Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Gəl danışaq: Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur?

Gəl danışaq: Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur?

15.07.2022 [10:47]

Həll olunmayan mübahisə qalmayacaq!

Vətəndaşlar öz müqəddəratını özləri həll edəcəklər..

Azərbaycanda mediasiya prosesinin rəsmi olaraq tətbiq olunmasından bir il ötür. Etiraf edək ki, “mediasiya” cəmiyyətimiz üçün yeni anlayışdır. Hələ də mediasiya prosesinin nə üçün və hansı hallarda aparıldığını bilməyənlər var. Xatırladaq ki, Azərbaycanda mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv vüsət alması ilk dəfə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanından irəli gəlir. 2019-cu ilin mart ayında isə “Mediasiya haqqında qanun” qəbul olunub. Həmin qanundan sonra Nazirlər Kabineti “Mediasiya prosesinin aparılması qaydaları” daxil olmaqla bir neçə önəmli qərar qəbul edib. Ölkəmizdə mediasiya prosesinin rəsmi olaraq tətbiqinə isə 1 iyul 2021-ci ildən başlanılıb.

Mediasiyanın üstünlükləri barədə Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbəri, Mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım Şaliyevlə həmsöhbət olub vətəndaşlarımızın mediasiya prosesindəki hüquq və vəzifələri barədə danışdıq.

- Mediasiya anlayışı nədir?

- Sadə dillə desək, mediasiya aralarında mübahisə olan tərəflərin həmin mübahisəni onların ehtiyaclarına uyğun həll etmək üçün neytral və qərəzsiz üçüncü şəxsin iştirakı ilə apardıqları danışıqlar prosesidir. Məsələn, bir mübahisə var, üçüncü şəxs olan mediator xüsusi strukturu olan danışıqlar aparır, tərəflər arasında produktiv ünsiyyət qurur və nəticədə onların mübahisəni necə həll edilə biləcəyi, bu mübahisənin həllinin tərəflərin marağına necə cavab verəcəyi müəyyən edilir. Məhkəmədə qaldırılan iddia üzrə hakim qanun əsasında qərar verir, çox zaman bir tərəf, bəzən tərəflərin ikisi də bu qərardan narazı qalır. Mediasiyada isə tərəfləri hansı məqam razı salırsa, ortaq məxrəcə gəlib razılaşırlar. Düzdür, ola bilsin ki, tərəflərin tələbi, istəyi qanuna uyğun deyil, amma danışıqlar zamanı mediator yalnız suallar verərək reallığın düzgün qiymətləndirilməsi və hər iki şəxsin maraqlarına cavab verən, ən önəmlisi də icra oluna bilən nəticə üçün səylər göstərir.

- 1 il ərzində mediatorlar və mediasiya təşkilatları nə kimi işlər görüb?

- Ötən bir il ərzində Mediasiya Şuramızın açıqladığı məlumata əsasən, ilkin və tam mediasiya  aparılması üçün 20 minə yaxın müraciət olub. Bu müraciətlərin təxminən 85 faizi ailə mübahisələri, 10 faizi kommersiya, 5 faizi isə əmək mübahisələridir. Bir il ərzində 200-dən artıq aktiv mediator fəaliyyət göstərib və onların böyük əksəriyyəti Bakıda olsa da, regionlarda mediatorların sayının artırılması üçün işlər aparılır.  Həmçinin, 2022-ci ilin 6 ayı ərzində mediasiya təşkilatlarına müraciətlərin sayı 14 min olub, onların 11 mini ailə münasibətləri, 1500-ü kommersiya, çox az faizi əmək mübahisələrinə aiddir.

- Qeyd etdiniz ki, müraciətlərin 85 faizi ailə mübahisəsi ilə bağlı olub. Barışıq neçə faizdir?

- 2021-ci ildə ümumi 931 barışıq sazişi olub, onlardan 752-si ailə münasibətləri üzrə, 127-si kommersiya işləri, 52-si isə əmək mübahisələri üzrədir. 2022-ci ilin ilk altı ayı ərzində isə 793 barışıq sazişi olub, 546-sı ailə münasibətləri üzrə, 140 kommersiya, 107-si əmək mübahisələrinə aiddir. Nəzərə alaq ki, hələ 1 yaşımız yeni tamam olur. Təbii ki, biz mediatorlar bu göstəricilərlə razı deyilik. Amma peşəkarlığımız günü-gündən artır, barışıq sazişlərinin sayı da çoxalan tendensiya üzrə gedəcək.

- Kimlər mediator ola bilər?

