Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünyanın sabitlik və inkişaf adası

Dünyanın sabitlik və inkişaf adası

20.07.2022 [10:33]

Prezident İlham Əliyev: Sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın

Mübariz ABDULLAYEV

Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin sosial-iqtisadi inkişafı ətraflı təhlil olundu. Müşavirədə dövlət başçısının, müvafiq icra strukturlarının rəhbərlərinin səsləndirdikləri faktlar nikbinlik üçün ciddi əsaslar yaradır. Aydın şəkildə görünür ki, respublikamız əvvəlki illərdə qurulan möhkəm təmələ, özünün iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanmaqla uğurlu inkişafını davam etdirir. Prezident İlham Əliyev müşavirədə söylədiyi nitqində 2022-ci ilin birinci yarısında qazanılan uğurlardan məmnunluğunu bildirərək vurğulayıb: “İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir”.

Dünyadakı kədərli mənzərə

İndiki dövrdə ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığını təmin etmək heç də asan məsələ deyil. Hər şey müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Beynəlxalq səviyyəli reytinq agentliklərinin hesabatlarında açıq şəkildə etiraf olunur ki, son illərdə dünyadakı kədərli mənzərə fonunda iqtisadi inkişaf üçün şərtlər heç də arzuedilən deyildir. 2020-ci ildən bəri dünya yeni növ koronavirus pandemiyasının gətirdiyi fəsadlarla çalxalanır. Pandemiya səbəbindən ölkələrin sərt qapanma tədbirlərinə əl atmaları təchizat-satış zəncirində qırılmalara yol açdı, əmək bazarına ciddi təhdidlər yarandı, iqtisadi fəallıq əhəmiyyətli dərəcədə aşağı düşdü. Bunun ardınca isə ölkələr cari ilin ilk aylarından öz üzərilərində Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini hiss etməyə başlayıblar. Pandemiyanın pik mərhələsindən sonra qlobal iqtisadiyyatda çevik canlanma proseslərinin müşahidə ediləcəyinə bəslənilən ümidlər artıq keçmişdə qalıb, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Hələ ki, tunelin ucunda işıq görünmür. Əksinə, perspektivdə təhdidlərin daha da artacağı gözlənilir. Bunu Dünya Bankının bədbin proqnozlarından da görmək mümkündür. Qurum son hesabatında ayrı-ayrı ölkələrin iqtisadiyyatı ilə bağlı əvvəl verdiyi proqnozları mənfiyə doğru yeniləyib. Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması nəticəsində 2023 və 2024-cü illərdə 3 faiz civarında olacaq. Qurum ABŞ-da artımın keçən il 5,7 faiz təşkil etməsinə baxmayaraq, bu il yalnız 2,5 faiz olacağını vurğulayıb. Bankın proqnozuna görə, Avropada da keçənilki 5,4 faizlik artımla müqayisədə bu il cəmi 2,5 faiz artım gözlənilir. Dünya nəhəngi Çində isə bu il 4,3 faizlik artım gözlənilir ki, bu da keçənilki 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir.

Dünya Bankının rəyinə əsasən, sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatı ilə sıx münasibətlərdə olan Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qurum hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağını, Mərkəzi Asiyada 2,4 faizə, Cənubi Qafqazda isə 3,4 faizə enəcəyini proqnozlaşdırır.

Bu gün okeanın o tayında, Avropada kəskin inflyasiya və enerji böhranı yaşanır. ABŞ-da enerji daşıyıcılarının, o cümlədən də benzinin, dizel yanacağının qiymətlərinin kəskin artması, federal ehtiyatların azalması həyəcanla izlənilir. Hazırda varlı Avropada inflyasiyanın tüğyan etməsi acı təəssüf hissi doğurur. “Qoca qitə” sözün əsil mənasında inflyasiya bataqlığına düşüb. Avropa İttifaqı (Aİ) məkanında inflyasiyanın artması enerji daşıyıcılarının bahalaşması ilə izah olunur. Avrozona ölkələrində enerji qiymətlərinin illik artımı 39,2% təşkil edib ki, bunun da mənfi təsirləri digər sektorlarda özünü çox gözlətməyib. Ən yüksək inflyasiya göstəriciləri Baltikyanı ölkələrdə - Latviya, Litva və Estoniyada müşahidə edilib. Yüksək inflyasiya Mərkəzi Avropanın bir sıra ölkələrində, o cümlədən Çexiya, Slovakiya, Macarıstan və Polşada yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Qiymətlərin artması, həmçinin son aylarda Almaniya cəmiyyətində bir məyusluq, biznes sektorunda özünə inamsızlıq və qeyri-müəyyənlik yaradıb. İnvestorlar uzunmüddətli planlar qurmağa ehtiyat edirlər, çünki hər hansı sərmayə qoyuluşu düzgün hesablama aparılmasını tələb edir, lakin inflyasiya və qiymətlərin sürətlə artması buna imkan vermir. Dünyanın kədərli mənzərəsini əks etdirən belə misalların siyahısı çox uzundur.

