Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bir tarix, iki məqam...

Bir tarix, iki məqam...

26.07.2022 [10:47]

53 yaşlı “Dəli Kür”ü niyə yanlış anladıq?

Müşfiqə BAYRAMLI

İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında yazdığı ssenari üzrə Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film (1969) nəsrin ekranlaşdırılması sahəsində uğurlu addım oldu. Filmin ana xətti nüfuzlu, hamının çəkindiyi Cahandar ağanın qonşu kənddən Mələk adlı qadını qaçırması kimi anlaşılsa da, mahiyyət bambaşqa idi. Hər kəs ana xətdən uzaqlaşıb, ağanın həyat tərzinin doğru olub-olmamasının hayına düşmüşdü. Amma...

Axı, nə üçün baqqal oğlu atası kimi ömrünü baqqallıqda çürütsün?

 Şah əsər təhsilin önəmini çatdırmağa çalışırdı. “Savadlı adamlar nə qədər çox olsa, ədalətsizlik də bir o qədər az olar. Hətta tədricən yox olub gedər” deyə car çəkib insanları təhsilə səsləyirdi. Yazıçının daxili iztirabını və hayqırtısını məhz rus Əhməd ləqəbli obrazın monoloqunda daha aydın duya bilərik. Qəhrəmanımız imperatorun əmri ilə müsəlmanlar üçün təşkil edilən Qori seminariyasında uşaqlarının təhsil alması üçün valideynlərini razı salmağa çalışırkən deyirdi: “Ay camaat, bu saat sizin övladlarınızın taleyi həll olunur. Axı, niyə xeyrinizi başa düşmürsünüz? İki-üç il bir göz qırpımında gəlib keçəcək. Uşaqlarınız savadlanacaq. Qayıdandan sonra gəlib öz qardaşlarını, bacılarını da oxudacaq. Axı, nə vaxta qədər bizim balalar “əlifzəbər ə beyzəbər be” deyə-deyə qalacaq?  Nə vaxta qədər? Ay, başınıza dönüm, onu da bilin ki, orada - Qori seminariyasında oxuyan uşaqlar elə sizin kimi adamların balalarıdır. Axı, niyə? Niyə elə gərək faytonçunun oğlu hökmən fayton sürsün? Axı, nə üçün elə qəssab oğlu ömrüboyu əlində balta doğrasın? Axı, nə üçün baqqal oğlu atası kimi ömrünü baqqallıqda çürütsün. Bəlkə, uşaqlar bunu istəmir? Bəlkə, onları Allah daha böyük işlər üçün yaradıb? Bəlkə, gələcəkdə onlardan yaxşı müəllim, həkim, aqronom olacaq, alim olacaq?”.

Qarşılığında isə “Rədd ol get, sənin təhsilin lazım deyil” səsləri ucaldı. İçlərindən isə yeganə ümid səsi: “Qoy, mənim oğlum çıxsın getsin” dedi.

Əsərdə seminariyaya getməyə söz verən, amma sözünə xilaf çıxan Şamxala yazıçının ikicə kəlmə sözü vardı. Şamxala dostu Osmanın dilindən “Gərək bu dünyada yaxşı ad çıxarasan, iz qoyub gedəsən. Mən ölərəm, amma verdiyim sözdən dönmərəm” xitabı əsərin mahiyyətini daha da ucalara qaldırdı. Sözün əsl mənasında, şah əsər hər gün vərəq-vərəq oxuyub dərk ediləcək mahiyyəti özündə qoruyub saxlayırdı.

Burada 19-cu əsrin ortalarında rusların Qafqazı işğalı, o cümlədən Azərbaycanın işğalı əsnasında rus imperiyasının əyalətlərdə apardığı siyasətindən də yetərli qədər bəhs olunurdu. Sovet ideologiyasının milli ideologiyalar üzərinə kölgə saldığı dövrdə belə bir əsərin yazılması milli ruhun təntənəsi idi. “Dəli Kür” milli varlığımızı yaşatmaq, qorumaq və gələcəyə ötürmək cəsarətinə görə sovet dövrü ədəbiyyatının qəhrəman romanı adını daşımağa layiqdir.

- Yollarınız tozludur.

- Təəssüf ki, əziz qonaq, bu saat bütün imperiya toz içindədir.

Və yaxud

“Axır ki, əlahəzrət imperator biz müsəlmanların da qeydinə qalmağa vaxt tapdı”.

Dialoqları bu fikri bir daha təsdiqləyirdi.

Müəllim Kipianinin həbsinə seminariya tələbələrinin etirazı filmin ən təsirli və vəfa örnəyi nümayiş etdirən məqamlardan biri idi. Bundan başqa, rus Əhməd ləqəbli Əhməd Vəliyevin həbsə aparılarkən kənd əhalisi ilə səssiz vidası da ürəkləri sızladırdı.

