Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələdə

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələdə

18.05.2022 [10:01]

Mübariz ABDULLAYEV

Milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirir. Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ).  Azərbaycan həm Aİ ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq Tərəfdaşlıq Sazişi üzərində fəal iş aparılır. Ölkəmiz, eyni zamanda,  Aİ-yə daxil olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. İkitərəfli və çoxtərəfli platformalarda qurulan siyasi dialoqun dinamizminə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənərək yeni istiqamətləri əhatə edir. Bakıda keçirilən sayca yeddinci Azərbaycan-Avropa İttifaqı biznes forumu bunu bir daha təsdiqləyir.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu

Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Müharibə tərəflərindən biri olan şimal qonşumuz “qoca qitə”nin “mavi yanacaq” istehlakında təxminən 45, neft tələbatının ödənilməsində isə 25 faiz paya malikdir.  Müharibənin uzanması və Rusiyaya qarşı bir neçə mərhələdə sanksiyaların tətbiqi Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Artıq xeyli vaxtdır ki, Aİ-yə daxil olan ölkələr alternativ enerji mənbələri axtarışındadırlar.

Belə çətin məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən  Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Bu isə yeni ixrac həcmləri deməkdir. 2022-ci ilin ilk rübündə respublikamızda 11,8 milyard kubmetr təbii qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. O cümlədən Türkiyəyə 2,2, Avropaya 2,6, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixracı həyata keçirilib. Bütövlükdə, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracı 15.3 faiz çoxalıb. Avropaya qaz ixracı isə 2.4 dəfə artıb.

Ən böyük ticarət tərəfdaşı

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. 2015-ci ildən bəri Aİ ölkələri və Azərbaycan arasında ümumi ticarət artaraq 2018-2019-cu illərdə təxminən 12,2- 12,4 milyard ABŞ dollarına çatıb. Bu barədə Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir. Sənəddə qeyd edilib ki, hesabat ümumilikdə 24 ölkənin nümayəndələrinin fikirlərini əks etdirir. Sorğuda iştirak edən şirkətlərin 90 faizi KOB-lardır. Müəssisələrin əksəriyyəti Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) (58 faiz) və ya nümayəndəlik ofisləri (31 faiz), eləcə də 5 ildən çoxdur ki, ölkədə mövcud olan şirkətlər (77 faiz) kimi fəaliyyət göstərirlər. Sənəddə vurğulanır ki, 2020-ci ildə COVID-19 ilə əlaqəli azalmadan sonra ticarət 2021-ci ildə 70 faiz artımla yenidən canlanıb. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 15.4 milyard dollar səviyyəsinə qalxıb. Bu, Azərbaycanın xarici ticarətinin 44 faizi deməkdir. 500 milyon istehlakçısı olan və dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələndirilməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxil olmalarında risklərin minimumlaşdırılmasını təmin edir. Cari ildə Azərbaycanın idxalında ən böyük paya malik olan ölkələr Almaniya, İtaliya, Fransa, Polşa və Rumıniyadır. Azərbaycandan ən çox məhsul isə İtaliya, Xorvatiya, Almaniya, Portuqaliya və İspaniyaya ixrac edilir. Bura həm neft, həm də qeyri-neft məhsulları daxildir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda bildirib ki, bu il Avropa İttifaqı ilə ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq. Fikirlərinə davam edən nazir vurğulayıb:  “ Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Aİ məkanından ölkəyə qoyulan investisiya 20 milyard dollardan çoxdur”.

İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu

Azərbaycandakı əlverişli investisiya və biznes mühiti Avropa şirkətlərinin ölkəmizə marağını getdikcə artırır. Yuxarıda bəhs olunan sənəddə vurğulanır ki, Avropa şirkətlərinin 80 faizi öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdırlar. Hesabatın hazırlanması üçün sorğuya cəlb olunan respondentlərin 53 faizi isə burada gələcək genişlənmə planlarına malikdirlər. Azərbaycanda investorlar üçün cəlbedici olan ilk 3 istiqamət müəyyənləşib. Bunlara mülki tikinti, alternativ enerji və yaşıl layihələr, həmçinin nəqliyyat infrastrukturu sahələri daxildir. Bundan əlavə, hesabatda qeyd edilir ki, ən nikbin sektorlara İKT, tikinti və mühəndislik, nəqliyyat, dövlət dəstəyini ən çox hiss edən sektorlara isə turizm və hotelçilik, dağ-mədən, neft və qaz sektorları daxildir. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko forumda çıxışında qeyd edib ki, Aİ-nin İqtisadi İnkişaf və İnvestisiya Planı əməkdaşlıq üçün əla imkanlar vəd edir: “Aİ Azərbaycandakı layihələrə 2 milyard dollar ayırıb və flaqman layihələr elan edib. Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda prioritet sahələr müəyyənləşdirir. Bura ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat və s. daxildir Aİ həm də Azərbaycana iqtisadiyyatını diversifikasiya etməyə kömək edir. Tvinninq kimi layihələrlə Azərbaycana kömək etməyə, kənd yerlərinin inkişafı, ağıllı kənd və şəhər layihələrində dəstəyə hazırıq”.

Hazırda Azərbaycanın gündəliyində 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, ora Böyük Qayıdışı təmin etmək üçün zəruri infrastrukturun yaradılması prioritet istiqamət təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bəhs olunan ərazilərdə nəzərdə tutulan layihələrin icrasına dost ölkələrin şirkətləri də cəlb olunurlar. Biznes forumda qeyd edildiyi kimi, Avropa şirkətləri də işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər. “Azərbaycanda Biznes Mühiti-2021” hesabatının hazırlanması üçün təşkil olunan rəy sorğusunda iştirak edən Avropa şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyalar yatırmağa hazırdırlar. Avropa şirkətlərinin 14 faizi isə artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihələri istiqamətində işə başlayıb. Hesabatı hazırlayan komandanın lideri Boqdana Efe deyib ki, Azərbaycan hökumətinin yaxın gələcək üçün Qarabağ və Şərqi Zəngəzurla bağlı infrastruktur layihələrini elan etməsindən sonra şirkətlərin əksəriyyəti bu regiona investisiya qoymağa maraqlarını açıqlayıb. Yaşıl enerji, alternativ enerji, tikinti və nəqliyyat layihələri şirkətlər üçün prioritet olub.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30