Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Şuşada “Gəncə qapısı”nı qoruyurdular

Şuşada “Gəncə qapısı”nı qoruyurdular

03.12.2021 [23:13]

Şuşaya qayıdacağımıza o qədər əmin idik ki...

“Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

Əvvəli ötən sayımızda…

- Şuşadan çıxanda 12 yaşınız var idi, qayıdanda 41 yaşında idiniz. Otuz il əvvəl köçkün düşdüyünüz Şuşada nələr dəyişmişdi?

- Həyat elə gətirib ki, taleyimiz Qarabağla, Şuşa ilə çox bağlıdır. Ailəmiz Şuşanı tərk edəndə 12 yaşım vardı. Xankəndi şəhərində doğulsam da, Şuşada yaşamışam. 1992-ci ildə Şuşanı tərk edəndə tezliklə, hətta bir neçə günə qayıdacağımıza o qədər əmin idik ki... Hətta atam evimizin açarını qapının yanından asdı ki, içəri girmək istəyən qapını sındırmasın. Təəssüf ki, bu qayıdış düz 28 ildən sonra baş verdi. 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi və ardından Ermənistanın kapitulyasiyaya imza atması bir həqiqəti növbəti dəfə üzə çıxardı. Şuşanın azad edilməsi ilə ermənilər məğlub oldu. Geriyə dönərkən isə fərqli bir Şuşa ilə rastlaşdıq. Şuşa ermənilər tərəfindən dağıdılmışdı, mədəniyyət paytaxtımızdan, qədim Şuşamızdan əsər-əlamət qalmamışdı. Bununla belə Şuşa öz ruhunu qorumuşdu. Düşmən Şuşadan bizim tarixi keçmişimizi, izlərimizi silməyə çalışsa da, buna nail ola bilməmişdi. Şuşanın ruhunu sındırmaq, bununla da bizi əymək istəyirdilər, ancaq alınmadı. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı, Şuşanı işğaldan azad etdi.

“Gəncə qapısı”nı qoruyan şəxslər kimi “Gəncəliyev” soyadını daşımışıq

- Əslən Şuşadan olsanız da, soyadınızda başqa bir şəhərimizin -  Gəncənin adı yer alır...

- Bunun da maraqlı tarixçəsi var. Mənim ulu babalarım Şuşanın tarixi “Gəncə qapısı”nın mühafizəçiləri olublar. Ona görə də çar Rusiyası dövründən “Gəncə qapısı”nı qoruyan şəxslər kimi “Gəncəliyev” soyadını daşımışıq.

- Şuşadakı ata evinizi təmir etmək fikriniz varmı?

- Hələlik gözləyirik. Şuşa şəhərində məskunlaşma prosesi başlayandan sonra bir sıra məsələlər, o cümlədən bu sual da öz cavabını tapacaq. Yəqin ki, biz də bu barədə işlər görəcəyik. Təbii ki, mən də istəyərəm doğma ata mülkümdə yaşayım. Ancaq prosesi qabaqlamaq istəmirəm.

- Şuşada qala çörəyi yeyəndə nə hiss etdiniz?

- Uşaq vaxtı məktəbə gedəndə yediyim isti qala çörəyinin dadı hələ də yadımdadır. Düzdür, 30 ildən sonra bir başqa dad aldım. Ancaq yenə də hisslərimdə, xatirəmdə o çörəyin dadı qalmışdı.

“Elə məcburi köçkün tapa bilməzsiniz ki, desin ora köçmək istəmirəm”

- Bəzən sosial şəbəkələrdə bəzi məcburi köçkünlərin işğaldan azad edilmiş yurdlarına qayıtmaq istəmədikləri haqda fikirlər yayılır. Əsasən də cavanların qayıtmaq istəmədiyini, Bakıdakı rahatlığı və komfortu orada tapa bilməyəcəkləri deyilir. Bu fikirlərə münasibətiniz necədir?

