Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pullar necə “çirklənir” və necə “yuyulur”?

Pullar necə “çirklənir” və necə “yuyulur”?

21.06.2022 [11:00]

M.FEYİZLİ

Hazırda çirkli pulların yuyulması və yaxud leqallaşdırılması bütün dünya üzrə aktual mövzulardan birinə çevrilib. Çirkli pul dedikdə qeyri-qanuni yolla əldə edilən gəlirlər nəzərdə tutulur. Belə pulların leqallaşdırılması nəticəsində cinayət yolu ilə əldə olunan gəlir qanuni vəsait kimi görünür. “Çirkli pul”  termini dünya leksikonuna ilk dəfə 1973-cü ildə “Uoterqeyt qalmaqalı”ndan sonra daxil olub. Çirkli pulların yuyulmasını isə ilk dəfə amerikalı qanqster Al Kapone reallaşdırıb. Belə ki, o, qeyri-leqal yolla qazandığı pulları çoxlu sayda camaşırxana açaraq “yuyub” və bu gəliri həmin camaşırxanalardan əldə olunmuş kimi göstərib.

Dünyada çirkli pulların yuyulması mexanizmləri

Dünya təcrübəsində qeyri-qanuni yollarla əldə olunan gəlirlərin leqallaşdırılması və yaxud ağardılması müxtəlif mexanizmlərlə həyata keçirilir. Ən çox yayılan mexanizmlərdən biri şirkətlərin təsis edilməsidir. Əyri yollarla qazanılan pullar məqsədli şəkildə yaradılan belə şirkətlərin “gəlirlərini” təşkil edir. Şirkət şişirdilən gəlirlərə uyğun həcmlərdə vergilər ödəyir. Beləliklə, dövriyyədəki vəsaitlərin qəlp izlərinə şübhələr aradan qalxır. Eyni vaxtda bir necə belə şirkətin yaradılması və onların kağız üzərində qarşılıqlı “əməkdaşlığı” praktikası da geniş yayılıb. Bundan başqa, qiymətli kağızlar, daşınmaz əmlak, qiymətli daşların alınması, qumarxana açmaq, at yarışları təşkil etmək, sənət əsərləri almaq və ya hədiyyə etmək də çirkli pulların yuyulma vasitələrindən sayılır. Ən çox yayılmış üsul isə ofşor şirkətlər və banklar vasitəsilə pulları yumaqdır.

Dünya üzrə çirkli pulların yuyulması geniş hal aldığı kimi, ona qarşı mübarizə tədbirləri də gücləndirilir. 1997-ci ildə  Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi - MONEYVAL yaradılıb. Qurumun əsas məqsədi üzv dövlətlərin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə effektiv sistemlər hazırlamasını və bu sahədə müvafiq beynəlxalq standartlara cavab verməsini təmin etməkdir.  MONEYVAL pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin metod və üsullarının, tendensiyalarının tipoloji araşdırmasını da həyata keçirir.

Azərbaycanın qətiyyətli mövqeyi

Azərbaycan çirkli pulların yuyulması və yaxud leqallaşdırılması praktikası geniş yayılmayan ölkələr sırasında yer alır. Dövlətimiz belə hallara qarşı qətiyyətli mövqe sərgiləyir. Son illərdə respublikamızda iqtisadiyyatın ağardılmasını, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasını hədəfləyən islahatlar həyata keçirilir. Ölkəmizdə neqativ halların əhatə dairəsinin məhdudlaşdırılması bir tərəfdən hüquqi bazanın möhkəmləndirilməsi, digər tərəfdən isə praktiki tədbirlərin həyata keçirilməsi yolu ilə həyata keçirilir. Prezident İlham Əliyev ötən ilin dekabrında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Ölkəmizdə neqativ hallara qarşı davamlı mübarizə bir neçə platforma vasitəsilə aparılır. O cümlədən Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir. Ölkəmiz beynəlxalq  maliyyə monitorinqi orqanları - Eqmont Qrupu, MONEYVAL,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu - FATF-la sıx əməkdaşlıq edir.

Sığorta sektorunun risklərdən qorunması

Son illərdə respublikamızda dinamik inkişaf edən istiqamətlərdən biri də sığorta sekorudur. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumata əsasən, Azərbaycanın sığorta bazarında 20 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i isə qeyri-həyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti, həmçinin 28 sığorta brokeri və 730 sığorta agenti vasitəsilə təmin edilir.

