Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Estradanın şəriksiz şahı

Estradanın şəriksiz şahı

23.08.2022 [09:06]

Ağ royal və ağ smokinq...

Müslüm Maqomayevin ölümündən əvvəlki və son müsahibəsi

EPOXA

(İXTİSARLA)

Dmitri Qordon,

Ukrayna jurnalisti

MÜSLÜM MAQOMAYEV: “Milis məni indiyə kimi tanıyır, mənsə hərdən güzgüyə baxıram, təəssüf,  çox vaxt heç özümü  tanımıram” .  Bu sözlər Müslüm Maqomayevə həsr olunmuş mahnıdan götürülüb, onu Paxmutova və Dobronravov yazıblar, Tamara Sinyavskaya oxuyub; bu gün o sözlər ayrı məna daşıyır.

Ağ royal və ağ smokinq; süzgün qara gözlər məftunedici və nüfuzedicidir, adamı tilsimləyir, sanki onun hər hüceyrəsində bariton var...

O 1963-ci ildən bəri estradada şəriksiz şahlıq etdi; Müslüm Maqomayev sakitcə getdi, necə deyərlər,  ulduzların “Rusiya” kinokonsert zalının qarşısında təntənəli təməlqoyma və yolasalma mərasimindən qəti şəkildə imtina edərək səhnədən ingilissayağı səssiz-küysüz getdi. Hər halda, o, hələ 19 yaşında “Oqonyok” jurnalına verdiyi ilk müsahibəsindəki vədinə sadiq qaldı:”...səsimin bir balaca “yırğalandığını” hiss etdimsə, dərhal səhnəni tərk edəcəm...”

Vaxtilə sovet qızları öz evlərinin divarlarını kağız “oboylar” əvəzinə Müslümün şəkilləri ilə bəzəyirdilər, ona sevgilərini binaların giriş qapılarında, liftlərdə, həyət darvazalarında yazıb ifadə edirdilər. Ona Baş katiblər və nazirlər pərəstiş edirdilər, hökmlü və güclü vilayət katibləri isə mehmanxana dəhlizlərində saatlarla onun havaxt yuxudan oyanmasını gözləyərdilər. Onun “qüsurları”nı təkcə əfsanəvi “xaç anası” Furtsova yox, hamı bağışlayırdı: xasiyyətcə idarəolunmazlığını, burjua kəpənək-qalstuku taxmasını, yüksək tribunalardan və səhnələrdən “Xaç atası” filmindən ifa etdiyi mahnıları, ideoloji cəhətdən yad olan bütün digər şlyagerlərin musiqilərini, partiya biletinin olmamasını, xaricdə qohum-əqrabasının yaşamasını... hər şeyi! Maqomayevi taleyin ərköyünü adlandırır, ona seks-simvol və “cənab Yox” deyirdilər. Çünki o, istəmədiyi şeyi etməzdi, ona qətiyyətlə “yox!” deyərdi. Bəli, böyük sənətkar öz qiymətini bilirdi. “Mənim boğazımda böyük bir sərvət var” deyirdi Müslüm; və doğrudan da iqtisadi  baxımdan bu “boğaz” SSRİ-yə Bakıdakı neft buruqlarından daha çox valyuta gətirə bilərdi. Təkcə bunu demək kifayət edər ki, Müslümün Krasnodarda yerli filarmoniyadakı dörd konserti dörd milyon rubl gəlir gətirmişdi və filarmoniya bu pulla simfonik orkestrin yarımillik əmək haqqını ödəmişdi; Rostovda verdiyi altı konserti imkan vermişdi ki, Kuban kazaklarının Ansamblı üçün yeni kostyumlar tikilsin...Amma bir çoxlarının düşündüyünün əksi olaraq,  müğənni özü milyoner olmamışdı; əvvəla, qonorar məsələsində dövlət artistə qarşı çox xəsislik edirdi, onun rəsmi qonorarını işsizə verilən müavinətlə müqayisə etmək olardı. İkincisi, Müslüm dostlarına və sənət yoldaşlarına qarşı çox səxavətli idi. Yaxın dostlarının dediyinə görə, onun qaldığı hotel otaqlarında pullar hara gəldi səpələnərdi, qapıları heç vaxt bağlı saxlamazdı; elə həmin musiqiçi dostları da günün istənilən saatında içəri girib ondan borc götürə bilərdilər (və o borcu isə bir qayda olaraq heç vaxt qaytarmazdılar). Maqomayevin vaxtilə milyon-milyon  tirajla buraxılan kaset və valları bu gün əntiq olub, internet-auksionlar? çıxarılır və satılır; onun Kann Beynəlxalq festivalında aldığı iki “Qızıl disk”inə isə “Melodiya” firması öz ağır möhürünü vurub (ondan gələn gəlir vallarının satışından gələn gəlirə bərabərdir). Maestro ömrünün ən gözəl çağlarında qastrollarda olduğu 130 gün ərzində sayı-hesabı bəlli olmayan konsertlər verib, buna görə ona çoxlu ordenlər veriblər, lakin o, Rusiyada təqaüd haqqını ala bilmədi, bütün bu illər ərzində moskvalı qadınla evlənib bu şəhərdə bakılı kimi yaşasa da, lap bu yaxınlara kimi paytaxtda qeydiyyata düşməmişdi. Əgər Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev ona və həyat yoldaşı Tamaraya rəsmi dövlət yardımı kimi təqaüd verməsəydi ömrünün son illərində Müslüm Məhəmməd oğlunun nə cür yaşayacağı sual altında qalardı. Bu yardım Heydər Əliyevin oğlu İlham Əliyev tərəfindən indi də davam etdirilir. Müslümün sözlərinə görə, əlbəttə, məbləğ bir elə böyük deyil, lakin Böyük Teatrın solistinin pensiyasından çoxdur.

