Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Arzum o torpaqları ayaqlarım palçığa bataraq ziyarət etməkdir

Arzum o torpaqları ayaqlarım palçığa bataraq ziyarət etməkdir

23.10.2021 [10:32]

Həkim dedi ki, ölkənizdə savaş başlayandan bizim azərbaycanlı xəstələrimiz çoxalıb

Mənimçün “Facebook” virtual Vətəndir.

Əsgərlərimiz Milli Qürur Savaşı verərkən mən isti evimdə oturmağı ar bilirdim, havalanırdım

Xaricdə yaşayan soydaşlarımızla müsahibələrimiz davam edir. Bu gün qonağımız Türkiyəyə gəlin getmiş və hazırda Ankara şəhərində yaşayan həmkarımız İlhamə Qasımlıdır. İlhamə Qasımlı “525-ci qəzet”in sabiq əməkdaşıdır, uzun illər prezident jurnalistlərinin sırasında olub. Maraqlı xatirələrinin olmasına əminik. Hərçənd, Heydər Əliyevlə bağlı xatirələrini bölüşməyə o qədər də həvəsli deyil, çünki bu barədə kitab yazmaq niyyətindədir. Amma biz israrımızla İlhamə xanımı yola gətirə bildik.

- İlhamə xanım, gəlin söhbətə sizin prezident jurnalistləri syahısına düşmənizdən başlayaq. O zaman çox gənc idiniz. Bu necə oldu?

- Prezidentin jurnalist qrupunda təmsil olunmağımın xüsusi səbəbi və tarixi yoxdur. “Hürriyət” qəzeti və “Eksklüziv” informasiya agentliyində çalışarkən bir neçə dəfə həm özəl müsahibələr almışdım, həm də rəsmi tədbirlərə getmişdim. “525-ci qəzet”ə yeni gələndə də adi qaydada fəaliyyətimi davam etdirdim. Lakin o vaxtlar akkreditasiya sistemi yox idi deyə, redaksiyaların təmsilçiləri şifahi razılaşmaya bənzər üsulla tədbirərə dəvət edilirdilər. Rəsmi akreditasiya sistemi tətbiq olunduqdan sonra  müvafiq mərhələni keçərək xüsusi rəsmi sənədlə təmin edildik.

- Siz Heydər Əliyevi başqalarından fərqli rakursdan müşahidə etmək şansı qazanmışdınız. Belə bir dahi şəxsiyyətlə bağlı zəngin xatirələriniz olmalıdır.

- Xatirələr olduqca zəngindir. Ən böyük xatirəm də mətbuatın, ictimai fikrin ən yüksək inkişafı dönəmində aktiv fəaliyyət göstərmək şansımın olmasıdır. Prezidentin media qrupunun təsirli fəaliyyəti, yalnız orada təmsil olunan jurnalistlərin peşəkarlığının göstəricisi deyildi. Heydər Əliyevin media ilə əməkdaşlığa marağının olması, bizim Heydər Əliyevin çevrəsində özümüzü inamlı hiss etməyimizdə və fəaliyyətimizin təsirli olmasında önəmli rol oynamışdı.

Heydər Əliyevlə etdiyimiz hər səfər, qatıldığımız hər tədbir bizi şəxsiyyət kimi, jurnalist kimi formalaşdırırdı. Heydər Əliyev istər Azərbaycan bölgələrində, istərsə də xarici səfərlərdə prezident kimi, siyasi protokol çərçivəsində davranırdı. Amma Naxçıvanda onun əhval-ruhiyyəsi də, davranışı da, söhbətləri də ev sahibi formatında idi, sanki. Yalnız Naxçıvanda bizdən soruşurdu ki, yeriniz necədir, yeməyiniz, içməyiniz yaxşıdırmı?

- Biz onu həmişə çox enerjili, güclü görürdük. Ard-arda səfərlər, görüşlər... Hər hansı bir məqamla, hadisəylə bağlı müfəssəl fikirlər söyləyir, uzun çıxışlar edirdi. Ekrandan izləyəndə insan istər-istəməz heyrət edirdi ki, bu insan yorulmurmu? Birgə səfərlər zamanı onu yorulan gördünüzmü?