Ötən il respublikamızda sığorta haqlarında artım dinamikası müşahidə edilib. 2021-ci ildə toplanmış sığorta haqları əvvəlki illə münasibətdə 16% (115 mln. manat) artaraq 844 mln. manata çatıb. Artım əsasən könüllü sığorta növləri üzrə baş verib. Belə ki, dövr ərzində könüllü sığorta növləri üzrə artım 17% (84 mln. manat), icbari sığorta növləri üzrə artım isə 14% (31 mln. manat) olub. Könüllü sığorta növləri üzrə artımın əsas drayveri kimi həyatın yaşam sığortası çıxış edib. Belə ki, 84 mln. manat artımın 68 mln. manatlıq hissəsi yaşam sığortasının payına düşür. Ümumilikdə, son 5 il ərzində sığorta haqları 74% (358 mln. manat) artıb.

Yığılan sığorta haqlarının artması ilə yanaşı, bu sektorda çirkli pulların yuyulması ehtimalları da qalmaqdadır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Əliməmməd Nuriyev sığorta sektorunun əyri yollarla qazanılan vəsaitlərin leqallaşdırılmasının risk qrupuna daxil olduğunu bildirib. “Sığorta sektorunda böyük pullar dövr etdirilir. Bu sektor əmlak bazarı ilə sıx əlaqəlidir. Dünya praktikasına nəzər yetirdikdə bəlli olur ki, çirkli pulların yuyulması böyük nisbətlə əmlaklarla bağlı olur. Qeyri-qanuni yolla əldə olunan vəsaitlərlə əmlakın alınması və sonradan satılaraq həmin pulların asanlıqla leqallaşdırılması geniş yayılıb. Buna görə də sığorta şirkətləri əmlakların sığortalanması əməliyyatlarını həyata keçirərkən bütün şübhə doğuran məqamlara diqqət yetirməlidir. Fırıldaqçıların əməllərinin baş tutmaması üçün sığorta sektorunda çalışanların peşəkarlığından çox şey asılıdır. Hazırda beynəlxalq MONEYVAL təşkilatının ölkəmiz üzrə hesabatı hazırlanmaqdadır. Bu hesabatın 2024-cü ildə təqdim olunması gözlənilir. Həmin hesabatda ölkəmizin mövqeyinin yaxşılaşması həm də sığorta təşkilatlarının fəaliyyətindən asılı olacaq”, - deyə Əliməmməd Nuriyev əlavə edib..

Mərkəzi Bankın tədbirləri

Azərbaycan Mərkəzi Bankı çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyat sığorta şirkətləri ilə davamlı iş aparır. Bu barədə “Yeni Azərbaycan”a Mərkəzi Bankdan bildirilib. Bankın məlumatında vurğulanıb: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda monitorinq iştirakçılarına, o cümlədən sığorta şirkətlərinə münasibətdə aidiyyəti tələblər nəzərdə tutulub. Həmçinin Maliyyə Monitorinqi Xidmətinin “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair” Tələblər ilə də müvafiq sahədə həyata keçirilməli olan tədbirlər müəyyən edilib”.

Yeri gəlmişkən, bu günlərdə həyat sığortası sahəsi üzrə ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə Mərkəzi Bankda görüş keçirilib. Görüşün əsas məqsədi bu təşkilatlar tərəfindən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətləri müzakirə etmək, praktiki məsələlər və tətbiq edilən yanaşmalar ətrafında qarşılıqlı fikir mübadiləsini aparmaqdan ibarət olub.

Sığortaçıların özləri nə deyirlər?

Bəhs olunan görüş barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev vurğulayıb: “Görüş zamanı Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə, praktiki nümunələrinə, xüsusi indikatorlarına və bu sahədə qanunvericiliyin tələblərinə dair geniş məlumat verilib, sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılıb. Ölkəmizdə sığorta vasitəsilə pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi hallarına bu günə qədər rast gəlinməyib. Bu kimi neqativ hallar əsasən digər xarici ölkələrin sığorta bazarlarında qeydə alınıb. Lakin buna baxmayaraq ölkəmizdə bu kimi neqativ halların yaşanmaması üçün tədbirlərin keçirilməsi priventiv əhəmiyyət kəsb etməkdədir”.

Elmar Mirsalayevin sözlərinə görə, ölkəmizdə maliyyə bazarlarına nəzarətedici orqan olan Mərkəzi Bank tərəfindən bu kimi neqativ hallarla mübarizə istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur, dünya təcrübəsi araşdırılır və bazar iştirakçıları mütəmadi olaraq məlumatlandırılırlar. “Biz də Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq sığorta bazarında fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusuna həsr olunmuş təlimlər təşkil edirik. Bu təlimlər sığortaçıların bu və digər neqativ hallara qarşı hazırlıqlı olub, priventiv addım ata bilməkləri üçün şərait yaradır.”

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30