Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Göygöldən İstisuya...

Göygöldən İstisuya...

22.04.2022 [10:02]

Yolun tikintisi 2025-ci ilədək yekunlaşacaq

Nicat PAŞA

44 günlük Vətən müharibəsindən dərhal sonra mənfur düşmənin tapdağından azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir.Yeri gəlmişkən, 80.7 km uzunluğa malik olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, tunel üzrə işlərin 25%-i yerinə yetirilib. Ölkə başçımızın tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Agentlikdən diqqətə çatdırılıb ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, yolun əsas hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Tunel və körpü hissələrdə isə yol 4 hərəkət zolaqlı olacaq. Hazırda yolun 12-13 və 26-28 km-lik hissələrində torpaq yatağının, eyni zamanda zəruri nöqtələrdə suötürücü boruların tikintisi davam edir. 2 hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-cı km-lik hissədə isə yeni su kanalının inşası davam etdirilir.

Bundan başqa, layihə üzrə mövcud çay yataqlarının köçürülməsi 660 metr olmaqla yekunlaşıb. 132 metrlik daş divar və 360 metr uzunluğu olan istinad divarının tikintisi üzrə işlər aparılır, 250 metr uzunluğa malik geosentetik divar üzrə tikinti işləri isə son mərhələdə icra olunur.

Layihənin 13.5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyat keçidinin tikintisi də yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qaya qruntlarından ibarət hissələrin kənarlaşdırılması, suyun kənaşdırılması üçün drenaj işləri və püskürtmə üsulu ilə tunelin daxili hissənin üzlənməsi işləri davam etdirilir. Ümumilikdə tunel üzrə işlərin 25%-i yerinə yetirilib.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində uzunluğu 542, eni 12 metr olan Tunel 1-də də tikinti işlərinə başlanılıb. Artıq tunelin giriş və çıxış hissəsində ümumilikdə 175 metr qazma işləri icra olunub.

Həm yolboyu, həm də tunellərdə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən yüksək səviyyədə aparılır.

Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Hazırda inşası sürətlə davam etdirilən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, 44 günlük Vətən müharibəsinin parlaq qələbəsi işğaldan azad edilmiş ərazilərdən səmərəli istifadə edilməsi üçün yeni reallıq formalaşdırıb: “30 ilə yaxın idi ki, ölkəmizin ərazisinin 20 faizi Ermənistanın işğalı altında idi. Bu da həmin ərazilərimizin iqtisadi potensialından istifadə etmək imkanlarımızı məhdudlaşdırmışdı. 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz və 10 noyabrda imzalanmış üçtərəfli bəyanat torpaqlarımızın erməni işğalına son qoydu, bu ərazilərdən səmərəli istifadə edilməsi üçün yeni reallıq formalaşdırdı”.

Deputat həm də işğaldan azad olunmuş ərazilərimizin turizm potensialının yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kəlbəcər və digər ərazilərimizin cəlbedici təbiəti qarşıdakı dövrdə turistlərinregionasəfərlərinidaha da intensivləşdirəbilər. Digər tərəfdən, həmin regionlar mineral-müalicəvi sularla zəngindir. Bu, ölkəmiz üçün yeni ixrac istiqamətləri formalaşdıra bilər: “Azərbaycanın mineral su ehtiyatlarının 39,6%-i bu ərazilərə düşür. Sovet vaxtında Dağlıq Qarabağın mineral suları şüşələrə qablaşdırılaraq ittifaq respublikalarına ixrac olunurdu. İndi bu təbii mineral su istehsalı imkanlarını yenidən özümüzə qaytarmışıq. Düşünürəm ki, biz burada yeni istehsal sahələri qurmaqla dünyaya yüksək keyfiyyətli, müalicəvi mineral sularını ixrac edə bilərik. Həm də işğaldan azad olunmuş ərazilərin keyfiyyətli müalicəvi su ehtiyatlarına malik olması bu ərazilərdə sanatoriya komplekslərini yaratmaqla turizm sənayesini inkişaf etdirməklə turizm məhsulunun ixracını artıra bilərik”.

Azər Badamovun fikrincə, uzun illər ərzində düzgün qurulmuş iqtisadi siyasət kursu bu gün ölkəmizə mühüm üstünlüklər qazandırıb: “Bu gün azad olunmuş ərazilərimizdə icra olunan işlər onu deməyə imkan verir ki, Qarabağ torpaqları cənnətə çevriləcək. Bütün bu uğurlara imza atmağımızın əsasında Prezident İlham Əliyevin nəyin, necə, nə vaxt lazım olduğunu yaxşı bilməsi dayanır. Bütün işlər müəyyən olunmuş proqram və qrafik üzrə aparılır”.

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31