Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan gələcəyə doğru, qəti və düzgün addımlarla, inamla irəliləyir

Azərbaycan gələcəyə doğru, qəti və düzgün addımlarla, inamla irəliləyir

19.07.2011 [14:20]

Nekulay Ontsanu: Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyini birmənalı şəkildə dəstəkləyir
Xəbər verdiyimiz kimi, ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində ölkəmizdə müxtəlif görüşlər keçirən rumıniyalı qonaqlar, həmçinin, Quba rayonuna səfər edib, rayondakı soyqırımı məzarlığını ziyarət ediblər. Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin II sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu qəzetimizə müsahibəsində həm səfərin nəticələri, həm də, ümumiyyətlə, ölkələrimiz arasındakı əlaqələrin mövcud vəziyyəti haqqında ətraflı məlumat verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- İlk olaraq, səfərin belə mütəşəkkil və yüksək səviyyədə təşkil olunmasına görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, bizə göstərilən qonaqpərvərliyə görə isə Azərbaycan xalqına minnətdarlığımızı bildiririk. Rumıniyanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, yazıçıları, şairləri, akademikləri və siyasətçilərindən ibarət nümayəndə heyətinin bu səfərinin məqsədi iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaq idi. Buna görə də, səfər proqramımız kifayət qədər zəngin oldu və biz Bakıda bir sıra mühüm görüşlər keçirdik. Milli Məclisdə, AMEA-da, AYB-də keçirilən görüşlərdə Azərbaycan cəmiyyətinin müxtəlif kəsimləri, elm, mədəniyyət, siyasət xadimləri, ziyalılar iştirak edirdilər. Biz, həm də, Qubaya səfər edərək, oradakı soyqırımı məzarlığını ziyarət etdik. ümumiyyətlə, səfərin nəticələrindən çox razı qaldıq və hesab edirəm ki, nümayəndə heyətimiz Azərbaycanın qədim və müasir inkişaf tarixi, ölkənizdə aparılan quruculuq işləri barədə geniş məlumat ala bildi.
- Hazırda Azərbaycanla Rumıniya arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Siz bu inkişafı, mövcud potensialı necə qiymətləndirirsiniz?
- Rumıniya Avropada ilk, dünyada isə Türkiyədən sonra ikinci dövlətdir ki, Azərbaycanın müstəqilliyini tanıyıb. Biz bununla fəxr edirik. Bu, bizi çox sevindirir. Ona görə də, bu gün Azərbaycan ilə Rumıniya arasında olan dostluq və əməkdaşlıq əlaqələri ən yüksək səviyyədədir. Bunun da təməlini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün isə bu təməl üzərində əlaqələrimiz yeni inkişaf sferasına daxil olub. Cənab Prezident İlham Əliyev bu əlaqələri daha da inkişaf etdirir. Prezidentlər Trayan Besesku və İlham Əliyev Qara dəniz və Xəzər dənizi regionlarında çox böyük əhəmiyyətə malik olan dövlətlərin liderləridir. Bizim Azərbaycana, Bakıya səfərlərimiz bir daha sübut edir ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün çox böyük imkanlar var. Biz daha çox çalışmalı və bu əlaqələri indikindən də yüksək səviyyəyə çatdırmalıyıq.
- Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına park salınıb və Onun abidəsi ucaldılıb. Şübhəsiz ki, bu iki ölkə arasında əlaqələrin, dostluq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir...