Furtsovanın himayədarlığı ilə hakimiyyət nümayəndələri Maqomayevə demək olar ki, hər şeyi keçirdi. Son vaxtlar SSRİ xalq artisti tərki-dünyalıq olmuşdu, əsl zahid kimi yaşayırdı; bayıra çıxmırdı, banket və qonaqlıqlardan imtina edir, hətta ərzaq üçün mağazalara belə getmirdi, əyin-başını belə evə gətirirdilər. Səhər saat altıdan siqaret çəkirdi (hər gün çəkdiyi bir qutu siqaretin üçünü!) və sonra otururdu not-book-nun qabağında. Onun dünyaya pəncərəsi internetdəki şəxsi saytı idi, bura hər gün yüzlərlə pərəstişkarı daxil olurdu. Doğrudur, prinsipinə görə müğənni ona yazılan suallara cavab vermirdi, çünki öz dediyinə görə, prinsipcə bütün sualların cavablarını yazdığı “Melodiya-mənim sevgim”adlı kitabından tapmaq olar. O, canlı olaraq yalnız bir neçə dostu ilə, çoxdan tanıdığı yaxın dostlarıyla təmas qururdu, hətta Moskva ətrafındakı bağına da getmirdi. Görünür, bu, 21 yaşında onun başına bomba kimi  yağan qulaqbatırıcı şöhrətə qarşı bir reaksiya idi. Görünür, o da Vatikandakı müqəddəslərin mərmərdən yonulmuş, inanclılar tərəfindən öpülən və sonra silinən heykəlləri kimi milyonların heyrətli baxışlarından və ona toxunan həris barmaqlardan yorulmuşdu. Maqomayev hətta ona uzun illər himayədarlıq etmiş Heydər Əliyevin dəfn mərasiminə də getmədi - səhhətindəki problemlərinə görə. Obıvatellərdən kimsə buna görə onu məzəmmət etməyi də unutmadı, lakin mən əminəm ki, onlar Müslümü mühakimə etməyə layiq deyillər. Mənim müsahibim üçün hətta ən xırda saxtalıq belə əzablıdır, bunu anlamaq üçün gərək sənin mükəmməl fəhmin və duyumun ola; onun ağrısını hiss etmək üçün gərək sənin ürəyin də onun ürəyi kimi açıq ola. Avqust ayında Müslüm Maqomayevin 66 yaşı tamam oldu, lakin onun səsini heç korporativ gecələrdə də eşitmək mümkün olmadı. O gülümsəyərək zarafat edirdi: “İstəyirəm məni oxumağımla yadda saxlasınlar, xırıldamağımla yox!”

