Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dünya yeni təhdid qarşısında...

Dünya yeni təhdid qarşısında...

05.06.2024 [10:35]

Beynəlxalq aləm son günlər Ukrayna-Rusiya cəbhəsində baş verənləri narahatlıqla izləyir. Daha çox siyasi bəyanatların güclənməsi fonunda inkişaf etdirilən qarşıdurma yeni müstəviyə qədəm qoyub. Belə ki, əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda NATO üzvü olan Mərkəzi Avropa kontingentinin ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilərsə, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Amma verilən son qərar bunun əksini göstərir. Artıq Avropa İttifaqının bir çox dövlətləri Ukraynaya “yaşıl işıq” yandırıblar. Bu isə nəticə etibarı ilə xoş sonluq vəd etmir.

Düzdür, baş verənlər Brüsseldə “Ukraynanın özünümüdafiə hüququ” və ya “Rusiyanın cəbhə xəttini yarması” kimi izah edilsə də, məsələnin əsl mahiyyəti ortadadır - bir müddət öncəyə qədər münaqişəyə müəyyən mənada neytral qalan bəzi dövlətlərin Rusiya ilə əlaqələrini davam etdirməsi fonunda, kollektiv Qərb özünün “hegemoniya ansamblı”nı yenidən işə salır...

Brüsselin “əsaslandırması”...

Qeyd etdiyimiz məsələnin üstüörtülü izahı NATO baş katibi Yens Stoltenberqin Ukrayna Silahlı Qüvvələrinə niyə Xarkov yaxınlığındakı Rusiya hədəflərini vurmağa icazə verildiyini izah etməsində də yer alır. Alyansın baş katibi bildirib ki, Ukraynanın özünümüdafiə hüququna Rusiya Federasiyası ərazisindəki hədəflərə zərbə endirmək hüququ da daxildir və Ukrayna məhz bunu etməlidir. O qeyd edib ki, bu, ilk növbədə Xarkov vilayətində həyata keçirilməlidir, çünki orada cəbhə xətti ilə sərhəd demək olar ki, üst-üstə düşür.

Əslində, bu izahat heç də NATO-nun əvvəlki iddiaları işlə səsləşmir və yeni bir müstəvi formalaşdırır. Başqa sözlə, NATO bu addımı ilə ya münaqişənin coğrafiyasını genişləndirməsinə təhdidi yönləndirir, ya da Rusiyaya dəstək verən ölkələrə “mesaj” ünvanlayır. Artıq öz silahlarından istifadə hüququnu “sərbəstləşdirən” NATO qarşı tərəfin verəcəyi cavabı da artıq qətiləşdirib. İki ildən artıqdır ki, davam edən müharibədə hazırki faza bir neçə dəfə yaşanıb - NATO-nun səsləndirdiyi təhdidlər Rusiya tərəfindən “əks həmlə” ilə qarşılanıb. Yəni, Kreml heç də bu təhdidlərdən qorxmayıb, tam əksinə, Şimali Atlantika Alyansına qarşı daha güclü və adekvat fikirlər səsləndirib. Hətta prezident Putin səviyyəsində müraciət edilən “nüvə ritorikası” buna misaldır. NATO-nun “kollektiv hücum” planına Moskva “soyuqqanlı nüvə” cavabı səsləndirir ki, bu da dünyanın qlobal təhlükənin bir addımlığında dayandığını deməyə əsas verir...

Rusiya nüvə təlimləri aparır - NATO müşahidə edir

Düzdür, Kremlin ətrafındakı hərbi bloklaşma NATO qədər mütəşəkkil və hazırlıqlı olmasa da, indiki məqamda özünün strateji üstünlükləri ilə seçilir. Belə ki, Rusiyanın hərbi müttəfiqi sayılan Belarus özünün strateji mövqeyinə görə “Şərq cəbhəsinin qapısı” rolunu oynayır. Bir müddət öncə rəsmi Minskə verilən qeyri-strateji nüvə silahları isə artıq “sınaqdan belə keçib”. Daha doğrusu, son günlərdə Rusiya ilə Belarusun birgə hərbi təlimləri məhz nüvə silahından istifadə mexanizmləri üzərində qurulub. Bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Leonid Davidoviç STV kanalına müsahibəsində deyib ki, Belarus ordusu qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin tam silsiləsini uğurla başa vurub. Onun sözlərinə görə, Belarus ekipajları və mühəndis heyəti uzun müddət həm nəzəri, həm də praktiki hazırlıq keçib.

“Bütün nəzarət tədbirləri, təlimlər və yoxlamalar mütəmadi olaraq həyata keçirilir. Biz daim müxtəlif şəraitlərdə ssenarilər tətbiq edirik, bəzən məşq yerlərini və ya mühitləri dəyişirik. Heyətlər hazırdır, mühəndislər hazırdır, təyyarələr çoxdan hazırlanıb”, - Davidoviç vurğulayıb.