- Heydər Əliyevlə birgə Naxçıvanda olanda yayın ən isti vaxtları idi. Naxçıanı tanıyanlar bilirlər ki, yay vaxtı istilik 45-50 dərəcəyə qədər ola bilir. Heydər Əliyev istirahət etmədən, bir-birinin ardınca tədbirlərə qatılmışdı, həm də açıq havada. Jurnalistlərin çoxu artıq fiziki olaraq tükənmiş haldaydı. Hərbi hissədən gedişimiz uzandı. Xəbər gəldi ki, prezident bir az rahatsız olduğu üçün gözləməliyik. Prezident əsgər yatağına uzanmışdı. O anda hamımız jurnalist marağı ilə vətəndaş məsuliyyəti arasında seçim etməliydik: yaşadığımız o anı “Naxçıvanda səfərdə olan Azərbaycan prezidentinin səhhətində problemlər yaşandı” başlığı ilə tirajlayaqmı, yoxsa bu xəbərin dünyada ajiotaj yarada biləcəyini diqqətə alaraq bu duruma vətəndaşlıq məsuliyyətimizdən yanaşaq? Üstəlik, Heydər Əiyevlə müqayisədə biz gənclər daha  yorğun, tükənmiş vəziyyətdəydik. Hamımız ikinci seçimi etdik. Yarım saat çəkmədi ki, prezident tədbirlərə qaldığı yerdən davam etdi. O anda düşündüm ki, dövləti qorumaq nə qədər çətin imiş. Dövlətin maraqları liderin sağlığından ön plana keçir.

Səfər xatirələrimi yalnız dramatik notlarla qurmayım. İndiyə qədər də hər dəfə təbəssümlə xatırladığım Sankt-Peterburq səfərimiz “Bəyaz gecələr” dövrünə düşdüyündən iki sutka yuxusuz qaldıq. Prezidentlər Heydər Əliyev və Vladimir Putin Neva çayı üzərində gəmi gəzintisinə çıxmışdılar. Biz jurnalistlər də axşam yeməyi üçün musiqili proqramı olan bir restorana getdik. Nə qədər qaldığımızı bilmirəm. Konsulluğumuzun əməkdaşı dedi, artıq gecdir, otelə qayıtmalısınız. Mən də təəccüblə dedim ki, hava hələ qaralmayıb, siz də “gecdir” deyirsiniz. Diplomatımız gülümsəyərək dedi ki, bu günlərdə Sankt-Peterburqda “bəyaz gecələr” olduğu üçün hava qaralmasını gözləməyək.

- Prezident İham Əliyevlə də təmaslarınız olub?

- İlham Əliyevlə biri eksklüziv olmaqla, bir neçə müsahibəm olub. Hamıya məlumdur ki, prezident İlham Əliyev rus dilində təhsil alıb. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olarkən, ondan eksklüziv müsahibə alana qədər düşünürdüm ki, rusdilli olduğuna görə, fikirlərini ifadə eməkdə bəzi çətinlikəri ola bilər. Müsahibə aldığımda çox təəccübləndim. İnanın ki, qurduğu cümlələr yalnız siyasi baxımdan deyil, üslub baxımından da o qədər səlis idi ki, diktafondan müsahibəni köçürərkən heç bir problemim olmadı. Nə bir qarışıq cümlə, nə bir anlaşılmaz fikir vardı. O müsahibənin bir kəlməsinə belə toxunmağa ehtiyac olmadı. Yadımdadır, hava limanında Heydər Əliyevin yolasalma mərasimlərindən biri bitdikdən sonra İlham Əliyev plaşını geyinmək üçün asılqana yaxınlaşanda yüksək vəzifəli şəxslərdən biri əlini ondan qabaq uzadıb, plaşı geyinməsi üçün İlham Əliyevin arxasında tutdu. O anda İlham Əliyev sərt və məmnun qalmadığını aydın hiss etdirəcək şəkildə plaşı o adamın əlindən alıb özü geyindi.