- Səmimi deyim ki, öz ətrafımda belə halın şahidi olmamışam. Əksinə, Qarabağ bölgəsi Azərbaycanın ən gözəl, dilbər guşələrindən biridir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. O torpaqlarda neçə-neçə mütəfəkkirlərimiz yetişib. Hətta paytaxtda özünə ən komfortlu bir şəraiti qurmuş qarabağlının belə öz yurduna qayıtmamaq istəməyəcəyinə inanmıram. Bu, mənim üçün ağlagəlməz bir haldır. Bu gün Azərbaycanın digər bölgələrindən yüzlərlə insan müraciətlər edir, hətta qarabağlı olmayanlar belə orada yaşamaq istəyirlər. Dövlətimiz o ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir. Ağdam şəhərinin baş planına baxanda adam fərəhlənir. Müasir Ağdam dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Siz elə bir ağdamlı, kəlbəcərli, bir sözlə elə bir məcburi köçkün tapa bilməzsiniz ki, desin ora köçmək istəmirəm. Bu mümkün deyil.

Milli Məclisin bəzi komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı müzakirələr aktualdır

- Azərbaycan Milli Məclisinin inzibati binasının Şuşaya köçürülməsi perspektivinə necə yanaşırsınız?

- Deyim ki, Milli Məclisin bəzi komitələrinin iclaslarının, o cümlədən parlament səviyyəsində beynəlxalq görüşlərin, tədbirlərin Şuşada keçirilməsi ilə bağlı müzakirələr olur və artıq bu məsələlər aktualdır. Həm qeyri-rəsmi, həm də deputat həmkarlarımla görüşdə bunları müzakirə etmişik. Komitə iclaslarımızı Şuşada keçirə bilərik. Xarici qonaqlar gələndə onları Şuşaya apara bilərik. Füzuli Beynəlxalq Hava Limanı bunun üçün mühüm zəmin yaradıb. Bir məsələyə də toxunum ki, bu aeroportun qısa müddətdə tikilməsi xaricdən gələnləri də təəccübləndirir.

- Sizcə Şuşada otellərin qiyməti baha deyilmi?

- Şuşada bir nəfər 60 manata oteldə qala bilir. Bu, o qədər də baha deyil. Mən özüm həmişə gedəndə ekonom otaqlarda qalıram. Normal şəraiti var. Yəqin ki, azad iqtisadi bazar formalaşdıqca, rəqabət artdıqca, otellərin sayı çoxaldıqca bu məsələlər də öz həllini tapacaq.

Şuşanın işğalı bu arzumun da reallaşmasının qarşısını aldı

- Uşaqlığınızda Şuşada tar üzrə təhsil almısınız. Hazırda musiqi ilə məşğul ola bilirsinizmi?

- Əvvəl musiqi ilə peşəkar məşğul olurdum. Hətta Bakıda tarzən Hacı Məmmədovun şərəfinə keçirilən tar müsabiqəsində qaliblərdən biri olmuşdum. Təəssüf ki, 1992-ci ildə baş verənlər mənim musiqi təhsilimi məcburən yarımçıq qoydu. İndi vaxtım olandan olana tarı əlimə alıram. Şuşadan olub musiqi ilə məşğul olmursansa, səni şuşalı hesab etmirlər. (Gülür) Eyni zamanda, şahmatla da məşğul olurdum, atam Şahmat məktəbinin direktoru idi. Hətta arzulayırdım ki, şahmat üzrə dünya çempionu olum. Şuşanın işğalı bu arzumun da reallaşmasının qarşısını aldı. Atam keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin 21 qat güləş üzrə çempionu idi. Ermənilər atamı görəndə qaçırdılar.

Diasporumuzun əsas məqsədi...

- Açıqlamalarınıza daha çox xarici mediada rast gəlinir. Yerli media orqanlarında isə az-az görünməyə üstünlük verirsiniz. Səbəbini bilmək istəyirik: dəvət azdır, yoxsa siz istəmirsiniz?

- Dəvət olduğu təqdirdə hər zaman təklifləri dəyərləndirirəm. Özümün hansısa verilişdə iştirak üçün xahiş etməyim düzgün olmaz. Əvvəlcə təklif olmalıdır. Amma yerli mediada çıxışımın az olması fikri ilə də razılaşmıram. Mütəmadi şəkildə televiziyalarda yayımlanan verilişlərdə çıxış edirəm. Bir neçə gün əvvəl Azərbaycan televiziyasında yayımlanan “Əsas məsələ” verilişində qonaq oldum, multikulturalizmlə bağlı Şuşada çəkilişlər etdik. Təbii ki, hər birimizin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan həqiqətlərini beynəlxalq mediada əks olunmasını təmin etmək olmalıdır. Bu çərçivədə xarici media ilə əməkdaşlığa da üstünlük verirəm. Xüsusilə Türkiyə mediası ilə yaxından əməkdaşlıq edirik.