Bu təlimləri NATO da müşahidə edir. Davidoviç bildirib ki, Rusiya ilə birgə keçirdikləri təlimlər zamanı NATO ölkələri bu manevrlərə nəzarət ediblər. Təlimin aktiv mərhələsində Polşa və Baltikyanı ölkələr üzərində səmalarda bir neçə erkən xəbərdarlıq təyyarəsi müşahidə edilib. Davidoviç vurğulayıb ki, Belarus aviasiyası hər gün sərhədlər boyu Qərb kəşfiyyat təyyarələrinin uçuşlarına cavab verir, patrul xidməti həyata keçirir və dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirir.

Türkiyə heç bir halda razılıq verməyəcək

Bəli, NATO-nun açıq hədələrinə qarşı görülən “nüvə tədbiri” isə ilk növbədə Avropanın özü üçün sonun başlanğıcıdır. Qrup ambisiyasının və aqressiyasının qurbanına çevrilmək üzrə olan qitədə siyasi idarəçilik mexanizmi demək olar ki, itirilib. Münaqişənin get-gedə dərinləşməsi üçün əlindən gələni edən kollektiv Qərb sanki Ukraynanın tamamilə məhv olması üçün bütün gücünü ortaya qoyub.

Belə bir dövrdə isə Türkiyənin nümayiş etdirdiyi mövqe bütün mənalarda seçilir - sülhə, sabitliyə və danışıqlara hədəflənən bu mövqe problemlərin müzakirə yolu ilə həllini özündə ehtiva etməkdədir. Rəsmi Ankara hər iki tərəfi aqressiyadan ayılmağa və məsələlərə soyuq başla yaxınlaşmağa demək olar ki, məcbur edir. Təsadüfi deyil ki, hazırda Türkiyənin beynəlxalq siyasi hədəfləri arasında NATO-nun Ukrayna ilə bağlı mövqeyində dəyişikliklərin edilməsi məsələsi ön sırada dayanır. Ankara hazırda NATO-dakı müttəfiqləri ilə Rusiya ərazisini uzaqmənzilli silahlardan vurmamaqla bağlı fəal diplomatiya aparır. KİV-də yayılan məlumata görə, Praqada keçirilən NATO ölkələrinin diplomatiya rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Blinkenlə bağlı qapılar arxasında görüşüb. Görüşün əsas müzakirə mövzusu isə Ukrayna olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan heç bir halda belə bir razılıq verməyəcəyini bildirib. Bundan başqa, Hakan Fidan Ukraynadakı vəziyyətlə bağlı mövqeyini şəxsən izah etmək üçün aparıcı Türkiyə və Qərb nəşrlərinin jurnalistləri ilə geniş tərkibdə görüş keçirib. Nazirin sözlərinə görə, Türkiyə NATO-nun Ukraynadakı hərbi əməliyyatlarda iştirakının qəti şəkildə əleyhinədir. Hakan Fidan “Ukraynaya davamlı yardımı dəstəkləyirik, lakin münaqişədə NATO-nun iştirakını istəmirik” deyib. Rəsmi Ankara hesab edir ki, NATO-nun hərbi əməliyyatlara cəlb olunması dünyada ciddi böhrana səbəb ola bilər. Bildirilir ki, Türkiyə Ukrayna Silahlı Qüvvələrinə özüyeriyən artilleriya qurğuları tədarük etməlidir, lakin NATO ilə gərginlik fonunda bu silahların verilməsi baş tutmaya bilər.

Ankara növbəti dəfə xilaskar missiyasında

Bəli, Türkiyənin qlobal anlamda siyasi tərəfləri masa arxasına oturtmaq niyyəti Ankaranın sülhpərvər mövqeyinə yeni ştrixlər qazandırır. Bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərindən birinə çevrilmiş Türkiyənin dünya siyasətində oynadığı rol danılmaz və olduqca genişdir. Dünyanın fenomen gücləri sayılan ölkələr belə Ankara ilə hesablaşır, ən mühüm qlobal problemlərdən çıxış yolunu məhz Türkiyə irəli sürür. Təsadüfi deyil ki,  Ukrayna münaqişəsi başlanan gündən rəsmi Ankara sülhyönümlü addımlar nümayiş etdirib. O, həmçinin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi və Qara dənizdəki “taxıl dəhlizi” ilə bağlı danışıqlarda iştirak edib. Hələ 2022-ci ilin mart ayında Türkiyənin hərbi aqressiyanın dayandırılması ilə bağlı vasitəçilik missiyaları işə düşmüşdü. Hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə nümayəndələri Antaliyada üçtərəfli görüş keçirmişdi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşdü. Türkiyənin bu münaqişə ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. “Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - dünya qlobal böhrandan məhz Türkiyənin uğurlu vasitəçilik rolu ilə xilas edildi.

Bu gün dünya daha mühüm və gərgin bir mərhələ ilə - qarşılıqlı hədə və hərbi hərəkətlənmə təhlükəsi ilə üz-üzədir. Türkiyənin məsələyə qarışması, sülhyaratma yolunda əsaslı mövqe göstərməsi, dirəniş sərgiləməsi olduqca əhəmiyyətli bir haldır. Ankara növbəti dəfə xilaskar missiyasını yerinə yetirir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30