Rus Əhməd: Qayıdandan sonra gəlib öz qardaşlarını, bacılarını da oxudacaqlar

İllər keçdi... Həmin tələbələr Göytəpə kəndinə qayıtdılar. Təhsillərini başa vurmuş Şamxalla Osman onlara olan ümidi doğruldub, yeni-yeni gənclərin yetişməsinə vəsilə oldular. İçlərində qızların da olduğu şagirdlər ilə gələcəyin ucsuz-bucaqsız üfüqlərinə addımladılar.

Sonda quşbaxışı gördüyümüz Kür artıq sevincdən coşurdu. Onun sevincini isə Gülağa Məmmədovun ürəyəyatımlı səsi bəzəyirdi:

Həyatına bağlısan bu Vətənimin

Sən nəfəsi olmusan can gülşənimin

Keçmişimin, bu günümün aynasısan

Bu dünyada sən arzular dünyasısan...

Sənsən həyatım mənim,

Dərdim-dərmanım mənim,

Mavi dastan, Kür,

Sahilləri gülüstan Kür!

Artıq rus Əhmədin də, müəllim Kipianinin də, elə böyük yazıçımızın da ürəyi rahatlıq tapa bilərdi. Bu sonluq maarifçilik ideyasının çiçəkləndiyini bəyan edirdi.

Filmə SSRİ təzyiqi... epizodlar kəsildi

Filmin çəkilişləri haqqında zamanla maraqlı məqamlar gün üzünə çıxmağa başladı. Əsasən Qazaxda, Kür qırağı sahələrdə, Şamaxıda Çuxuryurdda, Dədəgünəş kəndində, bir də pavilyonlarda çəkilib. Xatirələrdə qeyd olunub ki, əvvəlcə film rəngli olsa da, Moskva sonradan icazə verməyib. Nəticədə film ağ-qara çəkilib. Bundan başqa, filmə qarşı SSRİ-də təzyiqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.

Filmin sonluğu başqa cür olduğu üçün bir neçə epizod kəsib çıxarılmışdı. Həmin hissələr kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq, Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdi.

Novruz bayramı ilk dəfə ekranda

Başqa bir səhnə Novruz şənliyinin təsviridir. Amma bu səhnə təsvir baxımından çox, mənəvi cəhətdən daha əhəmiyyətlidir. “Dəli Kür”də Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarıldı. Məlum olduğu kimi, bu bayrama dini don geyindirib yasaq etmişdilər. Nəhayət, Adil İsgəndərovun kinostudiyaya gəlişindən sonra bayram filmlərdə əks olunmağa başladı. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Həmin epizod Dədəgünəş kəndində quruldu. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu.

Ceyhun Mirzəyev o qədər təbii oynayır ki, sonra qolu əzilir

Yazıçının oğlu Elçin Şıxlı da filmdə çəkilərkən çox balaca olmasına baxmayaraq, bir çox məqamları belə xatırlayır: “Filmin ssenari müəllifi atam idi deyə, mən bir çox səhnələrin çəkilişində iştirak etmişəm. Mənim də o vaxt 12 yaşım var idi. Apardılar qrimlədilər, paltarımı dəyişdilər. Kütləvi səhnə üçün Həsən müəllim hərəyə öz tapşırığını verdi. Mənə də dedi ki, “motor” deyilən kimi qaçarsan hoppanarsan divardakı rəfin üstünə, kamera sənin üstünə gələndə “əqrəb-əqrəb” deyə qışqırarsan. Mən də necə demişdi, elə də etdim. Həmin səhnə Həsən müəllimin çox xoşuna gəldi”.

Bundan əlavə, seminariya səhnələrinin bir hissəsi Qazaxda çəkilib. Kipianini kazaklar gəlib aparanda Osman obrazını oynayan Ceyhun Mirzəyev həyətdəki həyəcan zəngini vurur. Həmin səhnə çəkilən zaman Ceyhun Mirzəyev dartınır, kazakların əlindən sivişib çıxır, ikinci dəfə zəngi çalmağa başlayır, sonra bir də onu tuturlar. Aktyor həmin rolu o qədər təbii oynayır ki, dubllardan sonra Ceyhunun qolu əzilir.

53 il öncə bu gün çəkilib

Əbəs yerə, bu gün “Dəli Kür”ü xatırlamadıq. Düz 53 il öncə bu film öz dövrünün izləyicisini aydınlatmışdı, dünyaya fərqli və yeni bucaqdan baxmağa vadar etmişdi. Hər səhnəsi öz dövrünün reallıqlarını əks etdirirdi. Filmə Cahangir Cahangirovun bəstələri xüsusi əhəmiyyət qatırdı. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi.

İsmayıl Şıxlının anım günüdür

26 iyul həm də İsmayıl Şıxlının anım günüdür. Əsərlərində ifadələrin sadə və aydın məzmunda təsviri, bir o qədər də fəlsəfi məna yükünün dərin olması İ.Şıxlının xalq yaddaşı və xalq ruhu ilə bağlandığını təsdiqləyir.

O, 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

2019-cu ildə Prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb və onun adını yaşadan müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.

Paylaş:
Baxılıb: 142 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31