- Mediator olmaq üçün hər hansı ixtisas üzrə ali təhsil, həmçinin üç il əmək stajı və minimum 25 yaş tələb olunur. Bu şərtlərə cavab verənlər mediasiya təlimi qurumlarına müraciət etməli və ilkin mediasiya təlimi kursunu keçməlidir. Təlimi müvəffəqiyyətlə keçən şəxslər də Mediasiya Şurasına üzv olurlar. Ümumilikdə isə, mediator olmaq üçün, ilk növbədə, güclü səbr və danışıqları aparmaq qabiliyyəti olmalıdır. Bəzən tərəflərdən biri danışmır, ailə mübahisəsi olduğu üçün mental dəyərlərdən irəli gələn məqamları açıqlaya bilmir. Bu zaman mediator özünün müstəqil, qərəzsiz və neytral olduğuna tərəfləri inandırmalıdır. Onlar inanmalıdırlar ki, bu adam onların mübahisəsinin həllində ən doğru şəxsdir və bütün danışıq texnikalarından istifadə edərək onlara kömək edəcək. Bir sözlə, mediasiya masası arxasında insanları dinləməyi bacarmaq lazımdır. Mediator tərəfləri dinləmə zamanı aldığı məlumatlar əsasında onlara düşündürücü və açıq suallar verməlidir, qınayıcı suallar yox. Bu zaman içinə qapanan insan belə dilə gəlməyə başlayır, danışır və problemini, hətta problemindən çıxış yollarını da deyir. Ona görə də mediator danışaraq və tərəfləri aktiv şəkildə dinləyərək onların daxili maraqlarını və əsas ehtiyaclarını üzə çıxara bilməlidir. Mediator tərəfləri qınamadığı və qınayıcı suallar vermədiyi üçün onlar mediatora inanır və onunla birlikdə həll imkanlarını axtarırlar.

- Hansı işlər üzrə mediasiya prosesi tətbiq olunur?

- “Mediasiya haqqında qanun”a görə, ailə münasibətləri, kommersiya işləri, əmək münasibətləri, mülki münasibətlər, həmçinin inzibati münasibətlərdən irəli gələn mübahisələrə mediasiya şamil olunur. Hazırda qanunvericiliyimizə görə, məcburi mediasiya dediyimiz ilkin mediasiya sessiyası isə ilk üç mübahisəyə aiddir, amma qanuna əsasən istənilən mülki mübahisə mediasiyada müzakirə oluna bilər. Məsələn, biz 15 saylı Mediasiya Təşkilatı olaraq bütün mülki mübahisələrin mediasiya masasında müzakirə olunması devizi ilə çıxmışıq, ona görə də həll olunmayacaq mübahisə qalmayacaq deyirik. Çünki həyatımızın istənilən anında mülki münasibətlərə giririk, məsələn, mağazadan nəsə mal alırıq, qonşumuzun uşağı çəpərdəki nəyisə sındırır-burada mülki münasibətlər var. Xarici təcrübəyə istinad edərək deyirik ki, “Nə mübahisə varsa, gəlin danışaq, mediasiyada müzakirə edək və maraqlarınıza uyğun nəticə əldə edək”.

- Mediasiya prosesi tərəflərə hansı üstünlükləri verir? Vətəndaşlar nə üçün məhkəməni yox, mediasiyanı seçməlidir?

- Mediasiyanı seçmək məhkəməyə müraciəti istisna etmir. Yəni tərəflər hər zaman mediasiyadan əvvəl də, sonra da məhkəməyə müraciət edə bilərlər. Biz tövsiyə edirik ki, məhkəməyə getməmişdən əvvəl səmərəli bir üsul olan mediasiyanın faydalarından,  üstünlüklərindən istifadə edilsin. Mediasiyanın insanlara ən böyük faydalarından biri zaman itkisinin olmamasıdır. Mediasiyanın ümumi müddəti Azərbaycanda bir aydır və mediasiya masasında müzakirənin müddəti  saatlarla ölçülür. Nadir hallarda proses növbəti günə çəkə bilər, bu da çox qəliz və mübahisəli işlərdə olur. İkinci üstünlük budur ki, bildiyiniz kimi, məhkəmədə qərarı üçüncü şəxs-hakim verir, mediasiyada isə nə kimi qərarlar veriləcəksə, razılıq olacaqsa bunu mediator yox, yalnız tərəflər özü verir. Hakim məhkəmədə fikirləşmir ki, hansı tərəf razı qalacaq, hansı  tərəf razı qalmayacaq, hakimin rəhbər tutduğu qanunun normalarıdır.