Şükür Allaha, musiqiçilərimiz üçün onun bir çox televiziya çıxışları, valları və diskləri yadigar qalıb və bu disklərin birində bariton səsli şöhrətli müğənni yazmışdır: “Əvvəllər müğənnilər ulduz olmaq istəyirdilər, indi isə ulduzlar müğənni olmaq istəyir”.

MƏNDƏ HEÇ VAXT “DAHA HƏR ŞEYƏ NAİL OLMUŞAM, BƏSDİ!” KİMİ SÖZLƏR DEMƏK İSTƏYİ OLMAYIB”

- Bir dəfə İosif Kobzon məndən soruşdu: “Sovet İttifaqında ən populyar estrada artisti kim olub, bilirsən? Səncə, Puqaçova? Yox, elə deyil, Müslüm qədər şöhrəti olan heç bir müğənni olmayıb!” Hə, yeri gəlmişkən, mərhum Yuri Baqatikov da sizin adınızı çəkərkən həmişə heyrətdən gözlərini geniş açaraq deyirdi: “Müslüm - gücdür, qüvvədir!” Deyirlər, Odessada sizin pərəstişkarlarınız mindiyiniz avtomobili pamadalı dodaqlarıyla öpə-öpə qaldırmış və onu əllərində konsert zalından “Krasnaya” mehmanxanasına kimi üç kilometr aparmışlar...

-  (Gülür). Hə, pamada olub, amma avtomobili bir neçə kilometr əlində aparmağa heç bir pərəstişkarın gücü çatmaz. Əslində bu hadisə Moskvada baş verib. Maşın gəldi, Yuri Vasilyeviç Silantyev (Ümumittifaq Radio və Mərkəzi Televiziyası estrada-simfonik orkestrinin rəhbəri və baş dirijoru) arvadı və uşağıyla (o hələ balacaydı) arxada oturdu, mən də qabaq oturacaqda. Biz aradan çıxmağa hazırlaşırdıq...

- bir qayda olaraq!...

- ...birdən bir qrup gənc çıxdı qarşımıza... Bizi dövrəyə aldılar. Kimsə ideya verdi: “Qaldırın onu!” Biz üstüaçıq yekə bir ZİS-də oturmuşduq, o maşınla stadionlara gedirdik. Maşını qaldırdılar və bu vaxt Silantyev qışqırdı, onun arvadı Olqa çığırmağa başladı... Gənclər maşını təxminən beş metr apardılar, qışqırıqlar isə daha da artırdı, onlar görünür tale ilə oyun oynamaqdan vaz keçdilər və yaxşı ki, avtomobili tullamadılar, astaca yerə qoydular. Belə bir hadisə həqiqətən olub...sonradan bu fakt fantastik detallar və təfərrüatlarla yayılmağa başladı...

- Sizin yerinizdə kim olsaydı, misal üçün, yaxşı tərbiyə görməmiş və həm də şöhrətdən yolunu azmış birisi olsaydı, yəqin ki, dəli olardı. Xoşbəxtlikdən sizi Allah qoruyub...

- Bilirsiz, Dima, əvvəla, mən heç vaxt yalan danışmıram (özü də əgər məsələ mənimlə bağlıdırsa), ikincisi, hər zaman özümü böyük müğənnilərə tən tutmuşam. Masştab çox böyük idi və buna görə də məndə heç vaxt “daha hər şeyə nail olmuşam, bəsdi!” kimi cazibəli sözlər demək istəyi yox idi. Can atmağa çalışdığım əlçatmaz zirvə fəth olunmamış qaldı: belə deyək də, mən anladım ki, Tito Qobbi kimi heç vaxt oxumayacam və buna görə də dərhal opera səhnəsindən “sürüşüb” düşdüm. Özünüz fikirləşin: opera səhnəsində maksimum 20 dəqiqə qalırsan, lakin bu mənə azlıq edirdi, özü də eyni şeyi təkrar-təkrar oxuyursan, səhnə mizanı dübbədüz hey təkrar olunur, özün nə qədər yaradıcı olsan da, yenə eyni şeyi edirsən. Axı mən mahiyyətcə improvizatoram; bu gün mahnını belə oxumaq istəyirəm, sabah ayrı cür. Operada isə belə şeylər olmaz, partiyanı  müəllifin düşündüyü, fikirləşdiyi kimi oxumalısan.