- Bəli, sizin də vurğuladığınız kimi, Buxarest şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi qoyulub və Onun adına park salınıb. Mənim üçün çox sevindiricidir ki, həmin parkın salındığı ərazi, məhz, rəhbərlik etdiyim bölgədə yerləşir. Qeyd etmək istərdim ki, rumın və Azərbaycan xalqları öz tarixi şəxsiyyətlərinə, dahi insanlarına hər zaman hörmət etməyi bacarır və onları heç vaxt unutmurlar. Heydər Əliyev Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin təməlini qoyan dahi şəxsiyyətdir. Rumın xalqının da Heydər Əliyevə çox böyük sevgisi, hörməti var. Eyni zamanda, şəxsiyyət kimi Heydər Əliyev özü də hər zaman bütün millətlərə, insanlara, dinlərə çox böyük hörmət bəsləyən insan olubdur. Məhz bütün bunları nəzərə alaraq, Rumıniya dövlətinin, xalqının istəyi, habelə ölkənizin səfirliyinin təşəbbüsü ilə qərara aldıq ki, Buxarest şəhərinin ən gözəl parklarının birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ucaldaq. Hesab edirəm ki, bu abidənin ucaldılması, həm də xalqımızın Azərbaycan xalqına yüksək münasibətinin, əlaqələrimizə verdiyimiz böyük önəmin ifadəsdir.
- Bildiyimiz kimi, bu, artıq sizin ölkəmizə üçüncü səfəriniz idi. Maraqlıdır, ilk səfərinizdən bu yana Azərbaycanda hansı dəyişiklikləri müşahidə etmisiniz?
- Mən Azərbaycana ilk dəfə, rəsmi səfərlə, 2006-cı ildə Heydər Əliyev Fondunun dəvəti ilə gəlmişdim. üç il sonra- 2009-cu ildə növbəti dəfə Bakıya səfər etmişəm. Hər səfərimdə Bakıdan çox xoş təəssüratlarla ayrılmışam. Bakı həm qədimliyi, həm də müasirliyi özündə birləşdirir. Bu da ilk baxışdan çox gözəl təəssürat doğurur. Bir şeyi də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu gün Avropada maliyyə böhranı davam etdiyi halda Azərbaycan inkişaf yolunda uğurla addımlayır. ölkəniz, son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həqiqətən çox böyük inkişaf yolu keçib. Bu da bizi, bir dost ölkə olaraq, çox sevindirir. 2006-cı və 2009-cu illərdə gördüklərimiz ilə indi gördüklərimiz arasında böyük fərq var. Paytaxtınızda həyata keçirilən irimiqyaslı layihələrdən heyrətə gəlmişəm. Onu da qeyd edim ki, ölkənizdəki inkişaf təkcə paytaxtla məhdudlaşmır. Biz Qubaya da səfər etdik və yol boyu bölgələrinizin, regionlarınızın necə sürətlə inkişaf etdiyini gördük. Qubada olarkən, regionların inkişafı ilə bağlı geniş məlumatlar əldə etdik. Sadəcə, onu deyə bilərəm ki, ölkəniz gələcəyə doğru qəti, düzgün addımlarla inamla irəliləyir.
- Cənab Ontsanu, siz səfər çərçivəsində ölkəmizdə müxtəlif mədəniyyət mərkəzlərinə də baş çəkdiniz və Azərbaycanın zəngin mədəni nümunələrini də müşahidə etmək imkanı qazandınız. İstərdik, bununla bağlı, təəssüratlarınızı da oxucularımızla bölüşəsiniz...
- Biz ölkənizin mədəniyyət xadimləri ilə görüşdük, Bakı Müasir İncəsənət Muzeyində, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda olduq. Onu deyə bilərəm ki, Azərbaycanda gördüyümüz mədəniyyət nümunələri bizi çox təəccübləndirdi. Biz bir daha bu qənaətə gəldik ki, Azərbaycan zəngin tarixi irsə malikdir və onun zəngin tarixi bu cür mədəniyyət nümunələrində əks olunub. Bizim üçün bu cür mədəniyyət nümunələrini müşahidə etmək çox maraqlı oldu. Rastlaşdığımız hər bir nümunə özünün spesifikliyi ilə fərqlənirdi. Bu nümunələri müşahidə etdikcə biz Azərbaycan tarixi ilə bağlı daha maraqlı məlumatlar əldə etdik və yeni qənaətlərə gəldik. Bizim yekun qənaətimiz budur ki, Azərbaycan zəngin tarixi irsə sahibdir. Azərbaycanın mədəni irsi özündə ehtiva etdiyi dəyərlərə görə, ümumbəşəri mədəniyyət xəzinəsinin əhəmiyyətli töhfəsi kimi dəyərləndirilməlidir.