Üçüncü üstünlük; tərəflər özləri qərar verdiyi üçün proses uzun çəkmir və münasibətlər korlanmır, əsəb və gərginlik olmur, tərəflər gələcəyə daha optimal baxırlar. Digər üstünlük mübahisə məhkəməyə gedəndə tərəflər vəkil xidmətindən yararlanmalıdırlar, bu da müəyyən vəsait tələb edir. Sözsüz ki, mediatorlar olaraq hər dəfə mediasiyaya müraciət edən şəxslərə vəkil xidmətindən yararlanmağın vacibliyini qeyd edirik, amma vəkil olmadan da tərəflər mediasiya masasında müzakirələrdə iştirak edə bilərlər. Misal olaraq deyim,  mediasiyada istənilən şəxs, məsələn, ailə mübahisəsində tərəflərin anası və ya digər ailə üzvləri iştirak edir. Ümumiyyətlə, tərəflərin razılığı ilə, istənilən digər şəxslərə də prosesdə iştirak etməyə icazə var. Məsələn, şəxs özü qərar verə bilmir, dostu ilə gəlir və danışığı dostu aparır. Yəni gündəlik həyatda necə danışırlarsa, o şəkildə danışıqlar olur, səmimi ortam yaradılır. Mediasiya zamanı xidməthaqları da həll olunan mübahisənin həcminə, digər ifadə ilə əldə edilən faydanın dəyərinə görə kifayət qədər azdır.

Ən önəmli məsələlərdən biri isə məhkəmə qərarı versə belə bunun icrasında çox vaxt problemlər yaranır. Bəzən məhkəmə qərarının icrası illərlə çəkir və cavabdeh tərəf qərarı icra etməkdən bir şəkildə yayınır. Statistika onu göstərir ki, tərəflər özlərinin razılaşdıqları sazişin şərtlərini daha könüllü icra edirlər. Bu, xarici təcrübədə 90 faizdən çoxdur. Çox az faiz olur ki, tərəflər mediasiyada imzalanmış barışıq sazişini icra etməkdən yayınırlar. İcra nisbətinin belə yüksək olmasının səbəbi çox sadədir: danışıqlarda hər iki tərəf şüuraltı olaraq düşünür ki, istədiyimi qarşı tərəfdən almışam və bu əsasla mediasiya masasında barışıq sazişi imzalamışam. Buna görə də, həmin barışıq sazişinin şərtlərinin icrasında tərəflər daha həvəsli olurlar.

Daha yaxşı anlaşılsın deyə özümün vəkil kimi iştirak etdiyim bir ailə mediasiyasını misal çəkmək istərdim. Nikahın pozulması ilə yanaşı, bir neçə müzakirə mövzusu vardı: Uşağa aliment, valideynlərin və digər ailə üzvlərinin uşaqla ünsiyyəti, uşağın xaricə aparılmasına razılıq, cehiz əmlakının qaytarılması daxil birgə əmlakın bölgüsü. Tərəflər bir-birini görmək istəmirdi və mediator onlarla ayrı otaqlarda danışıqlar aparırdı. Münasibətlərin bu səviyyədə korlandığı və toksik emosiyaların kifayət qədər yuxarı olduğu bir vəziyyətdə yuxarıdakı məsələlərin tamamı razılaşdırıldı. Məhkəmədə bir neçə ayrı iş çərçivəsində illərlə çəkəcək yuxarıdakı mübahisələrin hər iki tərəfi razı salan həlli mediasiyada cəmi 3-4 saata yekunlaşmışdı və əmlak məsələlərinin sənədləşməsi bir həftə ərzində tamamlanmışdı.

- Mediasiyada tərəflərin hüquq və vəzifələri nədən ibarətdir?

- Tərəflərin bütün hüquq və vəzifələri mediasiyanın 4 əsas prinsipi ilə əhatə olunur. Bu prinsiplərdən biri könüllülükdür. Könüllülük prinsipi odur ki, tərəflər öz müqəddəratını özləri həll edirlər. Mediasiya və ya mediatoru özləri birgə seçir. Mediasiyaya müraciət etmələrinə və iclaslarda iştiraklarına baxmayaraq, tərəflər prosesin istənilən məqamında heç bir səbəb göstərmədən mediasiyadan imtina edə, danışıq masasını tərk edə bilərlər. Barışıq sazişini imzalamağa onları mediator daxil, heç kəs məcbur edə bilməz.

Vəzifələrə gəldikdə isə birincisi, mediasiya prosesində nə baş verirsə, bu, konfidensialdır, yəni mediasiya otağında nələr yaşanırsa, tərəflər bunu məhkəmədə sübut kimi istifadə edə bilməz. Yaxud da mediasiya prosesində iştirak edən digər şəxsləri məhkəməyə şahid kimi cəlb edə bilməz. Digər əsas vəzifələrdən biri barışıq sazişi imzalanacaqsa, həmin sazişi icra etməlidirlər.

