Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Həmin gecə bütün Azərbaycan ayağa qalxmışdı...Heydər Əliyevin bir çağırışı ilə

Həmin gecə bütün Azərbaycan ayağa qalxmışdı...Heydər Əliyevin bir çağırışı ilə

04.10.2024 [10:46]

İsa Qəmbər: Heydər Əliyev bizə dərs verdi

Qurban Məmmədov: Heydər Əliyev idarəçilik ensiklopediyasıdır

4 oktyabr 1994-cü il

Müqayisələr apardıqda Ulu Öndər Heydər Əliyevlə ayrı-ayrı liderlərin dövlət idarəçiliyinə yanaşmalarında bir fərq qırmızı xətt kimi diqqət çəkir. Dünya təcrübəsində onilliklər boyunca müxtəlif institutlar tərəfindən dövlət idarəçiliyi ilə bağlı fərqli nəzəriyyələr işlənib hazırlanıb. Liderlər də əksər hallarda öz fəaliyyətlərini həmin konseptual nəzəriyyələrə əsasən qururlar. Ulu Öndər Heydər Əliyevə gəldikdə isə, Onun idarəçilik fəlsəfəsinin mərkəzində xalqa xidmət və xalqa güvən formulunun dayandığını görürük. Bütün həyatı və fəaliyyəti boyu Azərbaycan naminə etdikləri təsdiqləyir ki, bu böyük şəxsiyyətin amalı xalqa, Vətənə sidq ürəklə xidmət göstərmək olub. Eyni zamanda, xalqa bəslənilən inam və xalqdan gələn dəstək Heydər Əliyev üçün müqayisəyəgəlməz enerji mənbəyi, kritik məqamlarda qəti qərarlar qəbul etmək üçün daxili güc amili idi.

4 oktyabra aparan yol

Söhbət 1993-cü ilin 3 oktyabrından 1994-cü ilin 4 oktyabrınadək olan birillik zaman kəsiyindən gedir. 1993-cü il 3 oktyabr tarixində Heydər Əliyev ilk dəfə müstəqil Azərbaycanın Prezidenti seçildi. 1994-cü il 4 oktyabr tarixində isə Ulu Öndər respublikamızda növbəti dövlət çevrilişinə cəhdin qarşısını aldı. Gənc müstəqil dövlətimiz üçün müstəsna önəm daşıyan hər iki tarixi hadisəni birləşdirən əsas məqam isə yenə də Heydər-Xalq, Xalq-Heydər vəhdətidir.

O dövrə qısa ekskurs edək. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. 1992-ci ilin yazında respublikamızda qanuni hakimiyyəti zorla devirərək iqtidara gələn AXCP-“Müsavat” cütlüyü cəmi bir il ərzində Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxartmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. Gəncədə ilk qardaş qanı axıdılmışdı. Belə çətin dönəmdə xalq üzünü Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə tutaraq Onun təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvəninin, inamının qırılmağını Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkiləri. Həmin gün insanlar səhər tezdən seçki məntəqələrinə, sözün əsil mənasında, axın etdilər. Bütün ölkə üzrə vətəndaşların yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 98 faizdən çoxu (98.84 faiz ) məhz Ulu Öndər Heydər Əliyevə verilmişdi. Bu, seçicilərin, xalqın Azərbaycanı idarə etməyə Heydər Əliyevdən başqa heç kimi layiq görmədiklərinin ifadəsi idi.

Seçicilərin mütləq əksəriyyətinin səsini qazanmaq müdrik dövlət xadimi olan Heydər Əliyev üçün yalnız bir lider xoşbəxtliyi deyildi. Ulu Öndər keçdiyi şərəfli həyat yolunda belə sevincli anları çox yaşamışdı. O, sevimli xalqının etimadını qazanmağı Özü üçün həqiqətən böyük xoşbəxtlik sanırdı. Ancaq xalqın inamı, dəstəyi onun üçün daha çox məsuliyyət demək idi. O, Özünə hesabat verirdi: Xalqdan ölkənin müstəqilliyini qorumağa, dövlət idarəçiliyini formalaşdırmağa, dağılmış iqtisadiyyatı bərpa etməyə, sərhədlərin müdafiəsini təşkil etməyə, ərazi bütövlüyünə nail olmağa, inteqrasiyanı sürətləndirməyə, cəmiyyətdə həmrəylik yaratmağa mandat almışam. Xalqın etimadını doğrultmaq, Azərbaycanı gözlənilən fəlakətlərdən qorumaq, bu yolda prinsipiallıq göstərmək lazımdır. Zaman məhdud, görüləsi işlər çox idi.

