Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qlobal iqtisadiyyatda uzunmüddətli böhran

Qlobal iqtisadiyyatda uzunmüddətli böhran

17.06.2022 [10:13]

MÜBARİZ

Son illər qlobal iqtisadiyyat üçün şərtlər bütünlüklə əlverişsiz olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Əvvəlcə 2019-cu ilin sonlarından başlayan yeni növ koronavirus pandemiyası səbəbindən əksər ölkələrin sərt qapanma tədbirlərinə əl atması, bunun ardınca isə Rusiya-Ukrayna müharibəsi dünya üzrə istehsal-təchizat-satış zəncirində məcburi qırılmalara yol açdı. Bəhs olunan kədərli mənzərə fonunda qlobal iqtisadiyyatda həcm baxımından kiçilmə davam edir.

Dünya Bankının bədbin proqnozları

Hələ ki, tunelin ucunda işıq görünmür. Əksinə, perspektivdə təhdidlərin daha da artacağı gözlənilir. Bunu Dünya Bankının bədbin proqnozlarından da görmək mümkündür. Qurum son hesabatında ayrı-ayrı ölkələrin iqtisadiyyatı ilə bağlı əvvəl verdiyi proqnozları mənfiyə doğru yeniləyib. Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması nəticəsində 2023 və 2024-cü illərdə 3 faiz civarında olacaq. Qurum ABŞ-da artımın keçən il 5,7 faiz təşkil etməsinə baxmayaraq, bu il yalnız 2,5 faiz olacağını vurğulayıb. Bankın proqnozuna görə, Avropada da keçənilki 5,4 faizlik artımla müqayisədə bu il cəmi 2,5 faiz artım gözlənilir. Dünya nəhəngi Çində isə bu il 4,3 faizlik artım gözlənilir ki, bu da keçənilki 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir. Qurum bunu COV?D-19-a görə ölkədə tətbiq olunan sərt karantin tədbirləri ilə əlaqələndirib.

Dünya Bankının rəyinə əsasən, sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatı ilə sıx münasibətlərdə olan Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qurum hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağını, Mərkəzi Asiyada 2,4 faizə, Cənubi Qafqazda isə 3,4 faizə enəcəyini proqnozlaşdırır.

Enerji təhlükəsizliyinə yaranan təhdidlər əsas səbəb kimi

Qlobal iqtisadiyyatda yaranan çətinliklərin, ilk növbədə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda ayrı-ayrı ölkələrin enerji təchizatında yaranan problemlərlə əlaqədar olduğu bildirilir. Dünya Bankının prezidenti Devid Malpasın vurğuladığı kimi, dünya enerji böhranı yaşayır və onun şiddəti qismən Rusiya ixracını əvəz edəcək yeni yanacaq mənbələrinin tapılıb-tapılmamasından asılı olacaq. “Dünya Rusiya enerjisindən asılılığı azaltsa da, yeni tədarüklər həyati əhəmiyyət kəsb edəcək. Dünyanın yaşadığı böhran qısamüddətli deyil”, - deyə qurum rəsmisi vurğulayıb.

Proqnozlara görə, gələcəkdə Qərb ölkələrinin iqtisadiyyatı üçün Rusiyadan kəsilən enerji daşıyıcılarına əvəz tapılacağı təqdirdə belə, neftin və qazın qiyməti aşağı düşməyəcək və tələbatın artıqlaması ilə ödənilməsi çətin olacaq. Avropada dizel yanacağı böhranının yaxın vaxtlarda səngiyəcəyi ehtimalı çox azdır. Bu isə öz növbəsində “qoca qitə”də sənaye və kənd təsərrüfatı iqtisadiyyatlarında zəncirvari problemlərin baş alıb getməsi anlamına gəlir.

Verilən məlumatlara görə, Rusiyadan enerji məhsullarının idxalına qadağa qoyan ABŞ-da neft həyəcanları artmağa başlayıb. Ölkənin müvafiq dairələri neft ehtiyatlarının azalmasına görə narahatlıq ifadə edirlər. Artıq konqresdə də bununla bağlı müzakirələrə start verilib. Belə ki, konqresin üzvləri Keti Makmopis-Rodceps və Fred Apton Birləşmiş Ştatların energetika naziri Cennifer Qrenholma ölkənin neft ehtiyatları ilə bağlı sorğu göndəriblər. Müraciət müəlliflərinin sözlərinə görə, söhbət ABŞ-ın strateji neft və yanacaq mazutu ehtiyatlarının azalmasından gedir. Hər iki konqresmenin qənaətinə görə, indiki temlərin qalacağı təqdirdə anbarlardakı neft ehtiyatları 2031-ci ilədək 727 milyon barellik maksimal həddən 130 milyon barelədək azala bilər.