ölkənizdə mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərilir və bu, mövcud inkişafı daha da sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət sahəsinə xüsusi qayğı göstərir. Bu cür ali diqqətin sayəsində Azərbaycanın tarixi, mədəni irsi yüksək səviyyədə mühafizə olunur və mədəniyyət sahəsində davamlı inkişaf müşahidə edilməkdədir.
Təbii ki, Azərbaycanla Rumıniya arasında mədəniyyət sahəsində ikitərəli münasibətlərin daha da möhkəmlənməsi hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Biz Azərbaycanda keçirdiyimiz görüşlərdə hər iki ölkənin əməkdaşlıq perspektivlərindən bəhs etdik. Biz ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi məsələsinə toxunduq. Vurğuladıq ki, ölkələrarası əməkdaşlıq münasibətlərinin inkişafı ümidvericidir.
- Son dövrlər Azərbaycanın və Rumıniyanın hakim partiyaları arasında əlaqələrin yüksək səviyyədə inkişafının şahidi oluruq. Bu mənada qarşılıqlı səfərlərin böyük rolu danılmazdır. Sizin səfərinizin əlaqələrin gələcək perspektivi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz və ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ilə təmsil etdiyiniz təşkilat arasında əlaqələrin mövcud vəziyyəti barədə nə deyə bilərsiniz?
- Demokrat Liberal Partiyası xarici ölkələrin siyasi təşkilatları ilə əlaqələrə, beynəlxalq əməkdaşlığa böyük önəm verir. Eyni zamanda, bu niyyəti Yeni Azərbaycan Partiyasının da fəaliyyətində müşahidə etmək mümkündür. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası ilə Demokrat Liberal Partiyası arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Və bu sənəddə əməkdaşlığımızın geniş istiqamətləri əksini tapıb. Ona görə də bu gün əlaqələrimizi daha da genişləndirmək üçün hesab edirəm ki, yetəri hüquqi baza mövcuddur.
Qeyd edim ki, bizim partiyalarımız arasında əlaqələr çoxdan başlayıbdır. Amma bu gün yeni perspektivlərin də ortaya çıxdığı şübhə doğurmur. Bu gün biz YAP-la müxtəlif tədbirlər keçiririk. Xüsusilə, partiyalarımızın gənclər birlikləri arasında yüksək dialoq mövcuddur və qarşılıqlı səfərlər reallaşdırmışıq. Bakıya səfərimizin ilk günü Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Sərd müavini-İcra katibi Əli Əhmədovla görüşümüz oldu. Mən o görüşdə də vurğuladım ki, əlaqələrimizin daha da inkişafı və müxtəlif istiqamətlərdə yeni birgə layihələrin icrası üçün yaxşı imkanlar var. Bu imkanlardan daha səmərəli yararlanaraq, əməkdaşlığımızı genişləndirə bilərik.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənizin mövqeyni bilmək maraqlı olardı...
- Mən Bakıdakı görüşlərimdə də dəfələrlə vurğuladım ki, əmin ola bilərsiniz ki, Rumıniya Azərbaycanın dostu və müttəfiqidir. Biz həm Azərbaycan xalqının, həm də Azərbaycan dövlətinin sadiq dostlarıyıq. Rumıniya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu günə kimi Rumıniya dövləti, prezidentləri hər yerdə, istənilən beynəlxalq təşkilatda Azərbaycanı dəstəkləyib. Cənab Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı Rumıniyanın Prezidenti Trayan Besesku bir daha bəyan etdi ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1119 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31