- İlhamə xanım, Türkiyədə peşə fəaliyyətinizə davam edə bildiniz?

- Hazırda demək olar ki, iş həyatım yoxdur. Bəzən kiçik layihələrdə məsləhətçi kimi təmsil olunuram. Əsas işim - ev qayğıları, xüsusi ilə oğlumun mənəvi-psixoloji tərbiyəsi, təhsili, yetişdirilməsi ilə məşğul olmaqdır. Burada uşaqlar həyata erkən atılırlar, özlərini vaxtından əvvəl böyümüş hesab edirlər ki, bu da problemlər yaradır. Məsələn, 5-ci sinifdə oxuyan bir uşaq, bir də görürsən ki, elə bir söyüş işlədir ki, bu yaşımda mən qulaqlarıma qədər qıp-qırmızı oluram. Hələlik, oğlumu bu mühitin mənfi təsirlərindən qorumağa çalışıram. Və ya təhsil sistemi elə interaktivdir ki, uşağın dərsi anlaması, mütmadi keçirilən imtahanlarda aşağı qiymət almaması üçün valideyn dəstəyi lazımdır. Düzdür, çox ailələr uşaqları “dershane” deyilən hazırlıq kurslarına qoyurlar. Amma mən uşağı erkən yaşdan hazırlıq kurslarına verməyi onun beyn üçün zərərli sayıram, uşaq tapşırıqları kursda həll edəndə beyin tənbəlləşir.

- Fərqli mədəniyyətlərlə böyüyən, fərqli dövlətlərdə yaşayan insanların ailə qurmasının öz çətinlikləri olmamış deyil. Bu anlamda oğlunuzun  xarici vətəndaşla evlənməsini necə qarşılayarsınız?

- Özü bəyənəndən sonra yəqin ki, məndən fikir alan olmaz. Amma özümlə bağlı deyim ki, fərqli sistemlərdə böyüyən şəxslərin nigahları bəzən sıxıntılar yaradır. Elə vəziyyət olur ki, deyirəm, məni ancaq mənimlə eyni ölkədə böyüyən adam yaxşı başa düşər.

- Qarabağ müharibəsi günlərində qardaş ölkə vətəndaşlarının da həyəcanı hiss olunurdu?

- Oğlumun dərslərinə kömək edərkən Türkiyə Cumhuriyyəti tarixini öyrənmək imkanı qazanmışam. Keçən əsrin əvvəllərində İstiqlal Savaşında türk millətinin Vətəni qorumaq üçün göstərdiyi mübarizəni oxuduqca bəzən gözlərim dolurdu. Baş Komandan Atatürkdən tutmuş, kənd qadınlarına qədər necə əfasanəvi mübarizə aparmalarından həm qürurlanırdım, həm də ağlayırdım “Yüz minlərlə insan ayaqyalın, günlərlə ac-susuz qalaraq düşmənə qarşı necə döyüşə bilib?”, - deyə düşünürdüm. 44 günlük müharibədə gördüklərim, oxuduqlarım həqiqətən qəhrəmanlıq dastanı oldu. Azərbaycan tarixinin ən böyük qəhrəmanları məhz bu müharibədə meydana çıxdı.

Tale elə gətirib ki, çevrəmdə yalnız Azərbaycanı sevən insanlar yox, həm də Azərbaycanı öyrənən gələcək nəsil var. Oğlumun ibtidai məktəb müəllimi olan Yasemin Erdoğan yalnız Türkiyəni yox, Azərbaycanı da sevən və sevgisini göstərməkdən usanmayan 30 şagird yetişdirir. Yasemin xanım Trkiyənin idealist müəllimlərindəndir. Onunla birlikdə Ankaranın Mamak rayonundakı Ali Kuşcu ibtidai məktəbində “Məktub qardaşlığı” layihəsini həyata keçirdik. Bizim uşaqlar Bakının Nərimanov rayonundakı 47 saylı məktəbdə Aişə Rüstəmzadənin sinfi ilə məktublaşıb dostlaşdılar, ürk şagirdlərin Azərbaycan himnini, Azərbaycanla bağlı şeirləri söylədiklərini görəndə gözlərim dolurdu.