- Hələ kostyumlar da var... ağır, hərəkətə mane olan əyin-baş...

- Bunun bir elə əhəmiyyəti yoxdur. Kamzol Fiqaronun kostyumu kifayət qədər yüngül və münasibdir, amma Skarpianınkı çox ağır... Bütün hallarda... Estradada mən improvizə edə bilirdim və bəstəkara öz traktovkamı təklif edə bilirdim...

- Maraqlıdı, siz özünüzü bir nömrəli sovet superulduzu hiss edirdinizmi?

- Düzünə qalsa, bu məni narahat etmirdi, superulduz - super deyil: mən görürdüm ki, insanlar məni sevirlər və heç kimə də həsəd aparmırdım.

- Sadəcə, axı heç kim yox idi həsəd aparmağa!

- Görünür, beləydi... Şöhrətdə mənə rəqib görünmürdü. Ümumiyyətlə, məndə heç kimə qarşı qara həsəd hissi yox idi, heç ağ həsəd də yox idi. “Ah, bax bu müğənninin yüksək tonlu səsi nə gözəldi! Məndə belə alınmaz! Allah verməyib, amma başqalarına səxavətlə paylayıb!” Belə şeyləri heç ağlıma gətirməzdim.

- Uğur üçün vacib olan hər şeyiniz - möhtəşəm səs, tembr, hündür boy-buxun, gözəl xarici görünüş, temperament... hamısı olub sizdə.

- Hə də, belə demək olar...

- Bəs öz fenomenal populyarlığınızı necə izah edirsiniz? Bu sirr, müəmma nə idi belə?

- Əsas odur ki, bu olub. Buna görə də mən “Bu olub, olub...” adlı teleproqrama getməkdən  qətiyyətlə imtina etdim. Mən bu verilişi  heç sevmirdim. Amerikada Frank Sinatrdan danışanda nədənsə verilişin adını çəkmirlər...

- Amerikada səlahiyyətini başa vurmuş prezidentə də “keçmiş prezident” demirlər, onu “eks prezident” kimi təhqiredici adla da çağırmırlar...

- İndi televiziya işçiləri yeni bir proqram hazırlayıblar - mən buna  baxmaq belə istəmirəm! Bir neçə müğənni çıxarırlar ortalığa - 20 il bundan qabaq populyar olan müğənniləri, göstərirlər;  yəni demək istəyirlər ki, bunlar olub, sanki var imişlər və çıxıb gediblər...

- Miskin mənzərə!

- Axı niyə belə edirlər? Niyə? Əgər onlar yaxşı formadadılarsa, gözəl görünürlərsə, “bu olub!” kimi damğanı yapışdırmaq nəyə lazımdı, qoy oxusunlar da...

MƏN HEÇ VAXT BALKONDAN PUL TULLAMAMIŞAM”

- Uşaqlıq çağlarımdan yadımda qalan bir xırda epizod... Hansısa bayram süfrəsi başında oturub yeyib-içirdik; ağ-qara ekranlı televizorda İttifaqlar Evinin Sütunlu salonundan konsert translyasiya olunurdu, birdən... aparıcı Svetlana Morqunova elan etdi: “Oxuyur Müslüm Maqomayev!” və mənə elə gəldi ki, televizor da qadın qışqırtısı və çığırtısından silkələndi... Vəcdən eynilə belə bir şivən ekranın bu üzündən, yəni evdən gəldi: qadınlar yerlərindən dik atılıb o sehrli televizor qutusunu dövrəyə aldılar, az qala ekranı öpəcəkdilər... Siz bir canlı insan kimi bu dəli ajiotajı necə yaşayırdınız?

