Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-də islahatlar...

BMT-də islahatlar...

26.06.2024 [10:20]

Təhlükəsizlik Şurasından başlamalıdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, gündəmdədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini qaçılmaz edir.   

Bugünlərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən də TASS-ın sorğusuna cavab olaraq bildirilib ki, dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-də islahatlar həmişəkindən daha zəruridir: “Buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar. Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hər zamankından daha zəruridir”. “İslahat BMT-nin sülh və təhlükəsizlik məsələlərini həll edən əsas orqanı olan Təhlükəsizlik Şurasından başlamalıdır. Prezident Rəcəb Tayyib Ərdoğan həmişə bu mövzuda çıxış edərək dünyanın beşdən (BMT TŞ-nin daimi üzvləri - red.) daha böyük olduğunu vurğulayır” - deyə,  daimi nümayəndəlik bəyan edib. 

Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasının daimi üzvləri istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn tələbləri, obyektivlik, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra  münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt  Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. 

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. 

BMT-də islahatların zəruriliyini təşkilatın Baş katibi Antonio Quterreş də etiraf edib. O, ötən il G7 sammitində çıxış edərkən BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Baş katibin fikrincə, təşkilat artıq müasir reallıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib. 

BMT Təhlükəsizlik Şurasında necə dəyişiklik etmək olar və bu islahatlar nə vaxt aparılacaq? Məsələ ilə bağlı politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, BMT-də islahatlar kecikir, çünki dünyada nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Bu problemləri həll etmək üçün BMT-nin mövcud mexanizmləri işləmir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin işlənməsində,  konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının qarşısının alınması üçün çevik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal  təhlükəsizlik aspektləri və münaqişələrin  həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir.

Politloq qeyd edib ki, BMT-də islahatlar təşkilatın  Nizamnaməsinə dəyişikliklərin edilməsindən keçir: “Nizamnaməyə dəyişikliklər  BMT Baş Assambelyası tərəfindən qəbul olunur. Amma bunun üçün üçdə iki səs çoxluğu tələb edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, əgər Baş Assambleya Təhlükəsizlik Şurası və onun üzvləri ilə bağlı Nizamnaməyə dəyişikliklər edərsə, buna qurumun daimi üzvləri də səs verməlidir.  Əslində, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı hansısa dəyişiklik mümkün görünə bilər. Amma veto hüququndan istifadənin ləğv edilməsi real deyil. Çünki daimi üzv olan dövlətin özünə qarşı qərar qəbul edəcəyi inandırıcı görünmür. Bir sözlə, BMT-də islahatların aparılmasına başlıca maneə Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərdir. Onlar öz maraqları naminə mövcud durumun saxlanılmasına maraqlıdır. Bütün bunlara baxmayaraq, islahatlar labüddür”. 

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31