Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət /  Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi

 Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi

21.06.2025 [10:27]

Kahramanmaraşda “Azərbaycan” məhəlləsi

Bu gün Azərbaycan-Türkiyə münasibətləri zirvədədir və çoxvektorlu səciyyə daşıyır. İki qardaş ölkənin iqtisadi, humanitar, enerji dialoqu, beynəlxalq diplomatiya sahəsində əlaqələri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dörd il bundan öncə imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib. Müttəfiqlik münasibətlərinin bərqərar olması hər iki ölkənin təhlükəsizliyinə ciddi təminatlar yaradır.

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin açılması isə liderlərin tədbirdə vurğuladıqları kimi, iki ölkənin qardaşlığının növbəti rəmzidir. “Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir”, - deyə Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bildirib.

Sınaqlarda bərkiyən qardaşlıq

Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri tarixi bağlara söykənir. Hər iki xalq ortaq mədəni irsi və mənəvi dəyərləri bölüşür. Əlamətdar haldır ki, bu gün Azərbaycanda və Türkiyədə həm dövlətlər səviyyəsində tarixi ənənələrin yaşadılmasına güclü siyasi iradə göstərilir, həm də cəmiyyətlərimizdə buna böyük istək var.

Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Qardaş xalqlar yalnız xoş günlərin sevincini bölüşmür, həm də dar gündə bir-birinə dayaq durur, ehtiyac yarananda köməyə tələsirlər. Buna aid həm tarixdən, həm də müasir dövrdən çoxlu nümunələr göstərmək mümkündür.  Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Vətən müharibəsində qardaş ölkənin Azərbaycana mənəvi-siyasi dəstəyini minnətdarlıq hissi ilə xatırlayaraq bildirib: “Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Azərbaycan indiyədək Ermənistanın qardaş ölkəyə qarşı irəli sürdüyü saxta soyqırımı və ərazi iddialarının beynəlxalq səviyyədə ifşa olunmasında mühüm rol oynayıb. 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevirilişinə cəhd göstərildi. Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.

2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentiri  Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Həmin faciə zamanı da Azərbaycan Türkiyəni tək buraxmadı. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır.

Yardıma birinci gələn, fəlakət bölgəsini sonuncu tərk edən ölkə...

Təbii fəlakətin miqyası kifayət qədər böyük oldu - dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirdi, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina dağıldı. Verilən məlumata görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Həmin o çətin günlərdə Azərbaycan da ciddi narahatlıq içində idi, bizim də qəlbimiz qardaş Türkiyə xalqı ilə bir döyünürdü. Prezident İlham Əliyev fevralın 6-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı. Bu mənəvi-siyasi dəstəklə yanaşı, Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə oldu. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü. Sonrakı dövrdə ilkin olaraq mobil səhra hospital, peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərildi. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, qızdırıcılar, habelə mobil səhra hospitalı üçün konteynerlər göndərildi.

Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola saldı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verdi. Deyə bilərik ki, Heydər Əliyev Fondunun çağırışı ilə bu kampaniyaya bütün Azərbaycan cəmiyyəti qoşuldu.

Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan FHN-nin xilasedicilərinin, Müdafiə Nazirliyinin Tibb Xidməti əməkdaşlarının və zəlzələdən sonra Türkiyəyə gedən gənc könüllülərin bir qismi “Yüksək Fədakarlıq Ordeni və Medalı” ilə təltif edilib. “Əlbəttə, əziz qardaşlar, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Kahramanmaraşda yaradılan qürur tablosu

Kahramanmaraşda Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Rəcəb Tayyib Ərdoğan çıxışında “Azərbaycan” məhəlləsini iki qardaş ölkənin  ən mötəbər layihələrimizdən biri, qürur tablomuz kimi səciyyələndirib. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrılıb və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda, ümumilikdə, 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Layihənin əlamətdar məqamlarından biri 2023-cü ilin aprelin 29-da keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi oldu. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldılar. Daha sonra, 2023-cü ilin sentyabrında Naxçıvanda iki ölkə arasında bu layihəyə dair Əməkdaşlıq Sazişi imzalandı. Nəticədə, 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutdu. Məktəb tədrisin və uşaqların fərdi inkişafının yüksək səviyyədə təşkili üçün bütün zəruri avadanlıq və tədris materialları ilə təmin edilib. Gələcəkdə “Azərbaycan” məhəlləsində həmçinin mədəniyyət mərkəzi inşa olunacaq. Tədbir çərçivəsində liderlər inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Əminliklə demək olar ki, bu layihə və göstərilən yardımlar təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə, Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunəyə çevrilib. Ölkələrimiz arasındakı münasibətlər təkcə diplomatik və strateji əməkdaşlıqla məhdudlaşmır, həm də xalqların könül birliyi, ortaq tarix və ortaq taleyə söykənən möhkəm qardaşlıq tellərinə əsaslanır. İki ölkənin birliyinin təməlində dayanan “Bir millət, iki dövlət” fəlsəfəsi illərdir həyata keçirilən uğurlu layihələr, ortaq təşəbbüslər və bir-birinə göstərilən dəstək vasitəsilə real məzmun qazanıb. Xüsusilə təbii fəlakətlər zamanı nümayiş etdirilən həmrəylik, ortaq iqtisadi və enerji layihələri, hərbi və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq, Türk dünyasında birliyin möhkəmləndirilməsində aparıcı rol bu münasibətlərin mahiyyətini daha da dərinləşdirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

14 iyul plenumu...

12 İyul 10:38  

Sosial

Siyasət

8-ci səfər...

12 İyul 09:55  

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

12 İyul 08:31  

YAP xəbərləri

Turizm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31