Şər qüvvələr tələsirdilər

Belə bədnam ssenarilərin həyata keçirilməsi Azərbaycanın yenidən xaosa, qeyri-müəyyənliyə yuvarlanması və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsi anlamına gəlirdi. Şər qüvvələr sanki tələsirdilər. “Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından dövlətə qarşı cinayətlərdə ittiham olunan bir neçə qatı cinayətkar qaçırıldı. Sentyabrın 29-da Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov namərdcəsinə qətlə yetirildilər. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin fəaliyyəti getdikcə qanunların çərçivəsini daha çox aşırdı. Bəhs oluan qətillərin isti izi ilə “OMON” kimi tanınan həmin dəstənin bir qrup üzvü baş prokurorluğun qərarı ilə həbsə alındı. Bundan sonra “OMON”-a faktiki rəhbərliyi həyata keçirənlər dövlətə qarşı çirkin niyyətlərini açıq müstəvidə sərgiləməyə başladılar. Pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş “OMON”-un 30-a qədər döyüşçüsü Respublika Prokurorluğuna hücum etdi. Əməliyyata başçılıq edən Mahir Cavadov həmkarlarına qarşı dözümsüzlük göstərərək vəzifə borcunu icra edən respublikanın baş prokurorunu vəhşicəsinə döydü, prokurorluğun binasını zəbt edərək dağıntılar törətdi. Daha sonra isə 40 nəfərlik dəstə ilə Daxili İşlər Nazirliyinə hücum olundu. Amma üsyançılar layiqli cavab alaraq geri çəkildi. Respublika Prokurorluğunun binası “OMON” tərəfindən mühasirəyə alındı. Oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam isə şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident Sarayına, Ali Sovetin və Müdafiə Nazirliyinin binalarına tuşlayıb əmrə müntəzir dayanmışdı. Aydın görünürdü ki, hadisələr eyni mərkəzdən sinxron qaydada idarə edilir.

Bir güllə belə atılmadan...

Bu cür taleyüklü məqamda hansı addımlar atılmalı idi? Sualın cavabı olaraq ilk ağla gələn versiya belə ola bilərdi: İğtişaş törədənlərin, dövlət orqanlarının fəaliyyətinə imkan verməyənlərin ram edilməsi üçün qanuni silahlı birləşmələrdən istifadə olunsun. Heydər Əliyev isə  Ona xas olan idarəçilik metoduna əl ataraq oktyabrın 4-də axşam saatlarında radio və televiziya vasitəsilə xalqa müraciət ünvanladı. Ulu Öndər öz müraciətində bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözlədiyini bildirdi və xalqı Prezident Aparatının qarşısına dəvət etdi. Çox keçmədi ki, Prezident Aparatının qarşısı insan selinə qərq oldu. Sosial mənşəyindən asılı olmayaraq insanlar bura gəlib Heydər Əliyevə dəstək verməyi özlərinə mənəvi borc sanırdılar. Həmin gecə bütün Azərbaycan Heydər Əliyevin çağırışı ilə ayağa qalxmışdı.

Ertəsi gün - oktyabrın 5-də daha böyük izdiham-təxminən bir milyon insan “Azadlıq” meydanına toplaşaraq respublikanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında Prezident Heydər Əliyevin yanında olduqlarını nümayiş etdirdi. Meydana toplaşanlar qarşısında çıxış edən Ulu Öndər baş verənləri müstəqilliyimizə qarşı qəsd kimi dəyərləndirərək dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.

Beləliklə, müdrik siyasətçi Heydər Əliyev dövlət çevrilişinin qarşısını məhz doğma xalqına güvənməklə aldı. Silahlar işə salınmadı, bir güllə belə atılmadı. Budur Liderin, Prezidentin xalqına güvəninin və Xalqın ona dəstəyinin nəticəsi! Dünya siyasi tarixi bundan öyrənməli və ibrət götürməlidir. Yeri gəlmişkən, o dövrdə sinələrinə döyüb özlərini “lider” sananlar Heydər Əliyevin müdrik gedişindən şoka düşdüklərini etiraf edirdilər. Zamanında Qurban Məmmədov Heydər Əliyevin idarəçilik ensiklopediyası olduğunu bildirirdi. Özünü ana müxalifətin öndəgedəni sayan İsa Qəmbər elə belə də deyirdi: “Heydər Əliyev bizə dərs verdi”. Heydər Əliyevdən əvvəl prezident vəzifəsini tutan Əbülfəz Elçibəy isə çiyindaşlarına gileylənirdi ki, lazım gələndə meydanlara heç 300 nəfər də toplaya bilmirlər.

Bütün bu kimi etiraflar nəyin əlamətidir? Onun əlamətidir ki, özlərini “lider”adlandıranlar vəzifəyə gəldikdən sonra xalqın etimadını doğrultmaq barədə düşünmürlər. Çox keçmir ki, onlarla xalq arasında keçilməz sədlər yaranır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31