Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 100 faizdən çox artım

100 faizdən çox artım

11.06.2022 [11:00]

Milli turizm sənayesi bərpa mərhələsində...

Mübariz ABDULLAYEV

İqtisadiyyatın gəlirli sahəsi olan turizm həm də geosiyasi proseslərə, müharibələrə, müxtəlif xəstəliklərin kütləvi şəkildə yayılmasına çox həssasdır. Bunu biz 2019-cu ilin sonlarından başlayan və dünyanın təxminən 200 ölkəsini cənginə alan yeni növ koronavirus pandemiyası dövründə bir daha müşahidə etdik. Sərt qapanmalar, virusa yoluxmaq təhlükəsi turizm həvəskarlarını səyahətlərdən kənarda saxladı. Bunun da nəticəsi olaraq iki il ərzində dünya üzrə turizm sektoru əhəmiyyətli dərəcədə kiçildi və həcmi trilyonlarla ölçülən itkilərə məruz qaldı.

Ölkəyə gələnlərin sayında artım

Arzuolunmaz proseslər böyük turizm potensialına malik olan Azərbaycandan da yan ötmədi. Pandemiyadan əvvəlki dövrdə respublikamızda ölkəyə gəlib-getmə qaydalarının sadələşdirilməsi, elektron viza sisteminin tətbiqinə başlanılması, xidmət səviyyəsinin yüksəldilməsi, turistyerləşdirmə obyektlərinin sayının artırılması, turizm potensialına dair müxtəlif tanıtım tədbirlərinin həyata keçirilməsi və bu qəbildən olan digər tədbirlər respublikamızın turizm cəlbediciliyini artırmışdı. Bunu dünyanın dörd bir tərəfindən ölkəmizə gələn turistlərin sayının artmasından da görmək mümkün idi. Ölkəmizin də sərhədlərini keçən pandemiya bu prosesi səngitdi. Respublikamıza həm xaricdən gələnlərin sayı kəskin şəkildə azaldı, həm də ölkə daxilində gediş-gəliş məhdudlaşdı.

Artıq turizm həvəskarlarının arzulamadıqları kabusa çevrilən pandemiyanın pik dövrü arxada qalıb. Karantin qaydalarının yumşaldılması ilə turizm sektorunda da canlanma müşahidə edilməkdədir. Dövlət Turizm Agentliyindən “Yeni Azərbaycan”a bildirilib ki, respublikamızda turizm sənayesi özünü bərpa etməyə başlayıb. Cari ilin yanvar-may aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 468 170 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 118 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 214 628 əcnəbi daxil olmuşdu. May ayında ölkəyə gələn xarici vətəndaşların sayının artım dinamikası daha yüksəkdir. Belə ki, ötən ay respublikamıza 137 491 xarici vətəndaş gəlib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 166 faiz artım deməkdir. Respublikamıza xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə Türkiyə (32 726), Rusiya (28 824), İran (16 139), Səudiyyə Ərəbistanı (8671) və Gürcüstan (6314) yer alır.

Yeni hədəf bazarları

Pandemiyadan sonrakı dövrdə Azərbaycana gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarlarda təbliğat işinin gücləndirilməsi böyük önəm daşıyır. Bu barədə isə Dövlət Turizm Agentliyində milli turizm sənayesinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib. Tədbirdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu coğrafiya üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanı ilə həftədə 13 dəfə, BƏƏ ilə həftədə 36 dəfə, Küveyt və Qətərlə həftədə 7 dəfəyədək olan birbaşa uçuşların yay mövsümü ərzində daha da artırılması planlaşdırılır.

Eyni zamanda, hədəf seçilən ölkələrdə Azərbaycanın turizm potensialının təqdimatı istiqamətində işlər görülür. Azərbaycanın turizm sənayesinin nümayəndələri ötən ay Hindistanın Nyu-Dehli şəhərində keçirilən “SATTE Delhi 2022” sərgisində təmsil olunublar. Sərgidə təşkil olunan milli stenddə ölkəmizi 9 təşkilat təmsil edib. Sərgi çərçivəsində Azərbaycanı təmsil edən qurumlarla xarici turizm şirkətləri arasında B2B formatlı görüşlər keçirilib, əməkdaşlıq imkanları qiymətləndirilib, işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilib. Qeyd edək ki, Hindistanın Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsinin mütəxəssislərinin təcrübələrini bölüşdükləri platformadır. Sərgiyə dünyanın 50-dən çox ölkəsindən və Hindistanın özündən  30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edib.

Cari ilin əvvəlindən bəri ölkəmizin turizm potensialı, həmçinin  Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan “ATM Dubai 2022” (Arabian Travel Market 2022) beynəlxalq sərgisində təqdim olunub. Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri bir qədər bundan əvvəl Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında baş tutan görüşdə müzakirə olunub. Belə görüşlər və tanıtım tədbirləri Mərkəzi Asiyanın digər ölkələrinin təmsilçiləri ilə də keçirilib. Yaponiyadan da respublikamıza turist səfərlərinə gəlmək istəyənlərin sayı kifayət qədər çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi arasında keçirilən görüşdə bildirilib. Görüşdə yaponiyalı turistlərin Azərbaycana marağının yüksək olduğunu qeyd edən səfir Vada Cüniçi iki ölkə arasında birbaşa aviauçuşların yaradılmasının, səyahət agentlikləri üçün qarşılıqlı tanışlıq turlarının və B2B tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.

  “Wego” platformasında yeni onlayn kampaniya

Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib. Kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.

Avqustun 15-dək davam edəcək kampaniya çərçivəsində sosial media hesablarında yerləşdirilən reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət Asiya-Sakit okean regionu, Yaxın Şərq və Hindistan üzrə fəaliyyət göstərərək istifadəçiləri mövcud uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.

Quru sərhədlərinin açılması

Ölkəmizə gəlib-getmə sayının artmasına, heç şübhəsiz ki, quru sərhədlərinin açılması da müsbət təsir göstərəcək. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında məsələnin aktuallığını diqqətə çatdıraraq vurğulayıb: “Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə  ölkəmizin illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir.

Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar, eyni zamanda, quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektorun inkişafına müsbət təsir göstərə bilər”.

                                                 

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30