ABŞ-da belə kədərli əhval-ruhiyyə əksər iqtisadçılara da hakim kəsilib. Financial Times-də dərc olunan məqalədə bildirilir ki, rəyi soruşulan 49 iqtisadçının 70 faizi 2023-cü ildə Amerika iqtisadiyyatında resessiya gözlənildiyini bildirib. Rəyi soruşulanların 40 faizi vurğulayıb ki, milli iqtisadi tədqiqatlar bürosu iqtisadi artımda azalmanı gələn ilin birinci və yaxud ikinci rübündə bəyan edəcək. Rusiyadan neft idxalına qadağa qoyulmasının ABŞ iqtisadiyyatına və istehlak bazarına mənfi təsirlərini ölkə rəsmiləri də etiraf edirlər. Bundan əvvəl maliyyə naziri Canet Yellen bildirib ki, məlum sanksiyalar daxili bazarda ərzaq məhsullarının və yanacağın qiymətinin qalxması ilə nəticələnib.

Yenə də enerji təchizatındakı çətinliklərə görə artıq Macarıstanda fövqəladə vəziyyət elan edilib. Ekspertlər bu qəbildən olan ölkələrin sayının artacağını istisna etmirlər. Almaniyada ölkənin “mavi yanacaq” təchizatına cavabdehlik daşıyan şirkətinin gələcək fəaliyyətində böyük çətinliklər gözlənilir və quruma maliyyə dəstəyinin verilməsinin zərurətə çevrildiyi açıq şəkildə etiraf olunur. Verilən məlumatlarda bildirilir ki, Avropanın ayrı-ayrı ölkələrində iri şirkətlər enerji daşıyıcılarının çatışmazlığına və yaxud yüksək qiymətlərə görə biri-birlərinin ardınca fəaliyyətlərini dayandırırlar.

Azərbaycan üçün yaranan çağırışlar

Qlobal iqtisadiyyat üçün müşahidə edilən çətin şərtlərə baxmayaraq, Dünya Bankı 2022 və 2023-cü illər üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını sabit saxlayıb. Qurum hesab edir ki, Azərbaycanda 2,7 faizlik iqtisadi artıma nail olunacaq. Gələn il üçün bu göstərici 2,2 faiz təşkil edəcək. 2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı qurum tərəfindən 2,3 faiz civarında proqnozlaşdırılıb.

Ekspertlər dünyada müşahidə edilən prosesləri Azərbaycan üçün yeni fürsətlər və çağırışlar kimi dəyərləndirirlər. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Azər Badamov vurğulayıb: “Azərbaycanın ixracının əsasında neft və qaz kimi strateji məhsullar dayanır. Hazıda birjalarda enerji daşıyıcılarının qiymətlərinin yüksək olması bu məhsulları ixrac edən ölkəmizin gəlirlərini artırır. Ancaq gəlirlərimizin artması heç bir halda arxayınçılıq üçün əsas ola bilməz. Xoşbəxtliyimiz ondadır ki, ölkəmiz hələ qlobal miqyasda indiki vəziyyətin yaranmasından çox-çox əvvəl postneft mərhələsinə optimal transformasiyanı təmin etməyə başlayıb. Prezident İlham Əliyev həmişə öz çıxışlarında neft gəlirlərinin insan kapitalının formalaşdırılmasına və güclü qeyri-neft iqtisadiyyatının qurulmasına yönəldilməsinin zəruriliyini diqqətə çatdırırdı. Eyni zamanda, dövlət başçımızın qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar ölkədə qeyri-neft sektorunun inkişafına güclü təkan verib. Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi olaraq sənaye parklarında yeni müəssisələrin fəaliyyətə başlaması işsizliyin azalmasına və beynəlxalq standartlar səviyyəsində rəqabətqabiliyyətli  məhsulların istehsalına imkan yaradıb. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarının tənəzzüllə qarşılaşdığı bir dövrdə respublikamızda  cari ilin 5 ayında  ümumi daxili məhsul istehsalının 7%-dən çox artması  məhz bundan əvvəlki dövrdə qeyri-neft iqtisadiyyatının potensialının artırılmasını hədəfləyən tədbirlərin reallaşdırılmasının məntiqi nəticəsidir. Qürurverici haldır ki, hazırda Azərbaycan Avropa ölkələrinə elektrik enerjisi ixrac edir. Son illərdə nəqliyyat sektoruna yönəldilən böyük həcmlərdə investisiyalar hesabına reallaşdırılan layihələr sayəsində respublikamız bütövlükdə Avrasiyanın tranzit habına çevrilib. İndiki şəraitdə Azərbaycandan keçən dəhlizlərlə daşımaların artması ölkəmizə əlavə gəlirlər gətirir. Hesab edirəm ki, postpandemiya dövründə turizm sektoru ölkəmiz üçün digər bir gəlirli sahəyə çevriləcək”.

Azər Badamov əlavə edib ki, Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilən ərazilərində də iqtisadi potensial kifayət qədər böyükdür. Bu ərazilərdə qeyri-neft iqtisadiyyatının kənd təsərrüfatı, emal sənayesi, turizm kimi sahələrini inkişaf etdirmək mümkündür və hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq qeyd olunan istiqamətlərdə müvafiq tədbirlər görülür.  Postmüharibə dövründə böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur  bəhs olunan ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə olunmasında mühüm rol oynayacaq.

Paylaş:
Baxılıb: 205 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31