliyyətlərini başa düşərək iqtisadiyyatın bərpası prosesinə töhfələrini verməlidirlər. Bu gün Vətən müharibəsində işğaldan azad olunan 110 min kvadratkilometrədək ərazilərimiz, bir növ investisiya poliqonuna bənzəyir. Ancaq banklardan layihələrə maliyyə dəstəyi göstərilməsi ilə bağlı hansısa bir təşəbbüs ya az eşidilir, ya da ümumiyyətlə eşidilmir. Vüqar Bayramov həyəcan təbili çalır. “İqtisadiyyat üçün vacib olan sənaye və istehsala cəmi 971 milyon manat kredit ayrılıb. Bu, ümumi kredit portfelinin cəmi 5,4 faizi deməkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat yönəldilib. Bu da ümumi kredit portfelinin 3,5 faizinə bərabərdir. Göründüyü kimi, kreditlərin cəmi 8,9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. Deməli, bank kreditlərinin, hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb. Statistika bir daha təsdiqləyir ki,  istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur”, - deyə millət vəkili vurğulayıb.

Yüksək faizlər göz qamaşdırır

Kreditlərə və əmanətlərə tətbiq olunan faizlər arasındakı uyğunsuzluq da diqqət çəkən əsas məqamlardandır. Əksər banklar kreditlərə yüksək faizlər tətbiq edirlər. Depozitlərə ödənilən faizlər isə çox aşağıdır. Adətən, banklar kreditlərə 15 və daha yuxarı faizlər tətbiq edirlər. Əmanətçilərin depozitlərinə ödənilən gəlir faizləri isə illik 8-10% arasında dəyişir. Hətta bir sıra banklarda uşaq əmanətlərinə cəmi 5 faiz gəlir ödənilir. 

Kreditlərə və depozitlərə hesablanan faizlər arasında belə uyğunsuzluq heç bir məntiqə sığmır. Aydın görünür ki, banklar yalnız öz maraqlarını güdürlər. Uduzan isə kredit alanda çox xərcləyən, banka əmanət yerləşdirəndə isə az gəlir götürən vətəndaşlar olurlar. Yeri gəlmişkən, respublikamızda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisinin yüksək olduğu  Dünya Bankının məlumatında da qeyd olunub. Bu göstərici son bir neçə ildə 7,17 faizdən təxminən 4 faizədək azalsa da, hələ də region dövlətləri ilə müqayisədə yüksək olaraq qalır.

Heç kəs bankların gəlir götürmələrinin əleyhinə deyil. Ancaq banklar gəlirlərini vətəndaşların mənafeyinin nəzərə alınmaması yolu ilə yox, sağlam rəqabət şəraitində qazanmalıdır. Kreditlərə hesablanan faizlərin yüksək olduğunun fəsadlara yol açdığına diqqət çəkən Vüqar Bayramov vurğulayıb: “Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.

Tənzimləmə siyasətinə ciddi ehtiyac var

İstehlak kreditlərinin həcminin getdikcə artması, eləcə də onlara hesablanan faizin yüksək olması problemli kreditlər məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, banklardan istehlak kreditləri götürənlərin böyük əksəriyyəti gəlir imkanları aşağı olan insanlardır. Onlar kreditlərin aylıq yüksək faizlərini ödəməkdə çətinlik çəkirlər. Hətta elə insanlar da var ki, bir bankdan götürdüyü kreditin faizini ödəməkdən ötrü digər banklardan yeni kreditlər alırlar. Beləliklə, dairə böyüyür, borc yükü daha da artır. İlan vuran ala çatıdan qorxar, deyiblər. Biz də problemli kreditlərin dövlət və cəmiyyət üçün necə ağrılı bir məsələ olduğunu bilirik. Bir neçə il bundan əvvəl - 2018-ci ilin sonları, 2019-cu ilin əvvəllərində ölkəmizdə yaşanan kredit ajiotajı ilə bağlı kədərli təəssüratlar hələ yaddaşlardan silinməyib. Həmin dövrdə Azərbaycan dövləti çətinliklərlə üzləşən, banklarla çəkişmələrdə qalan vətəndaşlarını tək buraxmadı. Dövlət başçısının imzaladığı müvafiq Fərmanla 800 mindən çox insanın yaranmış kredit problemi aradan qaldırıldı. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödənildi.

Heç bir vəchlə yol vermək olmaz ki, ölkə yenidən problemli kreditlərlə üzləşsin. Milli Məclisin deputatı Vüqar Bayramov yenidən bu problemlə qarşılaşmamaq üçün tənzimləmə siyasətinin həyata keçirilməsinin vacib olduğunu bildirdi. Onun sözlərinə görə,  Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur.

Paylaş:
Baxılıb: 257 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

06 İyul 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 İyul 10:09

Sosial

Gündəm

Brüsseldən Bakıya...

05 İyul 09:50  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31