Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rəqəmsal inkişafa vergi güzəştləri

Rəqəmsal inkişafa vergi güzəştləri

21.12.2022 [10:18]

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər özündə nəyi ehtiva edir?

MÜBARİZ

Ölkədə biznes mühitinin davamlı olaraq optimallaşdırılması, investisiya cəlbediciliyinin artırılması Azərbaycanın iqtisadi siyasətinin əsas hədəfləri sırasında yer alır. Buna nail olmaq üçün isə müasir çağırışlar, yeni inkişaf trendləri nəzərə alınmaqla əhatə dairəsi kifayət qədər geniş olan islahatlar həyata keçirilir. Vergi qanunvericiliyinin ardıcıl şəkildə təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi də son nəticədə ölkədə iqtisadi fəallığın artırılması, prioritet sahələrin üstün inkişafının təmin edilməsi məqsədi daşıyır. Respublikamızda növbəti ildən vergi qanunvericiliyində yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu günlərdə  Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Vergi Məcəlləsinə” dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən  məcəlləyə yeni kateqoriya - “texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs” əlavə olunur.

Azərbaycanın yeni sənaye inkişafı hədəfi

Vergi məcəlləsinə bəhs olunan yeni kateqoriyanın əlavə olunması Azərbaycanın niyyətini ifadə edir. Hazırda bütün dünyada məhz texnologiyalarla bağlı olan dördüncü sənaye inqilabı dövrü yaşanır. Prezident İlham

Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirildiyi kimi, dünya ölkələrinin iqtisadiyyatlarında sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada rəqəmsal texnologiyaya keçid prosesi getdikcə daha dönməz  xarakter alır. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Sahənin cəlbediciliyi, həm də onun yüksək gəlirliliyi ilə bağlıdır. Nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, İKT infrastrukturuna qoyulan  1 ABŞ dollar həcmində investisiya  üç dəfədən çox gəlir gətirə bilər. Hətta ehtimal olunur ki, 2025-ci ildən sonrakı dövrdə bu rəqəm beş ABŞ dollarına çatacaq.

Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətlə genişləndirir və onun coğrafiyasını böyüdür. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün iqtisadi siyasətini yeni qlobal meyillərə uyğun qurur. Ölkəmiz çox sürətlə dördüncü sənaye inqilabının hədəflərinə doğru irəliləyir. 2021-ci ildə Prezident İlham Əliyev respublikamızda Dördüncü Sənaye İnqilabına keçidin hüquqi əsaslarının möhkəmləndirilməsini və institusional infrastrukturun yeni çağırışlara uyğunlaşdırılmasını hədəfləyən iki mühüm sənəd imzaladı. Bunlardan biri 2021-ci il 6 yanvar tarixində imzalanmış  “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərmandır. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmanla isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Bütün bunlar Azərbaycan dövlətinin rəqəmsal transformasiyaya böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.

Ölkəmizdə paralel şəkildə dayanıqlı rəqəmsal infrastrukturun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Eləcə də rezidentlər müasir innovativ texnologiyalarla işləyən yeni istehsalatların yaradılmasına böyük maraq göstərirlər. Azərbaycan dövləti ölkədə bu proseslərin daha sürətlə getməsini təşviq edir. Niyyət ondan ibarətdir ki, dünyadakı ən son texnologiyalar milli iqtisadiyyatımızda tətbiq olunsun və bu yolla məhsuldarlıq, keyfiyyət göstəriciləri yüksəlsin. Vergi qanunvericiliyinə nəzərdə tutulan müvafiq dəyişikliklər də respublikamızda rəqəmsal texnologiyalara əsaslanan iqtisadiyyatı daha da stimullaşdırmaq, bu sahənin cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Sahibkarlar yeni güzəştlərdən bəhrələnəcəklər

Bəs Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə sahibkarlar hansı güzəştləri əldə edəcəklər? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Nəzərdə tutulan dəyişiklikləri “Yeni Azərbaycan”a şərh edən Vüqar Bayramov vurğulayıb: “Layihəyə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində müəyyənləşir. Bu, o deməkdir ki, gələn ildən növbəti 3 il müddətində sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirənlərin 8 min manatadək olan gəlirləri vergidən azad olunacaq. 2026-cı ildən sonra 7 illik müddətində cəmi 5 faizlik gəlir vergisi tətbiq olunacaq.

Digər dəyişikliyə əsasən, sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmalar da tətbiq olunacaq.

Təklif olunan dəyişikliklər sektorun inkişafı baxımdan vacib hesab olunur. Bunun eyni zamanda yeni xarici investisiyanın cəlbinə də şərait yaradacağı gözlənilir. Layihə komitədə dəstəklənərək Milli Məclisin plenar iclasına tövsiyə olundu. Dəyişikliklərin gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir”.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28