Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan NATO əməkdaşlığı uğurla davam edir

Azərbaycan NATO əməkdaşlığı uğurla davam edir

25.05.2024 [10:34]

Qarşılıqlı səfərlər əlaqələri daha da gücləndirir

Azərbaycan hər zaman sülh və beynəlxalq təhülkəsizlik məsələlərində birmənalı mövqe nümayiş etdirib. Ölkəmiz bütün məsələlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsinin tərəfdarı kimi çıxış edir. 30 ilə yaxın işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan terrora qarşı qlobal mübarizənin önündə yer alır. Eyni zamanda, Cənubi Qafqazın aparıcı dövləti sayılan Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə də bölgədə sabitliyin və təhlükəsizliyin təmininə mühüm töhfələr verib. Bu mənada, ölkəmiz nəinki yerləşdiyi regionda, daha böyük coğrafiyada sabitləşdirici amil kimi çıxış etməkdədir. 

Vurğulandığı kimi, 30 ilə yaxın erməni işğalından əziyyət çəkən Azərabaycan bütün dövrlərdə silahlı qarşudarmaların əleyhinə olub, təhlükəsizlik amilinin daha yüksək səviyyədə önə çıxması üçün çalışıb. Bunun nəticəsidir ki, ölkəmiz regional və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətində müxtəlif sahələr üzrə beynəlxalq əməkdaşlığın ən fəal üzvlərindən sayılır. Qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmizin də təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət kəsb edir. Vaxtilə Qoşulmama Hərəkatının sədri, BMT TŞ-nin qeyri-daimi üzvü statusunda beynəlxalq təhlükəsizliyin təmini yönündə irəli sürdüyümüz təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan daima qlobal təhlükəsizlik seqmentinin təmini üçün formalaşdırılan əməkdaşlıq platformalarının üzvü və ya tərəfdaşı olaraq mühüm fəaliyyəti ilə seçilib. Bu mənada, əməkdaşlıq etdiyimiz qrumlardan biri də NATO-dur. Azərbaycan NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzvü qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkdaşlığa diqqət yetirdikdə görmək olur ki praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda fəal iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 

Azərbaycanlı zabitlər NATO tədbirində... 

Qurum ilə Azərbaycan arasındakı 30 illik əməkdaşlıq bu gün də yüksək səviyyədə davam etdirilməkdədir. Belə ki, Azərbaycan Ordusunun zabitləri mayın 22-23-də növbəlilik prinsipinə (bir il Azərbaycanda, bir il Niderlandda) uyğun olaraq, NATO-nun Brunsum Birgə Qüvvələr Komandanlığında “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər. Tədbirdə Beynəlxalq Hərbi Qərargah, SHAPE Qərargahı və Brunsum Birgə Qüvvələr Komandanlığından 8 nümayəndə olmaqla, ümumilikdə, 13 nəfər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd 2024-2025-ci illər üzrə əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlıq işinə cəlb olunan azərbaycanlı zabitlərlə şəxsən müzakirələrin aparılması və ümumilikdə, NATO ilə praktiki hərbi əməkdaşlıq prosesində qarşıya çıxan bütün məsələlərin aydınlaşdırılması olub. Görüşdə, eyni zamanda, Komandanlığın rəhbər heyətinin ötən il iyulun 1-5-də Bakıya səfərinin yekun təfərrüatları müzakirə edilib.

Vurğulayaq ki, bu kimi tədbirlər mütəmadi hal almaqdadır - belə ki, bu ilin fevralında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunsum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə “Hərbi tibb kursu” keçirilib.

Sülhə dəstək... 

Qurum ilə ölkəmiz arasındakı əməkdaşlıq həm də praktik mahiyyət daşıyır. Belə ki, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. 

Bu ilin martında NATO Baş katibi Yens Stoltenberqin Bakıya səfəri mühüm məqamlarla yadda qalmışdı. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirmişdi ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var: “Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Əməkdaşlıq inkişaf etdirilir 

Bəli, Azərbaycan-nın NATO ilə əməkdaşlığı qlobal təhlükəsizliyin təmini istiqamətində ölkəmizin ortaya qoyduğu mövqedir. Ötən 30 il ərzində dövlətimiz hər zaman bu amili ön sıralarda tutub - Azərbaycan dünyanın hər yerində sülhün və əmin-amanlığın bərpası üçün öz gücünü səfərbər edib. Bu gün Cənubi Qafqazda təhlükəsizlik seqmentinin inkişafı üçün çaba göstərən Azərbaycan yeni şəraitdə bunun mütləq şərtlərini formalaşdırıb. NATO-nun aparıcı üzvü olan Türkiyə ilə strateji əməkdaşlığın imzalanması ilə Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələrini daha yüksək bir səviyyəyə çatdırıb. Bu amil Azərbaycan ilə NATO arasında münasibətlərdə, qarşıdakı dövr üçün əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Azərbaycan özünün milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əsaslı adımları ilə seçilir. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır.

S.İSMAYILZADƏ 

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30