- Bir sıra xarici ölkələrdə diplomatik fəaliyyətiniz olub. Xaricdəki Azərbaycan diasporu ilə erməni lobbisinin fəaliyyətini müqayisə etdikdə hansı nəticələrə gəlmək olur?

- Fikrimcə, lobbiçiliklə diaspor fəaliyyətini müqayisə etmək düzgün çıxmaz. Ermənistanın dövlətçilik ənənələrinə malik olmaması ermənilərin tarixən müxtəlif ölkələrdə kompakt yaşamağa üstünlük verməsinə yol açıb. Bir hipotez aparaq: əgər ötən 30 il ərzində Ermənistan işğal faktını “qalibiyyət” hesab edirdisə, ötən dövrdə bu ölkədən xaricə olan güclü emiqrasiyanın səbəbi haradan qaynaqlanıb? Axı, qalib və ya güclü ölkənin sakinləri emiqrasiya etməz. Ermənilər tarixən xaricə kütləvi axın edirdilər və yaşadıqları ölkələrdə öz maraqlarını güdməyə başlayıblar. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Çünki güclü dövləti var. Azərbaycan xalqı hər zaman öz dövlətinə bağlı olub. Təbii ki, xarici ölkələrdə də azərbaycanlılar yaşayır və onlar diaspor işində olduqca aktivdirlər. İstər 2020-ci ilin yayında Tovuz hadisələri zamanı, istərsə də 44 günlük müharibə dövründə biz bunun əyani şahidi olduq. Onlar Azərbaycanın haqq səsini ucaltdılar. Fikrimcə, diasporumuzun əsas məqsədi ermənilərlə müqayisə edilmək yox, yaşadıqları ölkələrdə Azərbaycanı layiqli şəkildə təmsil etmək olmalıdır.

“Qarabağ” ifadəsi işlənən çıxışlar etməliyik

- Xarici mənbələrdə hələ də “Nogorno - Karabakh” ifadəsinə rast gəlinir. Bunun qarşısını almaq üçün nə edilməlidir?

- Vətən müharibəsindən sonra artıq “dağlıq” ifadəsi işlənilmir. Xarici mənbələrdə yazılışına gəlincə isə əvvəllər diplomatik danışıqlar zamanı rus dilindən olan versiyaya üstünlük verilib. Bu, hətta ATƏT-in Minsk qrupunun texniki olaraq işlətdiyi sözə də çevrilib. Tədricən ifadə qətnamələrdə öz əksini tapandan sonra yayılmağa başladı. Artıq buna ehtiyac yoxdur. Çünki artıq “Dağlıq Qarabağ” sözü süni anlayışdır. Hazırda Qarabağ iqtisadi zonası var. Biz öz suveren ərazilərimizi istədiyimiz kimi müəyyənləşdiririk.

- Xarici medianın bu ifadədən əl çəkməməsi qərəzin göstəricisi ola bilərmi?

- Bunu dəyişdirmək üçün özümüz beynəlxalq arenada “Qarabağ” ifadəsi işlənən çıxışlar etməli, materiallar hazırlamalıyıq. Ola bilsin xarici mediada qərəzli olaraq belə addımlar atılır. Yeni dönəmdə  ifadələri elə seçməliyik ki, bu birləşmədən istifadə etməsinlər.

Qeyd edək ki, sosial şəbəkələrdə “Məclisdən kənar” layihəsi ilə bağlı anons verdikdən dərhal sonra sosial media istifadəçilərinin də Tural Gəncəliyevə bir sıra sualları oldu. Bu sualları da millət vəkilinə ünvanlamağı özümüzə borc bildik. Bu, layihəyə daha bir yenilik qazandırdı - müsahibimizə sosial şəbəkələrdən sualların ünvanlanmasının da əsasını qoydu.

Sosial mediadan ünvanlanan suallar: 

- Azərbaycanın ali qanunverici orqanı tərəfindən qəbul edilən qərarlar Qarabağda hazırda yaşayan ermənilər üçün nə zaman keçərli olacaq?