- Sizin hekayənizi dinləyərkən gülməli bir tarixçə yadıma düşdü. Bu, televiziya ilə translyasiya edilən növbəti solo konsertlərimin birindən sonra baş verib; deməli, dostum şair Anatoli Qroxov məni evinə dəvət etmişdi və demişdi ki, konsert qurtarandan sonra dərhal min maşına, gəl bizə. Onlara qalxanda liftdə səhvən başqa düyməni basdım və ayrı mərtəbədə  peyda oldum. Qapının zəngini vurdum (o zamanlar hamıda standart zəng düymələri vardı) və eşidirəm ki, içəridən səs gəlir: “Aaaa, bu da Maqomayevin özü!”  Qapı açılır və baxıram ki, kandarda tanış olmayan qadın sifəti var. “Kim lazımdı?” qadın soruşur, az qala bayılaraq soruşur. “Qroxovgilə gəlmişəm!” dedim. Və qadının səsi zəiflədi: “O, bir mərtəbə yuxarıda olur”. Yuxarı qalxıram. “Bura bax, səhv gəlmişdim, sənin qonşunu da yaman qorxutdum!” Sonradan  həmin qadın Tolyaya demişdi. “Mənə elə gəldi ki, dəli olmuşam, ya da qara basır məni. Axı indicə Maqomayevi televizorda görmüşdük, heyran olmuşduq, vəcdə gəlmişdik: necə də gözəl oxuyur! Və birdən görürəm ki, elə o Maqomayev qapımızın zəngini basır. Necə olarsan, hə? Təbii ki, bir anlıq mənə elə gəldi ki, yəqin dəli olmuşam, ora - dəlilər evinə getməyimin vaxtıdı...”

- Qadınlar sizə toxunmağa can atırdılar, hətta paltarlarınızı belə cırırdılar, eləmi?

- Hə, belə şeylər olurdu...

- ...və siz də azğın pərəstişkarlardan qaçıb canınızı qurtarırdınız?

- Mənim öz metodlarım olurdu. İndi hər yanda cangüdənlər-filan var, elə hey eşidirsən ki, mühafizəçilər, cangüdənlər... O zamanlar heç bir cangüdən-filan yox idi, biz də onlarsız ötüşürdük. Çox vaxt arxa qapılardan gizli çıxırdıq, sakitcə...Hərdən də elə olurdu ki, ikinci mərtəbədən tullanıb qaçırdıq...

- Ay aman! Yəni belə də olub?

- Əlbəttə! Yaltada dirijor Niyazi ilə birlikdə konsertdən sonra izdiham zalı mühasirəyə almışdı, çıxmaq mümkün deyildi. O zaman təklif elədim ki, gəlin qrim otağımdakı pəncərədən tullanaq. Ordan yerə təxminən üç metr yarım olardı, aşağıda otluq vardı. “Uzaq başı, otluğa düşəcəyik!” dedim. Mən dərhal aşağı tullandım, dalımca köməkçim. Və biz ikimiz yerdən Niyaziyə kömək elədik, axı o, çəlimsiz, arıq bir adam idi! Beləliklə, biz qaça bildik... Mən artıq bunun yolunu tapmışdım. Deməli, konsert idman Sarayında olanda,  maşın birbaşa içəri girirdi, stadionda olanda isə bəzən maşınla dövrə vurmalı olurduq, ilişirdik! Bir dəfə bizi əməlli-başlı dövrəyə aldılar; camaat tribunalardan üstümüzə cumdu; əvvəlcə bir tribuna, sonra ikincisi, üçüncüsü... hər tərəfdən  tökülüşüb bizi sadəcə mühasirəyə aldılar... Nə isə... birtəhər ötüşdük...

Kiyev-Moskva-Kiyev

(Oktyabr-Noyabr, 2008-ci il.

Müsahibə Kiyevdə “Bulvar Qordona” həftəlik jurnalında dərc olunmuşdur)

Tərcümə etdi: Kamran Nəzirli

Bakı, 18 avqust 2022-ci il

Ardı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31