Azərbaycanın nümunəvi modeli

Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan sabitlik və inkişaf adası kimi diqqət çəkir. Düzdür, respublikamız  uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edib və bu səbəbdən də mənfi xarici şokların təsirlərini bütünlüklə önləmək mümkün olmur. Bununla belə, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji kurs, hökumətin gördüyü prevantiv tədbirlər milli iqtisadiyyatımızda ötən il bərpa prosesini uğurla yekunlaşdırmağa imkan verdi. Cari ilin əvvəlindən isə istehsalda, ixracda genişlənmə prosesləri müşahidə edilməkdədir. Müşavirədə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. İlin birinci yarısında respublikamızın xarici ticarəti böyük dərəcədə - təxminən 70 faizdən çox artıb. O cümlədən ölkədən ixrac 2 dəfədən çox genişlənib. İxracın strukturunda qeyri-neft məhsullarının ixracının 25 faizdən çox artması məmnunluq doğurur. Bütövlükdə xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil edib.

Uğurlu sənayeləşmə siyasəti

Müasir dövlət kimi inkişaf edən Azərbaycanda sənayeləşmə prioritet istiqamətlərdən birini təşkil edir. Əlamətdar haldır ki, respublikamızda çətin keçən 2022-ci ildə də sənayeləşmə siyasəti uğurla davam etdirilir. Xüsusilə də dövlət başçısının təşəbbüsü ilə yaradılan sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb. Son altı ayda respublikamızdan sənaye məhsullarının ixracı 42 faizədək artıb. Bu da ölkənin sənaye potensialının artırılması ilə birbaşa bağlıdır.

Müşavirədə bildirildiyi kimi, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr - “SOCAR Karbamid”, “SOCAR Metanol”, “Azerfloat” artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzərində fəal iş aparılır. Mikayıl Cabbarov dövlət başçısının tapşırığına uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi təqdim edib. Onun məlumatına əsasən,  Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşası artıq başa çatdırılıb və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir. Dövlət başçısının tapşırığına uyğun olaraq Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur.

Müşavirədə dövlət başçısı Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələyə diqqət çəkib. İndiki şəraitdə respublikamızın üzərindən tranzit daşımalarının həcmlərinin artmasını nəzərə alsaq, bu, olduqca aktual məsələdir. Təhlükəsiz, sabit məkan kimi fərqlənən Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika habına çevrilməkdədir. Artan tranzit yük həcmlərini aşırmaq üçün mövcud infrastrukturun, o cümlədən də sözügedən müəssisənin genişləndirilməsinə zərurət yaranıb. Zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verəcək.

Maliyyə imkanlarının genişlənməsi

Son illərdə qlobal miqyasda müşahidə edilən mənfi proseslər ayrı-ayrı ölkələri ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoyub. Xatırladaq ki, qlobal pandemiyanın pik mərhələsində bəzi ölkələr hətta sosial xərclərini belə ixtisara salmaq məcburiyyətində qalmışdılar. Verilən məlumatlara görə, təxminən 150 ölkə yardım üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Azərbaycanın adı bu siyahıda yoxdur. Ölkəmiz pandemiya dövründə əhalinin sağlamlığının qorunmasına, sosial müdafiə tədbirlərinə, iş yerlərinin qorunmasına, kiçik və orta biznesin dəstəklənməsinə böyük həcmlərdə vəsait ayırdı. 44 günlük Vətən müharibəsini yada salaq. Bu da ölkəmizin xərclərini əhəmiyyətli dərəcədə artırdı. Müharibə Zəfərlə başa çatdıqdan dərhal sonra isə respublikamız işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı quruculuq-abadlıq işlərinə start verdi. Söhbət tamamilə dağıdılmış 11 min kvadratkilometrə bərabər ərazilərin əsaslı şəkildə yenidən qurulmasından gedir. Burada Böyük Qayıdışı təmin etmək məqsədilə zəruri infrastruktur qurmaq, şəhər və kəndləri bərpa etmək, iş yerləri yaratmaq lazımdır. Azərbaycan yenə də güclü dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, işğaldan azad olunmuş ərazilərin bərpasına lazım olan qədər vəsait ayrılır və bundan sonra da ayrılacaq.

Ölkənin qarşısında duran bütün bu kimi strateji məqsədlərə çatmaq üçün böyük həcmlərdə maliyyə vəsaitləri yönəldilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız da artmaqda davam edir. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Prezident İlham Əliyev Azərbaycanın məhz düşünülmüş, məqsədyönlü siyasət sayəsində belə uğurlara nail olduğunu diqqətə çatdıraraq vurğulayıb: “Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir”.

Ədalətli resurs bölgüsü

Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir və ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Ölkəmizin iqtisadi-maliyyə imkanları artdıqca müxtəlif təyinatlı sosial proqramların da reallaşdırılmasına daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir və onların əhatə dairəsi genişləndirilir. Bu baxımdan 2022-ci ilin birinci yarısı da istisna təşkil etməyib. Azərbaycanın sosial siyasətinə diqqət çəkən Prezident İlham Əliyev “Sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub”, - deyə vurğulayıb.

Müşavirədə cari ilin birinci yarısında respublikamızda ardıcıllıqla həyata keçirilən sosial layihələrdən ətraflı bəhs edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verərək bildirib ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon insan əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisinin bildirdiyinə görə, sosial ödənişlərdə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.

Paylaş:
Baxılıb: 151 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31