- Azərbaycan mediasiya sahəsində hansı ölkələrin təcrübəsindən istifadə edir?

- Mediasiya institutu ilk dəfə ABŞ-da yaranıb və demək olar ki, Amerikanın bütün ştatlarında, şəhərlərində və qəsəbələrində mediasiya təşkilatları var. Avropada isə bu proses 2000-ci illərdən genişlənməyə başlayıb. Biz İtaliya modelini istifadə edirik. İtaliyada və Yunanıstanda ilkin mediasiya sessiyasında iştirak məcburi xarakter daşıyır. Ölkəmizdə mediasiyanın təlimi üzrə ilk ekspertlər də italiyalı və ruminyalı ekspertlər idi. Amma digər ölkələrdə mediasiya prosesləri daha çox könüllülük prinsipi ilə gedir, məcburilik yoxdur. Əsasən maarifləndirici məqsəd daşıyan ilkin mediasiya sessiyaları vasitəsi ilə mediasiyanın təbliği istənilən səviyyəyə gəldikdən sonra ölkəmizdə də insanlar tərəfindən mübahisələrin alternativ həlli yolu kimi könüllü şəkildə mediasiyanın seçiləcəyinə ümidim tamdır.

- Ölkəmizdə mediasiya institutunun tam olaraq formalaşdığını deyə bilərik?

- Hələ yolun başındayıq. Qanunumuz 2019-cu ildə qəbul olunsa da, bütün ölkə üzrə mediatorların təlimə cəlb edilməsindən sonra  2021-ci ilin iyul ayından fəaliyyətə başladıq. Xarici təcrübə də göstərir ki, müəyyən nəticələrin əldə olunması üçün ən azı 2-3 il gözləmək lazımdır. Beynəlxalq səviyyəli ekspertlərdən öyrəndiklərimiz budur ki, ilk 2 il ərzində bütün mediatorlar nəzəri və təcrübi biliklərini artırsınlar. 2 ildən sonra isə artıq təhlil edib cəmiyyətdə mediasiya institutunun formalaşması və təkmilləşməsi üçün daha nələrin edilməsi lazımdırsa, ona baxmaq olar. Ona görə də gedəcək yolumuz hələ çoxdur, lakin əsas odur ki, əzmimiz və səyimiz var, prosesin uğurlu olacağına inanırıq!

- Azərbaycanda neçə mediasiya təşkilatı qeydiyyatdan keçib?

- Hazırda Bakı şəhərində 14, Naxçıvan MR, Gəncə, Lənkəran və Şəkidə 1 təşkilat olmaqla cəmi 18 təşkilat fəaliyyət göstərir. Vətəndaşlarımıza keyfiyyətli mediasiya xidmətlərinin verilməsi üçün müxtəlif mediasiya təşkilatları bir-biri ilə rəqabət yox, əməkdaşlıq edir. Yəni biz rəqib kimi görünsək də, bütün addımlarımızı bir-birimizlə paylaşırıq ki, nəticədə cəmiyyətimizdə insanlar faydalı hüquq aləti olan mediasiya xidmətindən istifadə və öz mübahisələrini sülhlə həll edə bilirlər. Maraqlı bir məqamı da bildirim. Məlumdur ki, hansısa peşə yarandıqdan sonra həmin peşəyə uyğun sonradan peşə bayramları olur. Ancaq biz mediatorlar təbəssümlə deyirik ki, bizim peşə bayramımız peşəmizdən əvvəl yaranıb. “Novruz bayramımız bizim əsl peşə bayramımızdır”. Çünki küsülüləri barışdırırıq.

- Son olaraq oxucularımıza nə demək istərdiniz?

- Məhkəmə və məhkəməyə müraciət hər zaman var. Lakin vətəndaşlara məhkəmədən öncə istənilən mülki mübahisəni mediasiya yolu ilə müzakirə etmələrini tövsiyə edirik. Bu baxımdan da 15 saylı Mediasiya Təşkilatı olaraq, bütün mülki mübahisələri müzakirə etməyə qapımız hər zaman açıqdır. Bir sözlə gəlin danışaq, mübahisəni necə həll edə biləcəyimizə dair imkanları nəzərdən keçirək. Çünki mediasiya kimin haqlı, kimin haqsız olduğunu deyil, ortaq və “qızıl” nöqtəni axtarır. Təşkilatımız öz peşəkar mediator heyəti ilə bu məsələdə əzmkarlıqla vətəndaşlarımızın qulluğunda durmağa hazırdır. Ona görə də devizimiz “Həll olunmayan mübahisə qalmayacaq!” adlanır.

Söhbətləşdi: Yeganə BAYRAMOVA 

Paylaş:
Baxılıb: 260 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31