- Azərbaycan qanunları bütün ərazilərimizdə birmənalı şəkildə keçərlidir.

- Tural Gəncəliyev Xankəndiyə köçən zaman niyə erməni dilini öyrənməyimizi və erməni dili kursuna ehtiyac olduğunu  deyib?

- Düşmənin dilini bilmək çox vacibdir. Siz onun dilini bilməsəniz, onun hiyləsini, informasiya müharibəsində nə istədiyini bilməzsiniz. Ermənistan mətbuatını izləyəndə görürük ki, onlar öz məğlubiyyətləri barədə heç vaxt ingilis, ya da rus dilində yazmırlar, yalnız öz dillərində çıxış edirlər. Məqsəd odur ki, öz problemləri xarici mediaya çıxmasın. Bunları anlamaqdan ötrü mən erməni dilinin öyrənilməsini mühüm hesab edirəm. 44 günlük müharibə dövründə bir şəhidimiz qəsdən ermənilərə öz mövqelərini vurmaları haqda yalan məlumat ötürmüşdü və ermənilər öz mövqelərini vurmuşdular. İnformasiya müharibəsi çərçivəsində bu dili bilmək vacibdir.

- Belə kurslar mövcuddur?

- Bizim ofisdə belə kurslar 2019-cu ildən fəaliyyətə başlayıb.

- Bəs ermənilərin Azərbaycan dilini öyrənməsi ilə bağlı hər hansı bir təklifləriniz varmı?

- Qarabağda yaşayan ermənilər Azərbaycan dilini bilirlər. Hətta bu yaxında Ermənistanda Azərbaycan dilinin daha dərindən öyrənilməsi üçün mərkəzlər açılması ilə bağlı xəbərlər də yayılmışdı. Düşmən məğlubiyyətə uğramasına baxmayaraq, yenə də bizim dilimizi öyrənir. Onlar belə edirsə, biz onların dilini öyrənmək üçün ikiqat çalışmalıyıq.

- Xankəndi sakinləri ilə canlı efir keçirmisinizmi və ya keçirmək niyyətiniz varmı?

- Sosial şəbəkələrdə hər gün əlaqədə olduğumuz  üçün onlayn efirə ehtiyac yoxdur. Çünki bizim hələlik əsas vəzifəmiz keçmiş məcburi köçkünlərə kömək etməkdir. Vaxtı gələndə erməni sakinlərimizlə olan görüşlərdə bunu edə bilərik.

- Facebook səhifəsində nömrəniz paylaşılıb, amma zənglərə cavab verilmir. Səbəb nədir?

- Gecə saat 12-də zəng edəndə nömrəyə cavab vermək çətin olur. Ancaq iş saatlarında orada qeyd olunan nömrələrə yazanlara cavab verilir. Ancaq bu məqama diqqət etsinlər, hansı nömrəyə mesaj yazmaq mümkündür, hansı nömrəyə zəng etmək olar.

- Tural Gəncəliyev nə zaman Xankəndidən şəkil paylaşacaq?

- Xankəndiyə gedib məskunlaşacağıq. Onda həmin şəkillərin də sayı çoxalacaq, narahat olmayın.

- Niyə bizdə parlament üzvləri deputat adlandırılır, millət vəkili yox?

- Qanunda deputat deyə qeyd olunub. Millət vəkili fikri sadəcə simvolikdir. Dünyada isə parlament üzvü deyirlər. Məncə, söz deyil, mahiyyət önəmlidir. Əsas seçiciləri qane etməkdir.

- Siz millət vəkili ifadəsini qəbul edirsiniz?

- Kim necə istəyir, elə müraciət edirlər. Deputat, ya da millət vəkili olsun, fərqi yoxdur.

- İctimai nəqliyyatdan istifadə edirsinizmi?

- Əsasən, metrodan istifadə edirəm.

- Tanıyanlar olurmu?

- Olur, ən çox da Xankəndi ilə bağlı suallar verirlər.

- Şuşanın azad olunması xəbərini harada aldınız?

- Qarabağa dönüş ictimai birliyinin ofisində idik. Orada cənab Prezidentin xalqa müraciətini izlədik. Və olduqca duyğulu hisslər keçirdik.

 

 

Paylaş
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31