Bütün Türkiyənin qəlbi Azərbaycanla döyündüyü o həyəcanlı günlərdə oğlumun sinif yoldaşları da əsgərlərimizə sevgi və dəstəklərini ifadə edən videolar hazırladılar, onlara əsgər salamı göndərdilər.

İstər yaxın çevrəmdəki, istərsə də gedib-gəldiyim yerlərdə qarşılaşdığım tanımadığım insanlar Azərbaycandan olduğumu bilincə, sanki Azərbaycana səslərini duyururmuşlar kimi əsgərərimizə dəstəklərini, ermənilərə hiddətlərini bildirirdilər. Küçələrdə, binaların önündə Azərbaycan bayraqlarının asıldığını da görüncə, çox möhtəşəm hisslər yaşayırdım.

- Dediniz, müxtəlif mədəniyyətlərdə yaşayan insanların yeni şəraitə alışması asan olmur. Geri gəlmək, ailəvi Azərbaycanda yaşamaq istəyiniz olub?

- Bu məsələ ilə bağlı illərdir ikili hiss yaşayıram. Azərbaycan mənimçün yalnız doğulub-böyüdüym Vətən yox, həm də özümü yetişdirdiyim və özümü  öz yerimdə hiss etdiyim bir ölkədir. Bilirəm ki, orada olsam, qısa zamanda yenidən iş həyatımı quracağam. Amma təlim- tərbiyəsinə məsul olduğum oğlum var. Ona bu dəyişiklik necə təsir edər, bilmirəm. Bu tərəddüdümün əsas səbəbi xaraktercə risklərə çox meyli olmamağımdır. Həyatımı bura uyğunlaşdırmışam.

- Qarabağı indi, yoxsa tikilib abadladan sonra görmək istəyirsiniz?

- Qarabağı tikildikdən sonra görmək, oranın səfasını çəkmək istəyi şəhidlərimizin ruhuna hörmətsilik olar. Mənim arzum o torpaqlarımızı canım üşüyərək, ayaqlarım palçığa bataraq ziyarət etməkdir. Bu, bir pafos deyil, hazırk ruh halımdır. Şuşanın işğaldan azad edildiyi haqda Ali Baş Komandanımızın rəsmi açıqlamasından bir gün öncə mən gecə eyvana çıxdım, hönkürərək əsgərlərimiz üçün Allaha dua elədim. Ruhum o qədər sarsıntı içində idi ki, Ankaranın o sızaq soyuğunda eyvanda ayaqyalın durdum. İnanın ki, o soyuğu qətiyyən hiss eləmədim. Demirəm ki, bu hərəkətimin qəhrəman əsgərlərimizə faydası oldu. Amma igid əsgərlərimizin o soyuqda dağlarda Vətən, Milli Qürur Savaşı üçün canlarından keçdiyi bir vaxtda isti evimdə oturmaq məni, az qala, havalandırırdı.Keçən il dekabrın əvvəllərində təzyiqim düşmədiyi üçün məcbur həkimə getmişdim. Adıma baxınca azərbaycanlı olduğumu bildi. Dedi ki, ölkənizdə savaş başlayandan bizim azərbaycanlı xəstələrimiz çoxalıb. Hamısı da savaş səbəbindən ağır stresin nəticəsidir. Dünyadakı soydaşlarımızın hamısı təxminən oxşar durumda idi.

- Kənardan baxan biri kimi, hazırda bizim medianın vəziyyətini necə görürsünüz?

- Azərbaycanda sosial şəbəkələr ənənəvi medianı arxa plana keçirib. Dördüncü hakimiyyət funksiyası “facebook”dadır. Bu da təbii ki, təktərəfli deyil. Belə görünür ki, dövlətin ən üst qurumları da “facebooka” ictimai fikrin, ictimai rəyin əsas ünvanı kimi baxırlar. Mənimçün isə “facebook” virtual Vətəndir.

İlhamə Rəsulova

 

 

Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31