Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın unikal modeli: Dövlət və cəmiyyət tərəfdaşlığı

Azərbaycanın unikal modeli: Dövlət və cəmiyyət tərəfdaşlığı

17.06.2022 [10:05]

Mübariz ABDULLAYEV

Azərbaycanın güclü dövlət kimi inkişafını, respublikamızın beynəlxalq nüfuzunun artmasını və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür. Aktiv vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu bu amillər sırasında xüsusi yer tutur. Cəmiyyətin bütünlüklə milli maraqlara fokuslanması və ölkənin qanunlarla, hüquqi baza çərçivəsində idarə olunması respublikamızda ardıcıllıqla aparılan siyasətin iki prioritet istiqamətini təşkil edir. Başqa sözlə desək, respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu paralel şəkildə inkişaf etdirilir, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqinə “yaşıl işıq” yandırılır.

Müstəqil Azərbaycanda fəal vətəndaş cəmiyyətinin formalaşması, bu sahədə institusional təsisatların yaranması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyanın 1995-ci ildə qəbul edilməsindən sonra mümkün oldu.

Bu sənəd fəal vətəndaş cəmiyyətinin formalaşmasının və hüquqi dövlət quruculuğunun cərçivələrini müəyyənləşdirdi, proseslərə möhkəm hüquqi əsaslar yaratdı. Respublikamızda 2000-ci ildə Konstitusiyanın müddəaları əsas götürülməklə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun qəbul olundu. Bundan sonra milli QHT platforması, Milli QHT Forumu yaradıldı. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə ölkəmizdə fəal vətəndaş cəmiyyətinin formalaşmasında keyfiyyətcə yeni bir mərhələ başladı.

Hazırda respublikamızda QHT-lərə dövlət dəstəyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənən Nizamnaməyə əsasən, Agentlik qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs kimi müəyyənləşdirilib. Bütövlükdə, respublikamızda ötən illərdə QHT-lər üçün hüquqi çərçivələr inkişaf etdirilib.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün yaradılan hüquqi baza ekspertlər tərəfindən müsbət dəyərləndirilir. Hazırda, bu sahənin fəaliyyəti bir neçə sənədlə, o cümlədən Konstitusiya, Mülki Məcəllə, QHT-lər (ictimai birliklər və fondlar) haqqında Qanun, hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanun, Qrantlar haqqında Qanun, Könüllülük fəaliyyəti haqqında Qanun, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamları, eləcə də bu sahəni idarə edən digər normativ hüquqi sənədlərlə tənzimlənir. Eyni zamanda, Konstitusiyaya əsasən, QHT-lərin fəaliyyəti bir sıra beynəlxalq hüquqi sənədlərlə də tənzimlənir. Bu beynəlxalq aktlara İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Avropa Konvensiyası və s. daxildir. Respublikamızda QHT-lərin səmərəli fəaliyyəti üçün möhkəm qanunvericilik bazasının yaradılması ilə yanaşı, dövlət idarəçiliyinin bütün sahələrində hüququn aliliyinin, şəffaflığın təmin olunması, neqativ halların əhatə dairəsinin kiçildilməsi, eləcə də vətəndaş məmnunluğunun artırılmasını hədəfləyən davamlı tədbirlərin görülməsi də qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün optimal mühitin formalaşmasını təmin edir.

Son illərdə ölkəmizdə elektron hökumət idarəçiliyinin əhatə dairəsi genişləndirilir. Bir sıra xidmətlər vətəndaşlara e-Hökumət portalı üzərindən təqdim olur. Azərbaycan bütün dünyada tanınan “ASAN xidmət” kimi intellektual milli brendə malikdir. Bütün bunların nəticəsi olaraq ölkədə kağız sənəd dövriyyəsi, vətəndaş-məmur təmasları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Bu kimi amillər respublikamızda vətəndaş cəmiyyətinin institutlaşmasına, QHT şəbəkəsinin genişlənməsinə, iştirakçılığın artmasına öz müsbət təsirini göstərir. Respublikamızda qeydiyyata alınan QHT-lərin sayının 4 minə çatması bunu əyani şəkildə təsdiqləyir. Əlbəttə, məsələ yalnız say çoxluğunda deyil, QHT-lərin fəaliyyətinin səmərəliliyi daha önəmlidir. Düzdür, hazırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bəzilərinin xaricdəki maliyyə mənbələrinə bağlılığı istisna olunmur. Belələri anti-Azərbaycan dairələrdən aldıqları qrantlar müqabilində öz üzərilərinə çirkin öhdəliklər götürürlər və milli maraqlarımızla bir araya sığmayan əməllərə rəvac verirlər. Bunlar “beşinci kolon” düşərgəsində təmsil olunan marginal qruplardır.

Belə istisnalara rəğmən, bütövlükdə respublikamızda vətəndaş cəmiyyəti sektorunda mənzərə müsbətdir. QHT-lərin böyük əksəriyyəti ölkənin sabahı üçün müəyyənləşdirilən hədəflərə çatılmasına dəstək verməyə səy göstərir. Bu gün Azərbaycan cəmiyyəti mobil, ümummilli məqsədlər ətrafında birləşən bir cəmiyyətdir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Biz 44 günlük Vətən müharibəsində Azərbaycan cəmiyyətinin qətiyyətli iradəsinin və səfərbərliyinin şahidi olduq. Vətən müharibəsində igid hərbiçilərimiz misli görünməmiş şücaətlər göstərərək düşməni kapitulyasiyaya məruz qoydular. Bu qələbənin təmin olunmasında cəmiyyətin, bütün xalqımızın Orduya dayaq durması da mühüm rol oynadı. Və yaxud biz son illərdə “Regional inkişaf” ictimai Birliyinin timsalında QHT sektorunun ölkəmizdə aparılan quruculuq işlərinə, vətəndaş məmnunluğunun təmin olunmasına böyük töhfələr verdiyinin şahidi oluruq.

Dövlət dəstəyindən bəhrələnən ayrı-ayrı QHT-lər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün fəal təşəbbüslər irəli sürür. Belə layihələrə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən məmnuniyyətlə maliyyə dəstəyi göstərilir. Respublikamızda dövlətin təşviq tədbirlərinin, Heydər Əliyev Fondunun dəstəyinin nəticəsi olaraq getdikcə genişlənən könüllülər hərəkatı Azərbaycanın müasir simasını əks etdirir. Könüllülərin timsalında bütün dünya görür ki, Azərbaycan gəncləri müasir düşüncəli olduqları qədər də milli köklərə, ənənələrə bağlıdırlar, Vətənə böyük sevgi bəsləyirlər. Könüllülük fəaliyyəti həm də Azərbaycan cəmiyyətinin ən avanqard və fəal hissəsi olan gənclərin müxtəlif sahələrdə, o cümlədən də dövlət idarəçiliyində təcrübə toplamaları, gələcəyin kadrları kimi formalaşmaları baxımından da böyük önəm daşıyır. Bu deyilənlər bir daha təsdiqləyir ki, Azərbaycanda dövlət-cəmiyyət tərəfdaşlığı yüksək səviyyədədir və bu sahədə ümumi inkişafımıza güclü təkan verən unikal bir model formalaşıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 102 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30