/ / Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması idarəçilik sistemində yeni mərhələdir
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması idarəçilik sistemində yeni mərhələdir
07.09.2012 [23:03]
-Azərbaycan Respublikasının Prezidenti 2012-ci il sentyabrın 6-da “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzalamışdır. Yeni yaradılmış qurumun fəaliyyətini necə görürsünüz?
- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas ideyası vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə göstərilməsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ideyanın təcrübədə tətbiqini təmin etmək və dövlət qurumları tərəfindən göstərilən xidmətləri vətəndaşlara daha yaxın etmək məqsədi ilə bu Fərmanı imzalamışdır.
Dövlət Agentliyinin yaradılmasını mühüm islahat hesab etmək olar. Bu dövlət idarəçiliyində yeni mərhələdir və yüksək peşə vərdişlərinə yiyələnmiş, etik davranış qaydalarına dönmədən riayət edən gənc nəsil dövlət qulluqçularının yetişməsinə təkan verəcəkdir. Qurumun fəaliyyətə başlaması insanların həyatına müəyyən dəyişikliklər gətirəcək, onların müsbət gözləntilərini cavablandıracaq və cəmiyyətdə vətəndaş məmnunluğu yaradacaqdır. Əhaliyə dövlət orqanları tərəfindən göstərilən bir sıra xidmətlər daha operativ və keyfiyyətli olacaq, onların ehtiyacları yüksək səviyyədə təmin ediləcəkdir. Bununla dövlət orqanlarına etimad da artacaqdır.
Qurumun fəaliyyəti ümumi olaraq bu sahədə aparılan institusional islahatların səmərəliliyini yüksəldəcəkdir.
- Siz “ASAN-Xidmət” mərkəzlərini qeyd etdiniz, bu mərkəzlərin fəaliyyəti və rolu nədən ibarət olacaqdır?
- “ASAN-Xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edəcəkdir. Bu, vətəndaşların vaxt itkisini azaldacaqdır. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyir. Daha sonra növbəsi çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi müəyyən olunmuş müddətlərdə götürə bilər. Mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdiriləcək və xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcəkdir. Mərkəzlər, həmçinin təqvimin bütün günlərində vətəndaşlara fasiləsiz açıq olacaqdır. Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, internet-kafe, bank, poçt şöbələri və s. olacaqdır. Mərkəzlərdə şəffaflığın təmin edilməsi üçün və əməkdaşların fəaliyyəti üzrə qiymətləndirmənin aparılması məqsədi ilə bütün zəruri tədbirlər görüləcəkdir.
- “ASAN-Xidmət” mərkəzlərində hansı xidmətlər göstəriləcəkdir?
- Fərmana əsasən “ASAN-Xidmət” mərkəzlərində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, mənzillərin dövlət qeydiyyatı ilə bağlı təkrar çıxarışların və əhali arasında daha çox “forma 1” kimi tanınan əmlakın yüklülüyü barədə arayışların, o cümlədən torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi kimi xidmətlər daxildir. Buraya, həmçinin gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə sənədlərinin verilməsi aiddir. Mərkəzlər, həmçinin dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya təminatını həyata keçirəcəkdir.
Qeyd edilən xidmətlər vətəndaşın birbaşa müraciəti əsasında, özünəxidmət və çağırış xidməti formasında göstəriləcəkdir. Gələcəkdə isə səyyar xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Səyyar xidmətlər vasitəsilə vətəndaşların qanunla müəyyən edilmiş məbləğdə əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlanması mümkün olacaqdır. Onu da vurğulamaq istərdim ki, əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün səyyar xidmətlər pulsuz olacaqdır.
- “ASAN-Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarının layihəsi hazırlanarkən digər ölkələrin də təcrübəsi nəzərə alınıbmı?
- Əlbəttə, bizim üçün yeni olan belə bir sosial innovasiyanın həyata keçirilməsi zamanı ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, qaydalar isə elə tərtib edilmişdir ki, vətəndaşlara göstərilən xidmətlər bütün cəhətlərdən asan olsun. Bu prosesdə Böyük Britaniya, Almaniya, Kanada, Rusiya, Avstraliya və sair ölkələrin təcrübəsi nəzərdən keçirilmişdir. Bizim həyata keçirməyə hazırlaşdığımız “ASAN-Xidmət” konsepsiyası isə daha miqyaslı və əhatəlidir, çünki daha çox dövlət qurumunun xidmətlərini özündə birləşdirəcəkdir. Təbii ki, tədricən Mərkəzlərin fəaliyyəti genişlənəcək və inanıram ki, bu innovasiya özünü səmərəli təcrübə kimi doğruldacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

